İntroduksiya olunmuş sortlar

Hər hansı bir bitkinin onun əvvəllər bitmədiyi ölkə və ya vilayətə gətirilməsi introduksiya adlanır. Başqa ölkə və vilayətlərdən gətirilmiş bitkilər ekzot yaxud introdusentlər adlanır. İntroduksiya işi məqsdəli xarakter daşıyır və üzüm genofondunun zənginləşdirilməsində ən sürətli üsullardan biridir. Bu zaman ölkə daxilində müasir əkinçiliyin və sənayenin tələblərinə uyğun genotiplərin və seleksiya işlərində donor formaların qıtlığını, yaxud çatışmazlığını aradan qaldırılmaq və s. məqsədlərlə introduksiya işləri həyata keçirilir.

Hələ qədim zamanlardan insanlar qida, ərzaq məhsullarına olan tələbatlarını ödəmək məqsədilə bitkilərin seçmə və introduksiyası işləri ilə kortəbii surətdə məşğul olurdular. Onlar qidalanma üçün yararlı olan bitkilərin ən yaxşılarını (məhsuldar, keyfiyyətli, yaxşı görkəmə malik və s.) seçib yaşadıqları ərazilərin yaxınlığında əkib becərmişlər. Sonralar qonşu tayfalar satınalma və mübadilə nəticəsində qiymətli bitkiləri öz olduqları yerə gətirmiş, beləliklə onların geniş miqyasda yayılmasına nail olmuşdurlar.

Bitkilərin introduksiyası XVII əsrin əvvəllərinə qədər kortəbii surətdə həyata keçirilir, bitkilərin bir yerdən başqa yerə aparılması ticarət əlaqələri, hərbi müdaxilələr və yeni ölkələrin kəşfi ilə əlaqədar olmuşdur. Biologiya və bitkiçiliklə əlaqədar XVII-XVIII əsrlərdə meydana çıxan elmi təlimlər bitkilərin yeni şəraitə uğurla köçürülməsinə və yetişdirilməsinə imkanlar yaratdı. Hələ XIX əsrdə Ç.Darvinin “Növlərin mənşəyi” və “Heyvanların və bitkilərin ev şəraitində dəyişməsi” əsərlərində bitkilərin irsi “adətlərinin” olması ilə yanaşı, eyni cinsin növlərinin həm şimalda, həm də cənubda, yəni tamamilə müxtəlif torpaq-iqlim şəraitində bitdikləri göstərilmişdir.

Ölkəmizin iqtisadi həyatında üzümçülük və şərabçılıq tarixən əhəmiyyətli rol oynamış və bu sahə sənaye xarakteri daşımışdır.

Hələ XIX əsrin axırlarında Azərbaycanda yüksəkkeyfiyyətli üzümçülük və şərabçılıq məhsulları istesal etmək üçün mülkiyyətçilər müxtəlif ölkələrdən üzüm sortları gətirərək təsərrüfatlarında becərirdilər. XIX əsrdə Azərbaycanda ən böyük üzümçülük sahəsinə və şərabşılıq sənayesinə sahib olan “Forer qardaşları” cəmiy­yətinin təsərrüfatının bağlarında Şamaxı qəzasında yetişdirilən Mədrəsə, Şirvan­şahı üzüm sortları ilə yanaşı, Gürcüstanın Rkasiteli, Saperavi, Tavkveri, Lokani, Mtsvane, o cümlədən Avropanın Aliqote, Tokay, Muskat, Merlo, Bordo, Kaberne, Rislinq, Sotern, Ağ muskat, İsgəndəriyyə muskatı, Pino blan, Murverd, Malbek, Mauzak üzüm sortları da geniş əkilib-becərilirdi.

