Üzümün aqrotexnikası

Bütün sahələrdə olduğu kimi aqrar bölmədə də həyata keçirilən iqtisadi islahatlar kənd təsərrüfatı məhsullarının, o cümlədən üzümçülük və şərabçılıq məhsulları istehsalının artırılması və respublika əhalisinin ərzaq məhsullarına təlabatının təmin olması üçün real zəmin yaratmışdır.

Üzümçülük və şərabçılıq kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Bu sahədə istehsal olunan məhsullar rəngarəngliyi və geniş çeşidliyi ilə xarakterizə olunur. Üzümçülük qədim zamanlardan Azərbaycan xalqının həyatında və iqtisadiyyatında mühüm rol oynamış kənd təsərrrüfatı sahələrindən biridir.

Bu gün də ölkə iqtisadiyyatının inkişaf etdirilməsində üzümçülük və şərabçılıq prioritet sahələrdən birinə çevrilmişdir. Son illərdə respublikamızda üzümçülük və şərabçılığın inkişafına xüsusi diqqət yetirilir və bu sahənin inkişafı üçün mühüm dövlət qərarları qəbul olunur və tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə təsdiq edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul olunmuş və icra olunur. Üzümçülük və şərabçılıq sahəsində elmi təminatın gücləndirilməsi məqsədilə “yeni üzüm sortlarının yaradılması, aqrotexniki və aqrokimyəvi tədbirlər, xəstəlik və zərərvericilərə qarşı mübarizə sahəsində tədqiqatların aparılması”, o cümlədən 2020-ci ilə qədər respublikada 50 min hektar yeni üzümlüklərin salınması nəzərdə tutulur.

Üzümlüklərdə hər il həyata keçirilən aqrotexniki tədbirlər və əməliyyatlar üzüm sortlarının bioloji və bitkinin yetişdirildiyi yerin torpaq-iqlim şəraitinin xüsusiyyətinə əsaslanaraq aparılmalıdır. Tənəyin məhsuldarlığı bioloji xüsusiyyətləri ilə yanaşı müxtəlif amillərin (abiotik, biotik, antropogen) və tədbirlərin qarşılıqlı təsiri altında formalaşır və inkişaf edir.

Lakin yeni üzümlüklərin salınmasında, becərilməsində, ən əsası isə üzüm sortlarının seçilməsində bir sıra problemlər vardır. Bəzi üzüm sortlarının bioloji xüsusiyyətləri becərildiyi bölgənin torpaq-iqlim şəraiti ilə uzlaşmadığından və bütün sortlara aqrotexniki qulluq işləri şablon şəklində tətbiq olunduğundan təsərrüfatda qarşıya qoyulan məqsədə çatmaq xeyli çətinləşir. Sortun becərildiyi şəraitdə düzgün aqrotexniki becərmə texnologiyasını müəyyən etmədən bol və keyfiyyətli məhsul əldə etmək mümkün deyil. Yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz, dünya standartlarına cavab verən, bazar rəqabətinə davam gətirən üzümçülük və şərabçılıq məhsullarının istehsalının artırılması hal-hazırda respublikada aktual problemlərdən biridir. Tələb olunan məhsulların əldə olunması və istehsalı ilk növbədə üzümçülük sahəsində düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsindən və yeni texnologiyaların tədbiqindən əhəmiyyətli dərəcədə asılıdır.

Respublikamızın torpaq-iqlim şəraiti üzüm bitkisi üçün olduqca əlverişlidir və bütün üzüm sortları hər bir bölgəmizdə uğurla becərilə bilər. Ancaq onların becərilməsində və emalındakı incəliklərin tutulması başlıca şərt sayılmalıdır. Üzümlükdə aqrotexniki tədbirlərin faydalılığı eyni zamanda torpaq-iqlim şəraiti ilə də müəyyən edilir. Bir vaxtlar üzüm sortlarının rayonlaşdırılması məsələsi Dövlət tədbiri kimi qiymətləndirilirdi. Rayonlaşdırılmış sortlar haqqında üzümçülərimiz müəyyən bilik və təcrübəyə malikdirlər. Ancaq indi xaricdən gətirilən çoxsaylı üzüm sortlarının hansının hansı bölgədə fayda verəcəyi haqqında üzümçülərdə informasiya azdır.

Bu baxımdan respublikanın üzümçülük bölgələrinin torpaq-iqlim şəraitində qiymətli yerli və gətirilmə üzüm sortlarının morfoloji, bioloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinin öyrənilməsi və sortun bioloji və bölgənin ekoloji xüsusiyyətlərinə əsaslanan becərmə texnologiyasının elmi əsaslarla öyrənərək müəyyən edilməsi aktual nəzəri və təcrübi problemlərdən sayılır.

Üzümün müxtəlif vegetasiya dövrlərində aparılan aqrotexniki tədbirlər

Üzümçülüklə məşğul olan fermer və mütəxəssislərin becərdikləri üzüm sortlarının fenologiyasını bilmələri məsləhətdir. Çünki üzüm sortlarının hər bir dövrünün özünəməxsusluğu mövcuddur və hər bir fenofaza üçün fərqli aqrotexniki becərmə, mühafizə və s. tədbirlərin həyata keçirilməsi tələb olunur.

Kənd təsərrüfatı bitkilərindən hər il sabit məhsulun alınmasında sort, ekoloji şərait və bitkilərin yetişdirilmə texnologiyası əsas şərtlərdəndir. Bu amillər üzüm bitkisindən alınan son məhsulların (şərab, şirə, süfrə üzümü, mövüс, kişmiş və s.) keyfiyyətinin formalaşmasına birbaşa təsir edir.

Bitkilər aləminin hər bir müasir nümayəndəsi, o сümlədən üzüm bitkisi, təkamül prosesinin məhsuludur. Mədəni halda yetişdirilən bitkilər, o сümlədən üzüm sortlarının da bu günkü təkamül səviyyəsinə çatan və saxlanılan formaları, təbii və süni seçmənin nətiсəsində ətraf mühitin ekstremal amillərinin təsirindən uğurla çıxan və insanların təsərrüfat maraqlarına сavab verən nümayəndələridir.

Bitkilərin ontogenezi, yəni böyük həyat tsikli onların hər il təkrarlanan qısa illik həyat tsikli ilə gerçəkləşir. Yer kürəsinin subtropik və mülayim iqlimə malik qurşaqlarında üzümün də illik tsikli nisbi sükunət və vegetasiya dövrlərinə bölünür.

Vegetasiya dövründə tənəkdə həyat üçün vacib olan proseslər - böyümə, inkişaf, məhsulvermə və s. baş verir. Bu dövr üzüm tənəklərində yazda şirə hərəkəti ilə başlayır, sonra tumurcuqların açılması, zogların inkişafı, yarpaq, çiçəklərin əmələ gəlməsi, çiçəkləmə, tumurcuqların formalaşması, gilələrin inkişafı və böyüməsi, zoğların yetişməsi, böyümənin dayanması və xəzanlama kimi proseslər baş verir. Ümumiyyətlə, vegetasiya dövründə müşahidə olunan proseslər yeni keyfiyyət vəziyyətlərinə keçmələri ilə əlaqədar olaraq əsasən 6 fenofazaya - şirə hərəkəti, tumurcuqların açılması (zoğların və çiçəyin böyüməsi), çiçəyin əmələ gəlməsi və böyüməsi, çiçəkləmə, zoğların yetişməsi və xəzanlamayaayrılır.

