Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu

Üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və tələbi ilə üzüm bağlarının ümumi sahəsi xeyli genişlənmiş, üzüm istehsalının həcmi isə xeyli yüksəlmişdir. H.Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə Respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi, Respublika Nazirlər Sovetinin 12 avqust 1976–cı il tarixli, 269 saylı sərəncamı ilə Azərbaycan ET Üzümçülük və Şərabçılıq İnstitutu yaradılmışdır. İnstitut 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İnstitut Respublikada aparıcı elmi-tədqiqat müəssisələrindən biri olmaqla, fəaliyyəti dövründə üzümçülüyün və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsində böyük rol oynamışdır.

Ulu öndərimiz H.Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün hüquqi bazanın yaradılmasını zəruri hesab edərək, 29 yanvar 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır. Fərmanın qüvvəyə minməsindən sonra respublikada çoxsaylı özəl üzümçülük təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı. Ölkəmizdə indiki dövrdə geniş potensiala malik olan üzümçülük və şərabçılıq sahəsini daha da inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə Üzümçülük və Şərabçılıq ET İnstitutunun 8 şöbəsi(Üzümün emalı və şərabın texnologiyası şöbəsi, Üzümün aqrotexnikası şöbəsi, Ampeloqrafiya, seleksiya və tinglik şöbəsi, Üzümçülük və tingçilik şöbəsi ,İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi, Təsərrüfat şöbəsi, Hüquq , kadr və karguzarlığın təşkili şöbəsi, Maliyyə və mühasibat uçotu şöbəsi), 4 laboratoriyası (İnteqrir mübarizə texnologiyaları laboratoriyası, Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyası, Aqrokimya laboratoriyası, Üzümün saxlanması,qurudulması və təkrar emalı laboratoriyası) və Gəncə Təcrübə Stansiyası, Şamaxı Təcrübə Stansiyası və Cəlilabad Dayaq Məntəqəsi məşğul olur. İnstitutda tədqiqat işləri fundamental və tətbiqi istiqamətdə aparılır. Institutun əsas eksperimental təcrübə bazası olan Ampeloqrafik kolleksiya bağı (15 hek.), bundan başqa ölkənin müxtəlif aqroekoloji bölgələrində yerləşən 2 təcrübə stansiyası (Gəncə TS, Şamaxı TS) və 1 dayaq məntəqəsi (Cəlilabad DM), üzüm tingliyi və calaq üzüm əkin materialları üzrə 3 Üzüm Tingliyi Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi Məhdud Məhsuliyyətli Cəmiyət (Ağstafa ÜTDKTİM MMC, Şamaxı ÜTDKTİM MMC, Cəlilabad ÜTDKTİM MMC) fəaliyyət göstərir.

İnstitutun əməkdaşları apardıqları elmi-tədqiqat işlərinin nəticələri barədə Beynəlxalq və Respublika səviyyəli konfrans və simpoziumlarda məruzə edir, tədqiqat işlərinin nəticələrini yerli və xarici mətbuatlarda məqalə şəklində nəşr etdirirlər. İnstitut alimləri tərəfindən 700-dən çox elmi məqalə, dərs vəsaitləri, texnoloji təlimatlar və normativ materiallar toplusu, Azərbaycan, Rus və İngilis dillərində kitablar və broşüralar dərc etdirilmişdir.