Ötən əsrin 60-cı illərində Azərbaycanın müxtəlif ekoloji bölgələrində yerli və introduksiya olunmuş üzüm sortlarının öyrənilməsi nəticəsində 39 perspektiv sort müəyyən edilmişdir ki, onlar Azərbaycanın sort standartlarına daxil edilmişdir (1966-cı il 7 iyul tarixində keçmiş Nazirlər Sovetinin qərarı ilə). Bunlardan 22 sort yerli, 19 sort isə xarici introdusent idi. 80-cı illərdə respublikamızda üzümçülük və şərabçılığın inkişaf etdirilməsində yerli üzüm sortları ilə yanaşı, introduksiya olunmuş üzüm sortlarının da rolu böyük olmuşdur. 1980-ci ilin məlumatına görə, Azərbaycandakı üzümlüklərin əkin sahəsi altındakı ərazilərin 45%-ə qədəri introduksiya olunmuş (Rkasiteli-35,9%; Tavkveri-1,3%; Kaberne-1,3%; Terbaş-0,6%; Reyn rislinqi-0,6%; Ağ fetyaska-0,4%; Aliqote-0,2%; Pino-0,1%; İzabella-0,1%; Qaraburnu-0,9%; Ağadayı-0,8%; Kardinal-0,4%; Şasla-0,4% və s.) üzüm sortlarının payına düşürdü. Üzüm sortlarının ampeloqrafik kolleksiyalarda öyrənilməsi nəticəsi ilə həmin sortların məhsuldarlığı, məhsulun keyfiyyəti, ekoloji plastiklik və bioekoloji xüsusiyyətləri haqqında ilkin məlumat əldə edilir.

Bioloji xüsusiyyətlərinə görə becərildiyi bölgənin, rayonun (kolleksiya yerlə­şən bölgənin) torpaq-iqlim şəraitinə uyğun gələn üzüm sortları aşkar olunaraq seçilir və çoxaldılır. Belə sortlar çoxaldıldıqdan sonra müvafiq miqdarda Seleksiya Nailiyyətlərinin Sınağı və Mühavizəsi üzrə Dövlət Komissiyasına sınaq üçün təqdim olunur. Müsabiqəli sortsınağından uğurla çıxan sortlar təsərrüfatlara tövsiyə edilir və bu və ya digər bölgənin üzümçülüyünün standart keyfiyyətlərinə cavab verdiyi təsdiq edilir.

Hələ bizim eraya qədər VII-VI əsrlərdə orta Asiya və Zaqafqaziyada insanların introduksiya fəaliyyəti nəticəsində ilkin bitkiçilik ocaqlarının mövcud olduğu haqqında məlumatlar vardır.

Bitkilərin introduksiya edilməsi nəzəriyyəsi ilk dəfə 1855-ci ildə İsveç alimi A.Dekandol tərəfindən işlənmişdir. Xarici şəraiti və geoloji tarixi nəzərə almaqla, A.Dekandol bitkilərin yer kürəsində yayılma qanunauyğunluqlarını öyrənmiş və beləliklə də, bitki coğrafiyasının əsasının qoymuşdur.

Üzümçülüyə dair tədqiqatlardan məlumdur ki, sort tərkibinin zənginləşdirilməsində və yaxşılaşdırılmasında üzüm sortlarının introduksiyası çox sürətli və effektiv üsuldur.

Respublikamızda üzümçülüyün inkişafı üçün əlverişli torpaq və iqlim şəraiti olduğunu nəzərə alaraq, burada yerli üzüm sortları ilə yanaşı, təsərrüfatların tez formalaşmasına və inkişafına kömək etmək üçün introduksiya olunmuş üzüm sort­larından istifadə edilməsi aktual bir məsələ kimi qarşıda duran mühüm problem­lərdən biridir.