Belə bir bölgü üzüm bitkisinə vegetasiya və nisbi sukünət dövründə hər bir inkişaf mərhələsinə uyğun müxtələf aqrotexniki tədbirlərin həyata keçməsinə imkan verir. Üzümdə ayrı-ayrı fenofazaların başlanması, davam etməsi və inkişafı torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətindən, yerin topoqrafik və tənəyin vəziyyətindən, xüsusilə də ilin hava şəraitindən asılı baş verir.

Tənək uzunömürlü bitkidir (60-80 il və daha çox). Əkilmiş tingdən kol əmələ gələrək hər il məhsul verir, qocalır və məhv olur. Böyümə şəraitindən, sortun bioloji xüsusiyyətindən, tətbiq olunan aqrotexnikadan asılı olaraq, üzümlükdə tənək öz ömrünü çox və az müddətdə böyümə və məhsul verməklə, qısa və uzunmüddətli olmaqla başa vurur. İllik inkişaf mərhələlərini keçirən zaman il boyu kompleks şəraitlə əlaqədar olaraq bir çox proseslər keçir.

Tənəyin kökü nə qədər güclü inkişaf edərsə, onun məhsuldarlığı və ömrü o qədər çox olar. Zəif vegetasiyaya malik olan tənək böyümə və məhsulvermə dövrünü tez başlayır və tezliklə də ömrünü başa vurur. Buna görə üzümlüklərdə güclü və gümrah tənək kolları becərilməsi günün tələbinə cavab verə bilər. Yalnız belə kollar hər il çox və yüksəkkeyfiyyətli məhsul verir. Bəzən həddən artıq güclü inkişaf etmiş tənək kollarının məhsulu ya az olur, ya da heç məhsul vermir. Bunun səbəbi aqrotexnikanın düzgün tətbiq olunmamasıdır. Onun qarşısını almaq üçün güclü inkişaf etmiş kollara münasib forma verilməlidir. Belə ki, bar barmaqları uzun kəsilməli və onların sayı kola müvafiq qaydada nizamlanmalıdır.

Nisbi sükunət dövrü. Nisbi sükunət dövrü təxminən 4-5 aya qədər davam edib, tənəkdə passiv surətdə olsa da bəzi morfoloji və fizioloji proseslər baş verir. Mövsümün qalan vaxtını isə vegetasiya dövrü təşkil edir ki, bu dövr tənəkdə şirə hərəkətinin başlanmasından yarpaqların tökülməsinə qədər olan dövrü əhatə edib, şirə hərəkəti tumurсuqların açılması, zoğların və çiçəklərin böyüməsi, çiçəkləmə, gilələrin əmələ gəlməsi və iriləşməsi, gilələrin yetişməsi, xəzanlama kimi həyatı proseslərdən ibarətdir.

Mötədil isti iqlimi olan zonalarda bu dövr təxminən payızın birinci yarısında başlanır və bir sıra əlamətlərlə xarakterizə olunur (R.Məmmədov, C.Süleymanov, 1978).

Belə ki, zoğun yetişməsi qurtarır və onlar sorta məxsus rəng alır. Yarpaqlar payız rəngi alır və tökülür, yarpağın zoğdan ayrılan yerində boz rəngli mantar əmələ gəlir, bəzən ilk payız şaxtaları yarpaq yetişməmiş tənəyi vurur və mantar təbəqəsi əmələ gəlmədən yarpaq tökülür. Belə halda yarpaq saplağının zoğa birləşdiyi yerdə bozumtul-yaşıl təbəqələr əmələ gəlir. Zoğun içərisində özəyin bir neçə hüceyrə qatı oduncağın sərhədində bütün zoğ boyunca mantarlaşır və beləliklə, canlı toxumaları içəri tərəfdən mühafizə edir. Tənəyin çoxillik (qol və ştamb) hissələri də oduncuqlaşır və təzə qabıqdan ayrılan yeni mantar təbəqəsi ilə örtülür.

Köklərin uclarındakı böyümə dayanır və kök üsküyünə qədər mantar qatı əmələ gəlir. Köklərin ucu örtücü zonaya çevrilir və qonur rəng alır. Tənəyin əsas qidalandırıcı köklərinin bir hissəsi məhv olur.Kök sistemində fizioloji sükunətlik baş vermir.Torpağın temperaturu və nəmliyi tənək üçün əlverişli olduqda onun bütün kökləri bütün qış dövrü torpaqdan rütubət alıb, kolun yeraltı və yerüstü hissələrindən buraxılan suyu təmin edir.

Beləliklə, zoğun bütün canlı hissəsi oduncaqlaşma prosesindən sonra, hər tərəfdən mantar təbəqəsi ilə örtülür. Bunun nəticəsində əlverişsiz qış şəraitindən mühafizə olunur və buxarlanma azalır. Tənəyin qışda sükunətə keçmə dövrü aşağıdakı şərtlərə əsasən təyin olunur. Bu dövr sortdan, ərazinin təbii və ilin iqlim şəraitindən xeyli asılıdır. O, əsasən inkişaf mərhələsinə keçid zamanı fizioloji proseslərin ritmi ilə təyin olunur.

Nisbi sükunətlik dövründə tənəkdə aşağıdakı morfoloji və fizioloji xüsusiyyətlər qeyd olunmuşdur:

Tənəyin cavan hissələrində olan qida maddələri yaşlı hissələrə- çoxillik qollara, yerüstü və yeraltı ştamba axır, sadə maddələr mürəkkəb maddələrə (şəkərlər nişastaya) çevrilir. Tənəyin sükunət dövründə onda mürəkkəb fizioloji proseslər- nişastanın, hemosellülozanın və karbohidratların hidrolizi, transpirasiya, tənəffüs və s. getdiyi üçün nisbi hesab edilir. Bunlardan başqa zoğlarda “gizli” yetişmə, xüsusilə tumurcuqlarda embrional inkişaf tamamlanır. İ.N.Kondoya görə, qışlayan tumurcuqlarda ən uzun sükunətlik Bolqar, Senso, Rkasiteli, Kaberne Sovinyonda, qısa sükunətlik isə Hüseyni, Ağ kişmişi, Fetyaska, Aliqote və s. sortlarda olur. Müxtəlif sortdan asılı olaraq fizioloji sükunət 60-75 gün davam edir.

Gözcüklərin şişməsi müxtəlif tumurcuqların və gözcüklərin ətrafındakı toxumaların hüceyrələrinin böyüməsi və eyni zamanda tənəffüsün güclənməsi ilə başlayır. Tumurcuqlara suyun axımı onların həyat fəaliyyətini yüksəldir. Bu müddətdə tumurcuqlarda boy stimulyatorlarının miqdarı, fermentlərin və hormonların fəallığı artır və tənəkdə susuzluq əmələ gəlir.

Payızda və qışda az rütubətli havada zoğların su udmasını müşahidə etmək olar. Bu, zoğdaxili toxumaların və əsasən qolların oduncaq borularının yaratdığı əks təzyiq nəticəsində baş verir. Yay fəslinin sonunda tənəyin transpirasiyaya sərf etdiyi suyun miqdarı onun torpaqdan aldığı suyun miqdarından çox olur və beləliklə də, əks təzyiq yaranır.

Tənəyin nisbi sükunət dövründə aşağıdakı aqrotexniki tədbirlər tətbiq edilməlidir (R.Məmmədov, C.Süleymanov, 1978).

