Üzümün növ, sort və formaları

Azərbaycanın üzüm genefondunun təsnifat xüsusiyyətləri

Üzümün botaniki təsviri, təsnifati, cins və növlərin xarakteristikası

Yabanı və mədəni halda yer kürəsinin tropik, subtropik və mülayim qurşaqlarında 20-52° şimal en dairəsindən 30-45° cənub en dairəsindək geniş yayılan, üzümkimilər (Vitaceae Juss.) bitkilər aləminin ən böyük və zəngin fəsilələrindən biri hesab olunur ki, bu fəsiləyə 14 cins və 968 növün daxil olduğu qeyd edilir (sxem).

Bu fəsiləyə daxil olan bitkilər çox polimorf və zəngin olduğundan yabanı halda bitən nümayəndələrinin sayı, arealı və ekoloji xüsusiyyətləri tam öyrənilməmiş hesab olunur.

Vitaceae Juss. fəsiləsi tarixinə, mənşəyinə, arealına, morfoloji, bioloji, ekoloji xüsusiyyətlərinə görə bir-birindən kifayət qədər seçilən 14 cinsdən (Ampelocissus Planch., Partnenocissus Planch., Tetrastigma Mig. Pterisanthes Blume, Cyphostemma Alst., Cayratia Cuss., Acareosperma Gagnep., Pterocissus Urb. et Ek. , Vitis L. və s.) ibarətdir. Üzümkimilər fəsiləsinə daxil olan cinslər mənşəyinə, biomüxtəlifliyinə, arealına görə bir-birilərindən fərqlənirlər. Fəsilənin ən qədim, az öyrənilən və 319 növü əhatə edən cinslərindən biri Cissus L.-dir. Bu cinsin nümayəndələri Asiyanın, Afrikanın, Amerikanın və Avstraliyanın tropik və subtropik iqlimə malik bölgələrində geniş yayılan kol tipli, lətli kökyumrularına bənzər kökləri olan bitkilər olub, əksəriyyəti dekorativ əhəmiyyətlidir.

Partnenocissus Planch. cinsinə daxil olan bütün növlər quraqlığa və şaxtaya, 40°C istiliyə və -30°C şaxtaya davamlılığı ilə seçilir. Filloksera ilə sirayətlənmirlər, göbələk xəstəliklərinə qarşı immunitet xüsusiyyəti ilə fərqlənirlər. Güclü karbonatlı torpaqlar istisna olmaqla, torpağa tələbkar deyillər. Yay boyunca gözəl yaşıl və payızda isə tünd-qırmızı yarpaqlara və gözəl görkəmə malik olduğundan onlar dekorativ bitki kimi geniş əkilir. Bu cinsə daxil olan bitkilər dırmaşan kol bitkiləridir. Gilələri qara, kiçik və 1-2 toxumludur. Keçmiş SSRİ məkanında iki növü - P.qinquefolia Planch. və P. tricuspidata Planch. yayılmışdır. Azərbaycanda isə P.qinquefolia Planch. növü dekorativ bitki kimi bağlarda, parklarda becərilir. Göbələk xəstəliklərinə qarşı davamlıdır. Sənaye şəhərləri şəraitində yetişdirilməyə yaxşı dözür.

Vitis L. cinsi. Özündə 70-ə yaxın növü birləşdirən üzüm- Vitis L. cinsi fəsilənin nümayəndələri arasında təsərrüfat-iqtisadi əhəmiyyəti, müxtəlifliyi və zənginliyi ilə seçilir. Bu cinsin nümayəndələri yer kürəsinin şimal yarumkürəsində mülayim və subtropik iqlimə malik zolağında yayılmışdır.

Vitis cinsi 2 -Euvitis Planch. (68 növ), Muscadinia Planch. yarımcinslərinə ayrılır.

Euvitis Planch. yarımcinsi. Bu yarımcinsə daxil olan 68 növdən 20-si mədəni şəkildə yetişdirilir ki, bunlardan keyfiyyətli gilələrin alınmasında və seleksiya işində keyfiyyətli, fillokseraya davamlı calaqaltıların alınmasında istifadə olunur. Onların gilələri yüksək dad keyfiyyəti ilə seçilir ki, bundan da təzə və qurudulmuş halda, mürəbbə, cem, şirə, şərab alınmasında istifadə olunur. Buzlaşma dövrünə qədər Euvitis cinsinin çoxsaylı növləri Avropa qitəsində, o cümlədən qitənin kifayət qədər nəmliklə və istiliklə təmin olunan tropik iqlim zonası bölgələrində, həmçinin Şimali Amerika və Şərqi Asiya ərazilərində geniş yayılmışdır. Materiklərin ayrılması və buzlaşma dövründən sonra bu yarımcinsin bir-birindən xeyli fərqlənən 3 coğrafi-ekoloji qrupu meydana gəlmişdir:

  • Avropa-Asiya növü - vinifera L.;
  • Şərqi Asiya növləri - amurensis Rupr. və s. (40 növ);
  • Şimali Amerika növləri - labrusca L. və s. (30-a qədər).

Vitis L. cinsinin içərisində geniş diapazonda təsərrüfat əhəmiyyətinə malik olanı mədəni üzüm (V.vinifera L.) növüdür. Azərbaycanın qədim bitkilər formasiyasına daxil olan yabanı və mədəni üzümlər bu növə mənsubdur. Vitis virifera L. çox polimorf olduğu üçün onu iki yarımnövə- Vitis vinifera ssp. sylvestris C.C. Gmel. (yabanı üzüm) və Vitis vinifera ssp. sativa D.C. (mədəni üzüm) ayrılmışdır.