Əgər sort və formaların aktiv mübadiləsi olmasaydı, bir çox ölkə və bölgə­lərin sort tərkibi dar çərçivəni əhatə edərdi və hal-hazırda dünyada üzümçülük inkişaf etdirilən ölkələrin üzüm genofondunun belə zəngin müxtəlifliyi olmazdı. Həmçinin ayrı-ayrı üzüm sortlarının müxtəlif torpaq-iqlim şəraitində yetişdirilməsi onların xarici mühit amillərinə reaksiyasını və ən yaxşılarının seçilməsinə, geniş plastikliyə malik olduğunu aşkara çıxarmağa imkan yaradır.

Hal-hazırkı dövrdə introduksiyanın nəzəri müddəaları, yolları və həyata keçirilməsi üsulları uğurla işlənilməkdədir. Qeyd edək ki, introduksiya zamanı əvvəlcə nəzərdə tutulan bölgənin ekoloji şəraitinin qiymətləndirilməsi, introduksiya olunacaq sortun bioloji xüsusiyyətlərinin dərin öyrənilməsi və birinci növbədə onun əsas ekoloji mühit amillərinə reaksiyasının müəyyən edilməsi və s. kimi parametrlər müəyyən edilməlidir.

Bölgənin ekoloji faktorlarını analiz edərkən vegetasiya müddəti ərzində aktiv temperaturun miqdarı, şaxtasız və aktiv temperaturla (+10ºC-dən yuxarı) müşayiət olunan günlərin sayı, qış dövründə mütləq minimum temperaturun yüksəkliyi, su ilə təmin olunma (yağıntıların miqdarı, hidrometrik əmsal), işıqlanma və ya fotosintetik aktiv radiasiyanın miqdarı, torpağın mexaniki və kimyəvi xüsusiyyətləri, qrunt sularının vəziyyəti və s. kimi amillərə xüsusi diqqət yetiril­məlidir.

Sortun əsas bioloji xüsusiyyətlərinin ekoloji amillərin göstəriciləri ilə müqa­yisəsi və bu əsasda üzə çıxan uyğunluq dərəcəsi imkan verir ki, sortun potensial imkanlarına, konkret bölgəyə məqsədyönlü introduksiyası işinə və sortun yeni şəraitdə tətbiqinə elmi cəhətdən əsaslandırılmış cavab və proqnoz hazırlansın. Bu işin həyata keçirilməsi sortun plastiklik dərəcəsinin, onun adət etmədiyi yeni şəraitə uyğunlaşmasının potensial imkanlarını öyrənməyə əsas verəcəkdir.

Uzun illərin təcrübəsi göstərir ki, Qərbi Avropa ekoloji-coğrafi qrupuna və Qara dəniz hövzəsinə aid olan sortlar daha geniş plastikiliyə malikdirlər. Şərq qrupuna aid olan sortlar bu baxımdan yüksək qiymətləndirilmirlər. Əgər üzüm sortları dünyanın şimal rayonlarında formalaşmışdırsa, onları cənub üzümçülük rayonlarına introduksiya etdikdə müsbət nəticələr əldə etmək mümkündür. Əksinə, üzüm genofondu cənub bölgələrdə formalaşmışdırsa, onların şimal rayonlara introduksiyası uğurlu nəticələr vermir. Orta Asiya üzüm sortları istiyə çox tələbkardır və uzun vegetasiya dövrünə malikdir. Bu sortlar şimal rayonlarında öz vətənində olduğu kimi böyüyüb məhsul vermir. İntroduksiyanın sonuncu mərhələsi sortların yeni şəraitdə öyrənildikdən sonra müsbət nəticə verənlərini geniş istehsalat şəraitində sınaqdan keçirərək təsərrüfatlara tövsiyə edilməsidir.

Qeyd edək ki, vaxtı ilə respublikamızın 10 təbii-iqtisadi bölgəsində üzümçülük geniş inkişaf tapmış və üzümçülük təsərrüfatlarında Ağadayı, Aliqote, İzabella, Kaberne Sovinyon, Ağ muskat, Çəhrayı muskat, Ağ pino, Rislinq, Rkasiteli, Saperavi, Çəhrayı tayfı, Ağ hüseyni, Ağ şasla, İsgəndəriyyə muskatı, Sultanı, Qırğız çauşu, Kulcinski kimi üzüm sortları digər üzümçülük ölkələrindən introduksiya olunub rayonlaşdırılaraq müvəffəqiyyətlə becərilirdi.