  1. Suvarılan rayonlarda məhsul yığımından sonra sahə 1-ci, sahə şumlanandan sonra 2-ci (dondurma suyu), tənəkdə budama apardıqdan sonra isə 3-cü dəfə suvarılmalıdır. Dəmyə rayonlarda qışda tənəyin ətrafına qar toplamaq, qaysağı yumşaltmaq və s.
  2. Əsas və əlavə arxların təmiri və təmizlənməsi.
  3. Şpalerin təmiri.
  4. Üzümlüklərin təmiri (seyrəkliklərin aradan qaldırılması).
  5. Gübrə verilməsi.
  6. Torpağın (cərgəaralarının) şumlanması, bitki aralarının bellənməsi.
  7. Tənəyin quru budanması (Torpaq-iqlim şəraitindən asılı olaraq tənəyin kəsilməsi həmin dövrün müxtəlif vaxtlarında aparılır).
  8. Əkin materialının tədarükü.
  9. 150C-dən yuxarı şaxta olan rayonlarda tənəyin basdırılması və açılması.
  10. Xəstəlik və zərərvericilərə qarşı profilaktik tədbirlər.

Vegetasiya dövrü. Bu dövr şərti olaraq 6 vegetativ fazaya bölünür:

  • Şirə hərəkətindən (tənəyin ağlaması) tumurcuqların açılmasına qədər; 2) tumurcuqların açılmasından çiçəkləməyə qədər; 3) çiçəkləmə; 4) qoranın əmələ gəlməsindən onların yetişməyə başlamasına qədər; 5) gilələrin yetişməsi başlayandan onların tam (fizioloji) yetişməsinə qədər; 6) gilələrin tam yetişməsindən yarpaqların tökülməsinə qədər.

Birinci faza. Şirə hərəkətinin başlanması üzümün kök sisteminin fəaliyyətindən, ətraf mühit amillərindən, xüsusilə də havanın və torpağın temperaturundan və s. amillərdən əhəmiyyətli dərəсədə asılıdır. Şirə hərəkətinin başlanması dövründə havanın temperaturun aşağı olması bu fazanın gedişini ləngidir. Şirə hərəkəti fazası üzüm bitkisinin generativ orqanlarının formalaşmasında ən vaсib dövrlərdən biridir. Bu dövrdə tumurсuqların inkişafı ilə yanaşı çiçəklərin differensasiyası prosesi yenidən bərpa edilir. Bu müddətdə havanın əlverişsiz keçməsi çiçək elementlərinin reduksiyasına səbəb olan və çiçəklər bığсıqlara çevrilən aralıq formaya yaxud da tamamilə bığсıqlara çevrilir.

Bu faza tənəkdə yazda güclü şirə hərəkəti ilə başlayır. Kök sisteminin suyu sürətlə udması nəticəsində su gövdənin və zoğların ksilema boruları vasitəsilə hərəkət edir və tənəyin uc kəsiyindən, habelə sınmış və zədələnmiş yerlərindən axmağa başlayır. Şirə axını təzə zədə yerlərindən daha tez görünür, ona görə də bu fazanın başlanğıcını qeyd etmək lazım gəldikdə müşahidə aparmaq üçün seçilmiş tənəkləri hər dəfə müayinə etdikdə zədə təzələnməlidir. Meteoroloji şəraitdən və sortdan asılı olaraq ağlama fazasında normal bir tənək 1,5-5 l şirə ifraz edir.

Normal inkişaf etmiş tənəyin kök sistemi 1,5 və daha çox atmosfer təzyiq yarada bilir. Tənəkdən şirə elə sürətlə ifraz edilir ki, hətta onu adi lupa ilə görmək olar. Son zamanlarda müəyyən olmuşdur ki, tənəklərdə suyun və qida maddələrin hərəkət sürəti müxtəlif və çox böyükdür. Belə ki, assimilyatlar köklərə saatda 0,7-1,5 m sürətlə hərəkət edir. Mineral maddələr yuxarı saatda 2-4 m sürətlə qalxır. Su isə saatda 14 m sürətlə hərəkət edir. Köklərdə mineral birləşmələr üzvi formaya keçmə mərhələsinə qədər reduksiya olunur. Şirənin hərəkətini kök hüceyrələrinin aktiv fəaliyyəti əmələ gətirir. Kökün həyat fəaliyyəti uducu zonada əmici tellərin əmələ gəlməsi ilə başlayır (R.Məmmədov, C.Süleymanov, 1978).

Şirənin hərəkəti əsasən kök sisteminin həyat fəaliyyətindən və kompleks mühit şəraitindən asılıdır. Erkən yazda temperaturun azlığından şirənin hərəkəti ləngiyir.

Müəyyən edilmişdir ki, torpağın temperaturu tənəklərdə şirə hərəkətinin başlanmasına böyük təsir edir. Belə ki, əgər tənəkdə sürətlə ağlama getdiyi vaxt bərk yaz şaxtası olarsa, onda tənəyin uc hissəsində buz bağlayır. Bu, yer səthində temperaturun sıfır dərəcə olmasına baxmayaraq başlanmış şirə hərəkətinin davam etdiyini göstərir. Torpağın üst qatında temperatur aşağı qatlara nisbətən yüksək olduğundan kökləri torpağın üst səthinə yaxın yerləşən sortlarda ağlama tez başlayır. Tez qızan torpaqlarda (məsələn, qumlu), o cümlədən isti torpaqların cənub yamaclarında ağlama hətta yanvar ayında başlayır.

Üzüm sortlarında şirə hərəkəti 8-9°С temperaturda başlayır. Üzümün kök sisteminin əsas hissəsi yerləşən təbəqədə (50 sm dərinlikdə) torpağın temperaturu 7-10°С-yə çatdıqda şirə hərəkəti sürətlə gedir. Sortlarda şirə hərəkətinin başlanması daxil olduğu növün xüsusiyyətlərindən də asılıdır. Şirə hərəkətindən tumurсuqların açılmasına qədər olan müddətdə orta temperatur 8°С olarsa, bu faza 43 gün davam edir. Əgər havanın orta temperaturu 1°С yüksələrsə, bu müddətdə təxminən 4 günə qədər qısalma müşahidə edilir.

Ağlamanın dinamikasını öyrənərək (axan şirənin miqdarını ölçmə yolu ilə) məlum olmuşdur ki, başlanğıcda şirə zəif, sonra sürətlə axır və nəhayət kəskin surətdə azalır.

Fazanın axırına yaxın şirə axımının azalması, yarpaq səthinin əmələ gəlməsilə əlaqədar olaraq yüksəlməsi transpirasiyanın sürətlənməsi ilə izah olunur. Quraqlıq illərdə şirə axımı çox az olur, bəzən heç olmur.

Bütün bunlardan başqa, əgər tənək şirə hərəkəti dövründə budanarsa, onda şirə daha çox axar.

Tənəyin ağlama dövründə plastik maddələr köklərdən gövdəyə, zoğlara və nəhayət tumurcuqlara gedir.

Bu fazanın axırına yaxın tənəkdə həyat fəaliyyəti o qədər sürətlənir ki, birillik zoğlar və iki-üçillik orqanlar müəyyən dərəcədə şaxtaya qarşı davamlılığını itirir. Bu vaxt tənək elastik olduğundan quru bağlama və basmalar asan olur. Fazanın axırına yaxın gözcüklər şişir və şaxtaya qarşı davamlılığını tədricən daha çox itirir.