Ölkədaxili və dünya bazarında keyfiyyətli üzüm və üzüm emalı məhsullarına tələbat ildən-ilə xeyli yüksəldiyindən respublikamızın sort standartlarına daxil edilmiş süfrə və texniki üzüm sortları artan tələbatı lazımı səviyyədə ödəyə bilmir.

Respublikaya digər ölkələrdən ixrac olunan üzüm və üzüm məhsulları əlavə xərclərin çəkilməsi ilə əlaqədar olaraq baha qiymətlərlə realizə olunduğundan əhalinin alıcılıq qabiliyyəti ilə uzlaşmır.

Odur ki, respublikamızın ərazisində əhalini uzun müddət (4-5 ay) təzə və keyfiyyətli üzüm məhsulu ilə təmin etmək məqsədilə müxtəlif dövrlərdə yetişən (ən tez, tez, orta, gec, ən gec), biotik və abiotik amillərə davamlı, biokimyəvi və texnoloji cəhətdən yüksək keyfiyyətli, daha yüksək məhsuldar, saxlanmaya və daşınmaya davamlı olan süfrə və kişmişi üzüm sortlarının geniş miqyasda becərilməsinə xüsusi tələbat olduğundan belə sortların müəyyənləşdirilməsi, seçilməsi və geniş istehsalat sahələrində becərilməyə tövsiyə edilməsi məsələləri aktuallığı ilə səciyyələnir.

Müxtəlif tip (süfrə, şampan, tünd, desert) yüksəkkeyfiyyətli şərablara, üzüm şirəsinə, müxtəlif müddətlərdə yetişən süfrə üzümlərinə tələbatın artması respublikada üzümçülük və şərabçılığın daha geniş miqyasda inkişaf etdirilməsi və üzümün müvafiq standartlara uyğun çeşidlərinin seçilməsini tələb edir. Respu­blikanın əsas üzümçülük zonalarında və ampeloqrafik kolleksiya bağlarında çoxlu miqdarda yerli və introduksiya olunmuş üzüm sortlarının aqrobioloji tədqiqi nəti­cəsində Azərbaycanda üzümçülüyün ixtisaslaşdırılması və üzüm sortlarının rayon­laşdırılması müvəffəqiyətlə həll edilir.

Üzüm sortlarının rayonlaşdırılması respublikanın bütün üzümçülük rayonlarını əhatə edən 10 təbii-iqtisadi zona üzrə həyata keçirilmişdir. Hər bir təbii-iqtisadi zonada rayonların torpaq-iqlim şəraitindən asılı olaraq üzümçülük-şərabçılıq istehsalatının bir neçə istiqaməti müəyyən edilmiş və keyfiyyətinə, aqrobioloji xassələrinə, becərilmə yerlərinə və müəyyən edilən istifadə istiqamətlərinə görə müvafiq üzüm sortları məsləhət görülmüşdür.

Azərbaycan respublikasında torpaq-iqlim bölgələri və inzibati rayonlar üzrə üzüm sortlarının aşağıdakı kimi yerləşdirilməsi məqsədəuyğun hesab edilir:

  1. Kürkənarı suvarılan ovalıq zonası
  2. Kürkənarı Şirvan zolağı yarımzonası. Rayonlar: Zərdab və Kürdəmir (cənub hissələri), Hacıqabul və Sabirabad (qərb və şimal hissəsi);
  3. Mil düzü yarımzonası. Rayonlar: Ağcabədi (şimal-şərq hissəsi), Beyləqan (şərq hissəsi), İmişli (Kür və Araz çayları arasındakı hissə) və Saatlı (Arazın sol hissəsi);
  4. Muğan-Salyan yarımzonası. Rayonlar: Cəlilabad (şərq ovalıq hissəsi), Saatlı (Arazın sağ sahili), Salyan (cənub hissəsi), İmişli (Arazın sağ sahili), Masallı (şimal qurtaracağı), Neftçala və Biləsuvar (şimal-şərq hissəsi);
  5. Cənub-şərq Şirvan yarımzonası: Salyan rayonu (şimal hissəsi);