Birinci faza gözcüklər açana qədər davam edir. Bu fazanın davametmə müddəti havanın temperaturundan xeyli dərəcədə asılıdır. Torpaq nə qədər tez qızarsa və gözcüklər açılmağa nə qədər tez başlayarsa, faza bir o qədər də uzunmüddətli olar.

Buradan aydın olur ki, ağlamanın müddəti nəinki müxtəlif rayonlarda və eyni yerdə müxtəlif illərdə belə dəyişir.

Tənəyin yazda kəsilməsi tumurcuğun açılmasını 6-12 gün ləngidir. Bu ləngimə yazda baş verən şaxtalardan tənəyi müdafiə edir. Ona görə də qış çox soyuq olan yerlərdə tənəyi ancaq yazda kəsmək lazımdır.

Birinci fazada aşağıdakı aqrotexniki tədbirlər tətbiq edilməlidir.

  • üzvi və mineral gübrələrin verilməsi (əgər payızda şum altına verilməyibsə);
  • cərgəaralarının işlənməsi, yaxud şumlanması (18-20 sm dərinlikdə);
  • tənəkdə quru budamanın başa çatdırılması;
  • quru bağlama;
  • torpağın yumşaldılması və şeh toplayan köklərin vurulması (əgər bu iş payızda görülməyibsə).

İkinci faza. Bu faza gözcüklərin açılması ilə başlayır. Əvvəlcə gözcüklər ölçü etibarilə tədricən böyüyür (şişir), pulcuq aralanır və böyüməkdə olan sıx sarı, yaxud qəhvəyi rəngli tükcüklərlə örtülü zoğ yarımkürə şəklində görünməyə başlayır, sonra isə sıx tükcük pərdəsini yarır və çılpaq halda çıxır, elə bu vaxtdan da gözcüklərin açılmasının başlanğıcı hasablanır ki, bu da tənəyin həyatında həlledici dövrlərdən biri hesab olunur. Çünki həmin vaxtda çiçək qrupunun differensiasiyası və qönçələrin sürətlə əmələ gəlməsi prosesi gedir. Bu dövrdə tənəyin inkişafı üçün daha yaxşı şərait olmalıdır.

Gözcüklərin açılma vaxtı ilin iqlim şəraitindən və sortdan, eləcə də koldan və gözcükdən asılıdır.

Gözcüklərin şişməyə başlaması tumurcuq hüceyrələrinin və ona yaxın toxumların hüceyrələrinin şişməsi ilə izah olunur. Bu an tumurcuqda tənəffüsün güclənməsi ilə xarakterzə olunur. Gözcüklərdə karbohidratların çoxluğu onların açılmasını bir qədər ləngidir, suyun çoxluğu isə onların inkişafını sürətləndirir.

Açılma bir də gözcüklərdə tumurcuğun embrional inkişafından asılıdır. Embrional inkişaf nə qədər güclü olarsa gözcük, bir o qədər tez açar. Ehtiyat tumurcuqlar, adətən, açılmada ləngiyir, yatmış tumurcuqlar isə çox gec açır, yaxud da vegetasiya müddətində açılmır.

Şaxta təhlükəsi olan yerlərdə gözcüklərin gec açılmasının böyük əhəmiyyəti vardır. Qışda tənəyin dibinə qar yığmaqla, onun bütün gövdəsini ağartmaqla və budamanı gecikdirməklə və s. tədbirlərlə gözcüklərin açılmasını ləngitmək olar.

Bu mərhələdə tənəkdə böyük morfoloji və fizioloji dəyişikliklər gedir. Tumurcuqlar açıldıqdan sonra onlardan zoğlar inkişaf edir və zoğların, yarpaqların, çiçək topalarının, bığcıqların və biclərin güclü surətdə böyüməsi müşahidə olunur. Zoğların böyüməsinin sutkalıq artımı fazanın axırında maksimuma 6-8 sm və bəzən isə 10 sm-ə qədər çatır.

Zoğ və onun hissələrinin böyüməsinə kompleks amillər- temperatur, rütubət, mineral qida maddələri, kök sistemindən daxil olan su və s. təsir edir.

Bitki köklərdə və zoğlarda olan ehtiyat qida maddələrinin hesabına bütün orqanlarını əmələ gətirir və bu maddələrə ehtiyac hiss edir.

İkinci fazanın başlanğıcına yaxın köklər öz böyümə dövrünə başlayır, uzun köklərin ucunda uducu zona əmələ gəlir və çox kiçik kökcüklər budaqlanır. Bunların sayı fazanın axırına yaxın daha çox artır.

İkinci faza dövründə aqrotexnika üçün vacib olan aşağıdakı bioloji mərhələləri qeyd etmək olar.

Birinci çiçək topasının görünməsi haramı zoğların vurulmasının başlanğıcını göstərir. Əgər çiçək topası əvəzinə bığcıq çıxarsa, bu onu göstərir ki, həmin zoğ məhsulsuz olacaq.

Zoğların 45-55 sm-ə çatması birinci yaşıl bağlamanın vaxtını müəyyən edir.

Tumurсuqlar açıldıqdan sonra zoğların böyüməsi, inkişafı prosesi gedir, zoğların uzunluğu 22-32 sm-ə çatdıqda çiçək salxımları aydın görünməyə başlayır. Tumurсuqların açılmasından çiçəkləmənin başlamasına qədər olan dövrdə tənəklərdə vaсib fizioloji, orqanogenetik proseslər getdiyindən bir sıra vaсib aqrotexniki qulluq işləri vaxtı-vaxtında və optimal şəkildə həyata keçirilməlidir. Bu dövrdə məhsuldarlığın formalaşmasına müsbət təsir göstərmək olar. Bu zaman tənəklər məhsulsuz və haramı zoğlardan təmizlənməli və tənəyə optimal yük verilməlidir. Ona görə də bu dövrdə, cərgəaralarında iki dəfə kultivasiya və kətmənləmə aparılmalıdır. Haramı zöğlar iki dəfə vurulur. Birinci dəfə vurulma ştambda və çoxillik qollarda (haramıların uzunluğu 5-7 sm-ə çatdıqda), ikinci dəfə isə məhsullu və məhsulsuz zoğlar seçildikdə aparılır. Çiçəkləməyə 10-12 gün qalmış əlavə gübrə verilməlidir. Çiçəkləmənin başlanğıcında zoğların ucları qoparılmalıdır.

Üzümlüklərdə kolların gümrahlığından asılı olaraq iki dəfəyə qədər yaşıl bağlama, mildiu və oidium xəstəliklərinə qarşı mübarizə aparılmalıdır.

Tənəklərdə vertikal inkişaf edən və ölçüsü 35-50 sm-ə çatan zoğların məftillərə ilk bağlanması həyata keçirilməlidir. Tənəklərdə vegetativ kütlənin artması səbəbilə xəstəlik və zərərveriсilərin inkişafının qarşısının alınması məqsədilə ilk profilaktiki tədbirlər görülməlidir. Çiçəkləməyə 10-12 gün qalmış bitkilərə əlavə gübrələr verilməsi, çiçəkləmənin başlanğıсından isə zoğların uсları vurulmalıdır.

Tumurсuqların açılmasından çiçəkləmənin başlanmasına qədər olan müddət üzüm bitkisinin illik bioloji tsiklinin aktiv həyat funksiyası üzrə ən gərgin və vaсib dövrüdür. Bu müddətdə tənəklərdə vegetativ orqanların 60%-ə qədəri artıq formalaşır, zoğlar, bığсıqlar, yarpaqlar, çiçək salxımları inkişaf edir, çiçək salxımlarının və çiçəklərin postembrional inkişafı tamamlanır, çiçəklərdə mikro- və makrosporogenez prosesi sürətlə gedir.

İkinci faza çiçəklənməyə qədər, yəni təxminən may ayının sonu və iyun ayının əvvələrinə qədər davam edir.

Üçüncü faza. Bu faza çiçəklənmənin əvvəlindən gilələrin əmələ gəlməsinə qədər olan dövrü əhatə edir və çiçək salxımlarında çiçək tacları tökülən vaxtdan qeyd edilir.

Bu və ya digər sortun çiçəkləməyə başlaması gözcüklərin açılması ilə sıx əlaqədardır, belə ki, gözcüklər nə qədər tez açılarsa, çiçəkləmə də bir o qədər tez başlayır. Çiçəkləmənin başlanması əsasən havanın temperaturu ilə əlaqədardır. Belə ki, gözcüklərin açılmasından çiçəkləməyə qədər fəal temperaturun miqdarı təxminən 380°C-yə qədər olmalıdır. Adi halda bu çiçəkləmənin başlanğıcını təyin edir. Məsələn, basmalarda olan çiçək topaları torpağa yaxın olduğundan istiliyi çox alır və tez çiçəkləyir. Cənub yamaclarda və isti torpaqlarda çiçəkləmə tez başlayır, intensiv gedir və qısa müddətdə qurtarır.

Çiçəkləmənin dinamikası ətraflı öyrənilmişdir. Əlverişli şəraitdə kollar yaxşı çiçəkləyir: əvvəlcə ayrı-ayrı kollar və onların üzərində tək-tək çiçək topaları açılır, sonra üç-dörd günün ərzində çiçəkləmənin miqdarı 15-20%-ə çatır, bundan sonra 2-3 gün çiçəkləmə sürətlə gedir və ümumi çiçəkləmənin 60-75%-i başa çatır. Çiçəkləmənin qalan hissəsi isə tədricən və uzun müddət davam edir. Ümumiyyətlə, üzümlükdə bir sortun çiçəkləyib qurtarması şəraitin əlverişli olub-olmadığından asılı olaraq 8-14 günə qədər çəkir. Müxtəlif sort, torpaq-iqlim şəraitində çiçəkləmə 12-22 günə qədər davam edir. Çiçəkləmə səhər saat 11-də əsasən qurtarmış olur. Bir çiçək topasında çiçəkləmənin dinamikasını öyrənərək məlum olmuşdur ki, bir çiçək topasında çiçəkləmənin gedişi, ayrı-ayrı kolların və bütün üzümlüyün çiçəkləməsinin gedişinə uyğundur. Bir çiçək topası orta hesabla təxminən 4-9 günədək çiçəkləyib qurtarır. Çoxillik müşahidələr göstərir ki, qönçələrin miqdarı çox olan çiçək topası, qönçələrin miqdarı az olan çiçək topalarına nisbətən tez çiçəkləyir. Bunun əksinə olaraq çiçəkləməyə gec başlayan çiçək topalarında çiçəkləmə sürətlə və qısa müddətə gedir. Məsələn, çiçəkləməyə tez başlayan çiçək topalarında çiçəkləmə müddəti 9 gün davam edərsə, ondan 6 gün gec başlayanda bu müddət 4-5 gün çəkir. Bir çiçək topasında günün saatları üzrə çiçəkləmə dinamikası ümumi gedişdə olur, lakin aşağıdakı xüsusiyyətlərlə fərqlənir. Çiçəkləmə səhər saat 6-7-də ayrı-ayrı qönçələrin açılması ilə başlayır. Saat 9-a yaxın qönçələrin sayı sürətlə artır və saat 11-ə yaxın kəskin sürətdə azalır, bundan sonra çiçəkləmə tədricən sonrakı günə qədər dayanır. Sabahısı gün çiçəkləmə bir qədər tez başlayır, çiçəklərin sayı sürətlə çoxalır və maksimum çiçəkləmə vaxtı tez çatır, ancaq çiçəkləmə tempi tədricən azalır. Ona görə də çiçəkləmə vaxtı uzanır (R.Məmmədov, C.Süleymanov, 1978).

Kompleks xarici şərait kütləvi çiçəkləməyə və mayalanma prosesinə xeyli təsir göstərir.

Çiçəkləmə mülayim-isti iqlim şəraitində iyunun birinci ongünlüyündə orta temperatur 17-18°C olan dövrdə normal gedir. Çiçəkləmə üçün ən yaxşı temperatur 25-35°C-dir, bu temperaturda çiçəkləmə və mayalanma tez gedir və gilələr yaxşı inkişaf edir. Əgər çiçəkləmə dövründə havanın orta gündəlik temperaturu 10-13°С olarsa tozсuqlar böyümür, 15-16°С olduqda isə çiçəklərdə tozlanma getsə də, mayalanma prosesi zəif baş verir. Bunun nətiсəsində isə tənəklərdə çiçəklər həddən artıq tökülür, əksər gilələr partenokarpiya yolu ilə inkişaf etdiyinə görə meyurlaşmış vəziyyətdə qalır. Çiçəkləməyə təsir göstərən digər amil torpağın rütubətlilik dərəсəsidir. Torpağın rütubətlilik dərəсəsi 80-85% olduqda çiçəkləmə normal gedir. Çiçəkləmənin ilkin dövrü 5%, kütləvi çiçəkləmə zamanı 60-70%, sonunda isə 25-30% qönçələr açılır.

Torpağın və havanın yüksək dərəcəli rütubətliyi nəticəsində dişiciyin ağızcığındakı maye yuyulur və tozcuq yaxşı yapışa bilmir. Belə hallar bəzi oranjereya mühitində baş verir. Güclü külək əsəndə isə dişiciyin ağızcığı quruyur və erkəkcik tozcuğun çüçərməsinə maneçilk törədir.

Çiçəkləmə vaxtı yağan yağış əgər aşağı temperaturda baş verərsə, onda dişi tipli çiçəklərin çarpaz tozlanmasına maneçilik törədir.

Çiçəklər açandan sonra erkəkciyin tozcuqları uzun müddət həyat fəaliyyətini saxlaya bilmir, çünki çiçək açandan sonra tozcuqların fertillik qabiliyyəti güclü surətdə azalır. Dişiciyin tozcuğu qəbuletmə müddəti 4-6 gündür. Mayalanma əlverişli şəraitdə bir sutkaya qədər davam edir. Mayalanma getdikdən sonra dişiciyin ağzı qonur rəng alır. Belə ki, kütləvi çiçəkləmədən bir gün sonra əksər çiçəklərin dişicikləri qonurlaşır. Əgər mayalanma getməyibsə və hava adi nəmlikdədirsə, onda dişiciyin ağızcığında su (şirə) damcısı görünür, bu isə mayalanmanın getmədiyinə sübutdur.

Üçüncü fazada zoğların böyümə sürəti maksimuma çatır və azalmağa başlayır, lakin zoğların, yarpaqların və biclərin gündəlik artımı hələ davam edir.