Süfrə sortları – Ağ hüseyni, Təbrizi, Çəhrayı tayfı, Ağ xəlili, Mahmudu, Salyanı, Ağ şanı, Qara şanı, Qara kişmiş, Ağ oval kiş­miş, Mərəndi.

Texniki sortlar – Şirvanşahı, Rkasiteli, Bayanşirə, Ağ muskat, Çəhrayı muskat, Həməşərə, Xindoqnı, Mədrəsə, Ağ qrenaj, Qara qrenaj, Kaberne Sovin­yon.

  1. Şirvan-Qarabağ suvarılan ovalıq zonası
  2. Şirvan yarımzonası. Rayonlar: Ağdaş (mərkəzi və cənub hissəsi), Ağsu (cənub qurtaracağı), Yevlax (şimal-şərq hissəsi), Şamaxı, Ucar və Kürdəmir (şimal hissəsi), Göyçay (cənub qurtaracağı).
  3. Mil-Qarabağ yarımzonası. Rayonlar: Ağdam (şərq hissəsi), Ağcabədi (cənub-qərb hissəsi), Bərdə, Cəbrayıl (Arazkənarı hissəsi), Yevlax (cənub, şərq və qərb hissəsi), Beyləqan (qərb hissəsi) və Füzuli (Arazkənarı hissəsi).

Süfrə sortları - Ağ hüseyni, Təbrizi, Çəhrayı tayfı, Ağ xəlili, Ağ şanı, Qara şanı, Qara kişmiş, Ağ oval kişmiş, Novrast.

Texniki sortlar –Bayanşirə, Ağ pino, Ağ muskat, Çəhrayı muskat, Həməşərə, Xindoqnı, Şirvanşahı, Mədrəsə, Rkasiteli, Kaberne Sovinyon.

III. Suvarılan dağətəyi –düzən zonası

  1. Böyük Qafqazın dağətəyi-düzən yarımzonası. Rayonlar: Ağdaş (şimal hissəsi), Ağsu (dağətəyi düzən hissəsi), Göyçay (suvarılan dağətəyi-düzən hissəsi) və Şamaxı (ovalıq hissəsi).
  2. Kiçik Qafqazın şimal dağətəyi-düzən yarımzonası. Rayonlar: Ağdam (qərb hissəsi), Qazax (mərkəzi hissəsi), Goranboy, Tovuz (ovalıq hissəsi), Şəmkir, Samux, Göy-göl (ovalıq hissə), Tərtər (qərb hissəsi), Şəmkir (mərkəzi hissəsi) və Ağdərə (ovalıq hissəsi).
  3. Kiçik Qafqazın cənub dağətəyi-düzən yarımzonası. Rayonlar: Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Xocavənd.
  4. Şimali Talışın dağətəyi-düzən yarımzonası. Rayonlar: Cəlilabad (mərkəzi dağətəyi-düzən hissəsi) və Biləsuvar (qərb hissəsi).

Süfrə sortları– Ağ xəlili, Ağ şasla, Ağ oval kişmiş, Ağ şanı, Qara şanı, Təbrizi.

Texniki sortlar – Bayanşirə, Saperavi, Çəhrayı muskat, Ağ muskat, Kaberne Sovinyon, Həməşərə, Rislinq, Aliqote, Qaragöz.

  1. Samur-Şabran suvarılan ovalıq zonası
  2. Rayonlar: Şabran, Qusar, Quba, Xaçmaz və Siyəzən (ovalıq hissəsi)

Süfrə sortları – Ağ şanı, Qara şanı, Ağ xəlili, Ağadayı.

  1. Lənkaran zonası
  2. Rayonlar: Astara, Lənkaran və Masallı (ovalıq hissəsi).

Süfrə sortları - Ağ şanı, Qara şanı, Ağ xəlili.

Texniki sortlar – İzabella, Rkasiteli, Bayanşirə.

  1. Abşeron zonası
  2. Rayonlar: Abşeron rayonu (mərkəzi şimal və cənub dənizkənarı hissələri ilə birlikdə) və Xızı rayonu (Abşeron yarımadasının qərb hissəsi).

Süfrə sortları - Ağ hüseyni, Təbrizi, Çəhrayı tayfı, Ağ xəlili, Ağ şanı, Qara şanı, Qara kişmiş, Ağ oval kişmiş, Madlen Anjevin, Ağ şasla, Ağadayı, Sarıgilə, Azəri, Nimrəng, Çəhrayı kişmiş, Ağ kişmiş, Qırmızı kişmiş, Novrast.

VII. Dağətəyi-çöl zonası

  1. Qobustan yarımzonası. Rayonlar: Qobustan (dağətəyi-çöl hissəsi) və Şamaxı (cənub-şərq qurtaracağı).
  2. Ceyrançöl-Acınohur yarımzonası. Rayonlar: Göyçay, Oğuz, Qax, İsmayıllı, Tovuz, Şəmkir, Şəki və Göy-göl rayonlarının dağətəyi çöl hissələri.

Süfrə sortları - Ağ oval kişmiş, Təbrizi, Ağ xəlili.

Texniki sortlar – Rkasiteli, Bayanşirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat.

VIII. Alçaq dağlıq zonası

  1. Qusar-Quba yarımzonası. Rayonlar: Şabran, Quba və Qusar rayonlarının alçaq dağlıq hissələri.
  2. Dağlıq Şamaxı yarımzonası. Rayonlar: Şamaxı rayonu (mərkəzi alçaq dağlıq hissəsi).
  3. Dağlıq Qobustan yarımzonası. Rayonlar: Şamaxı rayonu (qurtaracaqları daxil olmadan cənub-şərq hissəsi), Qobustan və Xızı (alçaq-dağlıq hissəsi).
  4. Çöl-yayla yarımzonası. Rayonlar: Ağsu, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının alçaq dağlıq hissələri.
  5. Kiçik Qafqazın şimal-alçaq dağlıq yarımzonası. Rayonlar: Ağstafa, Qazax, Göy-göl, Şəmkir, Tovuz, Goranboy, Ağdərə və Xocalı.
  6. Kiçik Qafqazın cənub-alçaq dağlıq yarımzonası. Rayonlar: Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Xocavənd.
  7. Talış yarımzonası. Rayonlar: Cəlilabad, Masallı vəYardımlı rayonlarının alçaq dağlıq hissələri.

Süfrə sortları - Ağ oval kişmiş, Təbrizi, Ağ xəlili, Şamaxı mərəndisi, Ağ şasla, Qara şanı.

Texniki sortlar – Rkasiteli, Bayanşirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat , Aliqote, Kaberne Sovinyon, Mədrəsə, Rislinq.

  1. Şəki-Zaqatala zonası
  2. Balakən, Zaqatala, Qax, Qəbələ və İsmayıllı rayonlarının vadi hissələri.

Süfrə sortları - Ağ xəlili, Ağ oval kişmiş, Əsgəri, Novrast, Hüseyni, Qara kişmiş, Qara pişraz, Madlen Anjevin, Ağ şasla, Kardinal, İrşayi oliver.

Texniki sortlar – Həməşərə, Mədrəsə, Qaragöz, Aliqote, Rislinq.