Abşeron şəraitində yerli üzüm sortlarının çiçəkləmə xüsusiyyətləri öyrənilərkən təyin edilmişdir ki, əksər üzüm sortlarının tənəklərindəki zoğlarda əsasən 12-ci buğum əmələ gəldikdən sonra çiçəkləmə başlayır. Bəzi sortlarda isə zoğların sayı 13, yaxud 14 olduqda çiçəkləmə başlamışdır.

Bu dövrdə tənəkdə yarpaq əmələ gəlmədiyindən, fotosintez prosesinin fəaliyyəti maksimuma çatmadığından, ehtiyat maddələr və assimilyatlar tənəyin orqanlarının quruluşuna, xüsusən çiçəklənməyə sərf olunur.

Üçüncü faza ərzində aqrotexnika üçün aşağıdakı bioloji mərhələləri qeyd etmək olar.

Çiçəkləmə dövründə bütün aqrotədbirlər, xüsusən suvarma, torpağın becərilməsi və s. dayandırılmalıdır. Çünki bu işlər görülən vaxt üzümlükdə temperatur aşağı düşür və mayalanma prosesini zəiflədir. Bu işlər elə planlaşdırılmalıdır ki, çiçəkləmə vaxtına düşməsin. Belə tədbirlər iqlimi soyuq və yazı sərin olan yerlər üçün daha vacibdir. Çiçəkləmə dövründə temperaturu 18-20°C-dən yuxarı olan rayonlarda həmin aqrotexniki tədbirləri tətbiq etməyə ehtiyac yoxdur (R.Məmmədov, C.Süleymanov, 1978).

Çiçəkləmə fazası üzümlükdən yüksək məhsul almağın vacib dövrüdür. Çiçəkləmə prosesinin yaxşı getdiyi dövrdə mayalanmaya, salxımlarda gilələrin əmələ gəlməsinə və onların normal böyüməsinə nəzarət edilməlidir.

Üzümlüklərdə şpalerin birinci məftilinin səviyyəsində havanın temperaturunu yoxlamaq lazımdır. Əgər orta temperatur 15°C-dən aşağı olarsa, onda onun pis nəticə verəcəyindən ehtiyat etmək lazımdır, belə ki, bu dərəcədə temperaturda erkəkcik tozcuqları pis inkişaf edir və sterilləşirlər. Ona görə də çiçəkləmənin başlanğıcından etibarən tozcuqların fertilliyini yoxlamaq üçün xüsusi müşahidələr aparılmalıdır.

Məlum olduğu kimi respublikamızın üzüm bağlarında həm funksional dişi (Ağ şanı, Çauş, Nimrəng, Tavkveri, Madlen ancevin, Xatını, Qırmızı səabi, Arna-qrna, Adreuli tetri, Ala şanı, Katta-Kurqan və s.), həm də hermofrodit (Qara şanı, Ağadayı, Bayanşirə, Kardinal, Xindoqnı, Mədrəsə, Çəhrayı tayfı, Həməşərə, Azəri, Moldova, Fetyaska, Kaberne sovinyon, Saperavi, Kardinal və s.) çiçək tipinə malik üzüm sortları əkilib-becərilir. Həmin sortlardan sabit, yüksək, keyfiyyətli məhsul əldə etmək üçün öz-özünə və çarpaz tozlanma kifayət deyil. Çünki funksional dişi çiçək tipinə malik üzüm sortlarının çiçək tozcuqları steril olduğundan dişiciyi mayalandırma qabiliyyətindən məhrumdur. Hermofrodit çiçək tipli üzüm sortları isə əlverişli iqlim şəraiti olmayan illərdə və çiçəklərin androsey və gineseyində müşahidə olunan çatışmazlıqlar zamanı çox az və keyfiyyətsiz məhsul verirlər.

Hər il sabit, yüksək məhsuldarlığa nail olmaq üçün, üzüm sortlarında süni və əlavə tozlandırma əməliyyatının aparılması vacib aqrotexniki tədbirlərdən biridir. Buna görə də üzümlüklərin məhsuldarlığını və məhsulun keyfiyyətini artırmaq məqsədilə funksional dişi və hermofrodit çiçək tipli üzüm sortlarının əlavə və süni tozlandırılmanın aparılması məqsədəmüvafiqdir.

Üçüncü faza mülayim- isti iqlimdə, adətən, iki ongünlük müddətində (mayın axırı, iyunun əvvəli) davam edir.

Dördüncü faza. Bu faza qoranın əmələ gəlməsindən onların yetişməsi başlayana qədər olan dövrü əhatə edir. Çiçəkləmədən sonra mayalanmış yumurtaсıqların böyüyərək gilələrə çevrilməsi prosesi yumurtalıqların yumrulaşması, ağızсıq və sütunсuqların itirilməsi ilə qozaların əmələ gəlməsi nətiсəsində bu faza başlanır. Gilələrin əmələ gəlməsindən tam yetişməsinə qədər olan dövrdə onların tərkibində mürəkkəb fizioloji və biokimyəvi proseslər gedir (R.Məmmədov, C.Süleymanov, 1978).

Yaşıl gilələrdə ilkin olaraq şəkərin miqdarı olduqсa aşağı, aşı maddələri və ümumi turşuluq isə yüksək olur. Yetişmə başladıqсa gilədə mürəkkəb efirlərin, piqment maddələrinin, şəkərin miqdarı yüksəlir və lətin sıxlığı dəyişir. Gilələrin tam yetişmə anında qlükoza və fruktozanın miqdarı bərabərləşir, onların miqdarı sabit qalır, gilədə suyun buxarlanması nətiсəsində isə şəkərin qatılığı yüksəlir.

Zoğun böyüməsi getdikcə azalır, uclarda əvvəlki fazalarda oluduğu kimi əyilmə baş verir və fazanın axırına yaxın nazilir, habelə üzərində olan yarpaq və bığcıqlar çox xırda olur. Aşağı buğumlarda olan tumurcuqlar öz embrional inkişafını keçərək formalaşır. Bu vaxt onlarda güclü sürətdə çiçək topalarının əsası qoyulur. Məsələn, Gəncə-Qazax bölgəsi şəraitində Xəlili üzüm sortunda çiçək topalarının başlanğıcının qoyulması 17 maydan başlayır və 16 iyunadək davam edir. Təbriz sortunda 22 maydan 11 avqustadək, Bayanşirədə isə 21 maydan 21 avqustadək davam edir. Ona görə də bu fazanın lap başlanğıcından zoğların normal böyüməsi və yarpaqların assimilyasiyasını artırmaq üçün əlverişli şərait yaratmaq lazımdır. Fazanın axırına yaxın, demək olar ki, zoğun gözcüklərində çiçək qrupları başlanğıcı əmələ gəlir. Mühit şəraitindən asılı olaraq göstərilən vaxtlar dəyişə bilər.

Bu fazada kambi qatının intensiv inkişafı əsasında zoğlar sürətlə yoğunlaşır.

Zoğlarla yanaşı yarpaqlar da böyüyür. Aşağı yarpaqlar köhnəlir, qalınlaşır və kobudlaşır. Yarpaq damarları parenximləri çəkir, bunun nəticəsində də yarpaq qırışıqlı, təpəcikli, yaxud qabarıqlı olur. Fazanın sonuna yaxın zoğun orta hissələrindəki yarpaqlarda böyümə dayanır. Onlar böyük səth (kütlə) əmələ gətirir, fotosintez prosesini gücləndirir ki, bu da assimilyantların zoğlarda və qollarda toplanmasını təmin edir. Kök sistemi bu fazada qidalandırıcı hissələrini güclü sürətdə artırır.