  1. Orta dağlıq zonası
  2. Dağlıq-meşəlik Lənkəran yarımzonası. Rayonlar: Astara, Lənkəran və Yardımlı rayonlarının orta dağlıq hissələri.
  3. Böyük və Kiçik Qafqazın orta dağlıq yarımzonası. Rayonlar: Daşkəsən, Gədəbəy, Kəlbəcər və Laçın rayonları, Xaçmaz, İsmayıllı, Quba, Qusar, Tovuz, Göy-göl, Goranboy, Şamaxı rayonlarının orta dağlıq hissələri, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları.
  1. Doman-Diabar zonası

Lerik və Yardımlı rayonlarının qərb qurtaracaqları.

Süfrə sortları - Ağ xəlili, Ağ oval kişmiş, Əsgəri, Novrast, Hüseyni, Qara kişmiş, Qara pişraz, Madlen Anjevin, Ağ şasla, Kardinal, İrşayi oliver.

Texniki sortlar – Həməşərə, Mədrəsə, Qaragöz, Aliqote, Rislinq.

Son dövrlərdə respublikamızda üzümçülüyün sürətli inkişafı ilə əlaqadar üzümçülük üzrə fermer təsərrüfatları tərəfindən daha çox xarici ölkələrdən (İtaliya, Fransa, Türkiyə, Gürcüstan və s.) üzüm sortlarının gətirildiyinin şahidiyik. Bunlar qiymətli sortlar olsada onların bioloji göstəriciləri ilə bölgələrin torpaq-iqlim xüsuiyyətləri nəzərə almadan əkilib-becərilməsi ciddi problemlər yaradır. Üzümlüklərdə hər il həyata keçirilən aqrotexniki tədbirlər və əməliyyatlar üzüm sortlarının bioloji və bitkinin yetişdirildiyi yerin torpaq-iqlim şəraitinin xüsusiyyətinə əsaslanaraq aparılmalıdır. Tənəyin məhsuldarlığı onun bioloji xüsusiyyətləri ilə yanaşı müxtəlif amillərin (abiotik, biotik, antropogen) və s. tədbirlərin qarşılıqlı təsiri altında formalaşır və inkişaf edir. Lakin yeni üzümlüklərin salınmasında, becərilməsində, ən əsası isə üzüm sortların seçilməsində və üzümçülüyün ixtisaslaşmasında bir sıra problemlər vardır. Bəzi üzüm sortlarının bioloji xüsusiyyətləri becərildiyi bölgənin torpaq-iqlim şəraiti ilə uzlaşmadığından və bütün sortlara aqrotexniki qulluq işləri şablon şəklində tətbiq olunduğundan təsərrüfatda qarşıya qoyulan məqsədə çatmaq xeyli çətinləşir, təsərrüfatın rentabelliyi aşağı olur. Sortun becərildiyi şəraitdə düzgün becərmə texnologiyasını müəyyən etmədən bol və keyfiyyətli məhsul əldə etmək mümkün deyil.

Son zamanlarda respublikamıza müxtəlif ölkələrdən süfrə- Sultanina (ağ kişmiş), Moldova, Prima, Parkent, Red qlob, Sentenial seedless (ağ kişmiş), Özbəkistan ağ kişmişi, Superior seedless (kişmiş), Attika (qara kişmiş), Autumn Royal (qara kişmiş) və s., texniki istiqamətli- Aleatiko, Alikant buşe, Qara qrenaj, Uni blan, Pino Nour, Pino fran, Şiraz, Petit verdo, Montepulciano, Ağ qrenaj və s. üzüm sortları gətirilərək geniş əkilib-becərilir ki, bunlar rayonlaşdırılmayıb, dövlət reysterinə daxil edilməyiblər. Bu sortların Azərbaycan şəraitində adaptasiya, iqlimləşdirmə və introduksiya xüsuiyyətləri öyrənilməli, perspektiv sortlar müəyyənləşdirilərək rayonlaşmaq üçün dövlət sort sınağına təqdim olunmalıdır.