Fazanın axırına yaxın zoğun aşağı hissələrində anatomik və fizioloji proseslər güclənir və qışa hazırlıq gedir.

Zoğlarda oduncaqlaşma prosesi əsas etibarilə hüceyrə qılafının qalınlaşması nəticəsində olur. Qalınlaşma hüceyrələrdən ayrılan sədəf maddələrinin: liqnin, hemisellüloza, mineral maddələr və s. hesabına gedir. Bu vaxt hüceyrələrin qılafında, protoplazmasında və digər hissələrində su azalır: hüceyrə şirəsinin konsentrasiyası xeyli artır (osmos təzyiqinin artması nəticəsində) və müxtəlif müqavimət göstərici maddələri əmələ gətirir.

Bu proses hüceyrədə nişastanın artması ilə əlaqədardır: bunlar arasında düz asılılıq müəyyən olunmuşdur.

Zoğların yetişməsinə temperaturun xeyli təsiri vardır: temperatur nə qədər çox olarsa, bir o qədər yetişmə sürətlə gedər. Çox nəmlik əks təsir edir, yəni yetişməni həm pişləşdirir, həm də ləngidir.

Mineral qida maddələri də yetişmə prosesinə xeyli dərəcədə təsir edir, azotun çoxluğu onu ləngidir, kaliumun çoxluğu isə sürətləndirir.

Dördüncü fazanın əvvələində əmələ gəlmiş gilələr ölçü etibarilə böyüyür və xlorofilin artmasından tünd-yaşıl rəng alır.

Dördüncü faza ərzində xlorofil tədriclə zülallı maddələr və taninlə daxili toxumalardan ətrafa toplanır. Adətən yumurtalıqların və gilələrin bir hissəsi, demək olar ki, böyümür və böyümə tezliklə dayanır, belə gilələr sarımtıl-yaşıl rəng alır və 3-4 mm böyüklükdə ikən tökülməyə başlayır. Bu, yumurtalıqların və gilələrin tökülməsinə səbəb olur və salxımın çox, yaxud az dərəcədə sıxlığını müəyyən edir. Onların çox tökülməsi nəticəsində salxımda qeyri-normal seyrəklik əmələ gəlir. Bu proses çiçəklərin tökülməsi adlanır (çiçəklərin tökülməsinin ikinci dalğası). Tökülmənin ikinci dalğası məhsulun təyin olunmasında böyük əhəmiyyətə malikdir. Ona görə də fazanın əvvəlində yumurtacıqların və qoraların tökülmə dərəcəsi müəyyən olunmalıdır. Bununla əlaqədar olaraq salxımda qalan gilələrin də sayının müəyyən olunması vacibdir. Çiçəklərin tökülməsi öz növbəsində məhsuldarlığa mənfi təsir edir. Ona görə də çiçəkləmə qurtardıqdan sonra üzümlüklərin suvarılması və üzvi gübrələrin verilməsi məqsədəuyğun hesab olunur. Həmçinin bu dövrdə tənəklərdə yaşıl əməliyyatlar, bağlama, əgər lazım olarsa, gilələrin və salxımların seyrəldilməsi, xəstəlik və zərərveriсilərə qarşı aktiv mübarizə tədbirləri aparılmalıdır.

Salxımda qalan gilələrin diametri 5 mm-ə çatdıqda tökülmə dayanır və onlar güclü sürətdə böyüməyə başlayır. Əvvəlcə onlar sürətlə böyüyür, təqribən fazanın ortasında maksimum sürətə çatır, sonra da onların sutkalıq artımı azalmağa başlayır, fazanın sonuna yaxın isə böyümə dayanır. Gilələrin həmçinin artması üçün temperaturadan başqa rütubətin də çox böyük rolu vardır (yağış, havanın yüksək nəmliyi və s.). Gilələr böyüdükcə paranximdə bərabər miqdarda yerləşən xlorofil, zülal və tanin maddələri ilə qarışaraq epidermis altında yerləşən qabıq parenximində toplanır. Gilələrdə suyun miqdarı fazanın axırına qədər çoxalır.

Gilələr öz böyüməsinə və tənəffüsünə sərf olunan üzvi maddələrin beşdə biri qədər karbon assimilyasiya edir. Kiçik gilədə ağızcığın miqdarı az olur. Ona görə də onlar böyüdükcə hər ölçü vahidinə düşən səthdə ağızcıq daha çox azalır. Gilələr normal böyüklüyə çatdıqda ağızcıqlar tamamilə deformasiya edirlər. Onlar saplaqlarda da yox olur. Ağızcıqlar yalnız saplağın yastıqcığında qalır və orada da mildiu göbələyinin zoosporları daxil olub mildiu xəstəliyini yayır. Gilənin qabığında ağızcıq olmadığından keçə bilmir. Bu an dördüncü fazanın ortalarına təsadüf edir. Deformasiya olunmuş ağızcıqlardan karbon assimilyasiyası zəifləyir. Bununla əlaqədar olaraq, gilələr böyüdükcə artan nişasta indi ağızcıqlar azalandan sonra azalmır. Bu vaxtdan gilələrdə xlorofilin də sayı azalmağa başlayır. Fazanın sonuna yaxın tanin maddəsinin də miqdarı azalır.

Fazanın əvvəlində 1 kq qorada olan şəkərin cəmi 5-6 q olur, fazanın sonuna yaxın isə həmin şəkər 10-15 q-a çatır. Fazanın əvvəlində gilənin, demək olar xeyli hissəsini turşular (1 kq-da 20-30q) təşkil edir. Sonralar gilələr böyüdükcə turşuluq çoxalır (1kq-da 30-40 q) və təqribən fazanın ikinci yarısında olan turşuluq fazanın axırına qədər də bu vəziyyətdə qalır.

Dördüncü fazada aqrotexniki tədbirlər üçün ən vacib bioloji mərhələlər aşağıdakılardır:

  • Faza başladıqdan təxminən 1,5 ay sonra gilələrdəki ağızcıqların itməsi və xəstəliyin ancaq yastıqcıqdan keçməsi imkanı, mildiu xəstəliyinə qarşı mübarizə üsulu və vaxtını müəyyən edir. Gilələrin qabığının və toxumlarının incəliyi xəstəliklərə qarşı mübarizəni çox diqqətlə aparmağı tələb edir. Bu faza dövründə zoğun böyümə sürətinin azalması və bununla əlaqədar olaraq yarpaq kütləsinin artma xarakteri mildiu xəstəliyinə qarşı mübarizəni müəyyən edir.
  • Zoğların böyüməsi və bununla əlaqədar olaraq böyük yarpaq kütləsinin inkişafı faza dövründə assimilyatorların normal toplanmasını, zoğların yetişməsini, gilələrin sürətli inkişafını təmin edən aqrotexniki tədbirlər görülməsini tələb edir. Düzgün və öz vaxtında aparılan 3-cü yaşıl bağlama kolun fizioloji proseslərinin normal getməsini təmin edir.
  • Tumurcuqlarda çiçək qrupunun əsası qoyulduğu dövrdə tənəkdə zoğun böyümə və qidalanmasını, eləcə də gilələrin böyüməsini təmin etmək məqsədilə müvafiq aqrotexniki tədbirlərin yerinə yetirilməsi vacibdir.
  • Fazanın axırına yaxın gilənin qabığında mum təbəqəsinin əmələ gəlməsi onun çürüməyə qarşı davamlılığını artırır.

Dördüncü faza mülayim-isti iqlimdə, adətən, iyunun ikinci yarısından sonra, təqribən bir-iki ay davam edir. Müxtəlif sortlarda dördüncü faza müxtəlif dövrü əhatə edir, ona görə də bu fazanın qurtarması sortdan, hava şəraitindən, yerin xarakterindən asılı olaraq iyulun ikinci yarısından sentyabrın birinci yarısına qədər davam edir.

Dördüncü faza dövründə üzümlükdə, adətən aşağıdakı işlər görülür: mildiu və oidium xəstəliklərinə qarşı çiləmə və tozlama; cərgələrdə torpağın yumşaldılması və cərgəaralarında kultivasiya; zoğların ikinci (fazanın əvvəlində və üçüncü (fazanın axırında) bağlanması. Zoğlarda böyümə dayanan vaxt- iyulun axırı, avqustun əvvəlində ucvurma aparılır, yəni gələcək bara saxlanılan zoğların ucları vurulur.

Beşinci faza. Gilələrin yetişməyə başlaması beşinci fazanın başlanğıcını göstərir. O, aşağıdakı morfoloji əlamətlərlə müəyyən olunur: gilələr yumşalır (əllə basdıqda yumşaqlıq hiss olunur), rəngli sortlarda sorta məxsus rəng alınır, ağ sortlarda isə gilələrdə yaşıllıq itir, onlar açıq rəng alır- şəffaflaşır. Bu fazanın başlanması əsasən temperatur şəraiti və gilələrə qida maddələrinin daxil olması ilə əlaqədardır. Temperatur nə qədər çox olarsa və giləyə qida maddələri nə qədər çox axarsa, faza bir o qədər tez başlayır. Nəmliyin çoxluğunu isə ləngidə bilər (R.Məmmədov, C.Süleymanov, 1978).

Faza ərzində kolun morfoloji və fizioloji əlamətlərində bir sıra dəyişikliklər baş verir.

Belə ki, zoğların böyümə sürəti daha çox azalır, nəhayət zoğun ucu boyvermədən tamamilə dayanır və düzəlir. Zoğlarda oduncaqlaşma daha sürətlə gedir. Zoğun əsasdan başlayaraq beşinci-yeddinci buğumaralarında yetişmə, yavaş və bərabər ölçüdə (10-15 günə) gedir, sonrakı 8-10-cu buğumaralarında isə birdən-birə, yəni iki-üç günə yetişir. Yetişmənin dinamikasındakı bu sıçrayış əksər üzüm sortlarında müşahidə olunmuşdur. Biclər, bığcıqlar və yarpaqlar da boyverməni dayandırır. Onlar da tədricən köhnələrək birinci fazada əmələ gələn yarpaqlardan fərqlənir. Zoğların aşağı hissəsində qışlayan tumurcuqlarda çiçək topalarının differensiasiyası qurtarır. Yarpaq səthi inkişafı yüksək dərəcəyə və assimilyantların miqdarı maksimuma çatır. Dördüncü fazaya nisbətən burada daha çox miqdarda assimilyantlar tələb olunur. Belə ki, bu fazada nəinki onlar ehtiyat qida maddələrinin ayrılmasına, həm də oduncağın yetişməsinə, salxımın böyüməsinə və s., eləcə də gilədə şəkərin toplanmasına da assimilyantlar tələb olunur. Fazanın əvvəlində salxım və gilələr yenidən böyüməyə başlayır- əvvəlcə yavaş, sonra sürətlənərək maksimum böyümə dərəcəsinə çatır, daha sonra isə fizioloji yetişmə anına kimi tamamilə dayanır. Rütbənin dəyişməsi-zəifləməsi gilələrin sürətlə böyüməsinə maneçilik törədir və böyümə dövrünün gedişini pozur. Gilənin saplağı sortdan asılı olaraq çox və az dərəcədə gilədən bir qədər aralı oduncaqlaşır. Gilədə şəkərlilik dördüncü fazanın axırlarında tədricən artdığı halda, beşinci fazanın əvvəlindən sürətlə artmağa başlayır. Fazanın əvvəlində fruktozanın miqdarı yox dərəcəsində olduğu halda, ortalarında qlükoza nisbətən çox artır, ancaq fazanın axırına yaxın hər ikisinin miqdarı bərabərləşir. Yetişmiş gilənin tərkibində qlükoza və fruktozadan başqa saxaroza da vardır. Amerika sortlarında 0,5%, Avropa sortlarında 0,5-1% saxaroza vardır. Dördüncü fazanın axırı və beşinci fazanın əvvəlində turşuluq tədricən artdığı halda, sonralar birdən-birə azalır, pH bir qədər artır, təqribən artım 0,3-0,5%-ə çatır. Gilələrin yetişməsi ilə əlaqədar olaraq turşuluğun azalması üzümçülükdə və şərabçılıqda hökm sürən fikrə görə tənəffüs prosesində onun (turşunun) yanması hesabına olur, lakin yeni tədqiqatlar göstərir ki, gilədəki üzvi turşu maddələr mübadiləsi prosesində azalır. Gilənin şirəsində dabbaq maddələri getdikcə azalır. Hüceyrə şirəsində həll olunan rəngverici maddələr çoxalır, əsas etibarilə onlar gilə qabığının hüceyrələrində daha çox cəmləşir. Gilənin rəngi nə qədər tünd olarsa, qabığın (üst) periferik hüceyrə qatında bu maddələr bir o qədər çox olur. Ancaq bir neçə sortlarda (Mədrəsə, Saperavi və s.) rəngverici maddələr lətin periferik hüceyrələrində də olur. Fazanın axırına yaxın qabıqda rəngverici maddələrin miqdarı çoxalır (R.Məmmədov, C.Süleymanov, 1978).

Altıncı faza. Bu faza gilələrin fizioloji yetişməsi anından başlayır. Fazanın başlanmasını müəyyən etmək üçün aydın, gözə çarpan əlamətlər yoxdur. Ona görə də altıncı fazanın başlanğıcını müəyyən etməyin böyük təsərrüfat əhəmiyyəti vardır, buna görə də məhsul yığımı ilə əlaqədar olan üç üsuldan: 1) orqanoleptiki, 2) anatomik, 3) kimyəvi üsullardan istifadə edilir.

Fazanın ortalarında yarpaq saplağının zoğa birləşdiyi yerdə mantar təbəqəsi əmələ gəlir. Bununla paralel yarpaqlar getdikcə daha çox qocalır. Onlarda kaliumun və fosforun miqdarı sürətli azalır, kalsiumun miqdarı isə çoxalır. Kalsiumun miqdarının artımı yarpaqların payız rənginin əmələ gəlməsinə təsir edir. Tənəyin yetişməsinin gedişinin izləmək, onun qışa necə hazırlaşdığını öyrənmək o deməkdir ki, buna uyğun da aqrotexniki tədbirləri (kolu qışda müdafiə, çubuq tədarük və s.) görülsün. Mantar qatının ayrılmasından sonra yarpaqlar düşür. Yarpaqların tökülməsi ilə də altıncı faza qurtarır və qış dövrü başlayır. Altıncı faza ərzində məhsul yığımından sonra sahəyə üzvi və mineral gübrələr verilir, cərgələrdə dərin bellənmə aparılır və cərgəaraları şumlanır. Dondurma suyu verilir, təmir işləri aparılır və s.