Vitis vinifera ssp. sylvestris C.C. Gmel.- əsasən meşə, çay (Tuqay meşəliklərində) kənarları və meşələrdə (kifayət qədər nəmliyin olmasına görə) bitir. Yarpaqları sadə, yumru-yumurtaşəkilli, yaxud böyrəkşəkilli, kiçik, kənarları kəsiklərlə bölünməmiş, yaxud dayaz kəsikli

Azərbaycanda yayılmış yabanı üzüm formaları

Yabanı üzümün 4 taksonomik qrupu ilə (Vitis sylvestris var. typica Negr., Vitis sylvestris var. aberrans Negr., Vitis sylvestris var. balcanica Negr., Vitis sylvestris var. tabasaranica Negr. ) yanaşı Azərbaycanda elmə indiyə qədər məlum olmayan yabanı üzümün daha iki növmüxtəlifliyini də aşkar etmişdir: a) Vitis vinifera ssp. sylvestris var. Zangezur Mail- Zəngəzur mahalının Mehri, Zəngəzur meşələrində geniş ərazilərdə yayılmışdır. Giləsi ağ, xırda, gilədə 1-3, bəzi hallarda 2-4 toxum olur. b) Vitis vinifera ssp. sylvestris var. Alpan Mail- Quba rayonunun Alpan kəndinin meşələrində aşkar edilmişdir. İkievli bitkilərdir. Giləsi xırda, ağ, 2-4 toxumludur.3-5 dilimli, alt səthi tüklü, yaxud çılpaqdır. Erkək və funksional dişi tipli çiçəkləri olur. Salxımları seyrək, gilələri dəyirmi, qara rəngli, şirəli, turş tamlı bəzən dadlıdır. Toxumu kiçik, uzunluğu 6 mm olub, dimdiyi qısadır. Azərbaycan florasında üzümün təbii halda iki növünə (V. vinifera L. və V.labrusca L.) təsadüf edilir. Burada V.vinifera növü isə mədəni (Vitis vinifera ssp. sativa DC.) və yabanı halda (Vitis vinifera ssp. sylvestris C.C. Gmel.) yayılmışdır.

  1. Vinifera L. növünün ən populyar yarımnövü mədəni üzümdür (V.v.ssp. sativa DC.). Bu yarımnöv sort, forma və klon zənginliyi və polimorfizmi ilə seçilir. Bu yarımnövə mənsub olan bitkilər dünyada geniş miqyasda əkilib-becərilir, məhsulu xalq təsərrüfatında və istehsalatda geniş istifadə edilir. V.v.ssp. sativa DC. (mədəni üzüm) Vitis L. cinsinin ən böyük və populyar taksonudur. Mədəni üzüm (V.v.ssp. sativa DC.) yarımnövünə mənsub olan sort, forma və klonlar biomorfoloji, texnoloji xüsusiyyətlərinə görə bir-birilərindən seçilərək, bir sıra müsbət təsnifat və seleksiya əhəmiyyətli əlamətləri özlərində daşıyırlar. Yarımnövün (V.v.ssp. sativa DC.) zəngin müxtəlifliyə malik olması seçmə və seleksiya işlərində onlardan başlanğıc material kimi istifadə edərək yeni keyfiyyətə, xüsusiyyətlərə malik formaların yaradılmasına geniş imkanlar yaradır .

Təsərrüfat-iqtisadi və seleksiya əhəmiyyəti ilə səciyyələnən cinslərin nümayəndələri getdikcə dünyanın bir çox ölkələrinə yayılmışdır.

Mədəni halda becərilən üzümün (Vitis vinifera ssp. sativa D.C.) coğrafi yayılması və bioloji xüsusiyyətlərinə görə üç ekoloji-coğrafi qrupa bölünür:

  • convar orientalis -şərq qrupu;
  • convar pontica- Qara dəniz hövzəsi qrupu;
  • convar occidentalis Negr.- qərbi Avropa

Orta Asiya, Azərbaycan, Gürcüstanın şərq rayonları, Dağıstan, İran, Əfqanıstan, Yaxın Şərq ölkələri və Afrikada becərilən üzüm sortları Şərq qrupu sortlarına (convar orientalis Negr.) aid edilir. Şərq qrupu iki -subconvar caspica Negr. və subconvar antasiatica Negr. yarımqruplarına ayrılır. Subconvar caspica Negr. yarımqrupuna Əfqanıstanın, İranın, Orta Asiyanın, Şərqi Gürcüstanın, Azərbaycanın və Dağıstanın süfrə-texniki üzüm sortları, subconvar antasiaticaNegr. yarımqrupuna isə- Azərbaycan, Dağıstan və Türkmənistanın gilələri bərk, lətli süfrə üzüm sortları daxildir. Tarixi inkişaf prosesində süni seçmə nəticəsində bu qrupa daxil olan sortların yaranma və formalaşmasında tədricən dəyişkənliklər baş vermişdir. Bu ekoloji-cografi qrupun formalaşdığı əraziləri əhatə edən ölkələrdə üzümçülük və şərabçılığın inkişafı sortmüxtəlifliyinə səbəb olmuşdur. Qədim zamanlarda Qərbi Asiya vadisi, Azərbaycan, Şərqi Gürcüstan ərazisində şərabçılığın güclü inkişafı bu ərazilərdə orta, yaxud xırda salxımlı, xırdagiləli, yerli yabanı üzümə oxşar olan texniki üzüm sortların becərilməsinə təkan vermişdir. Bu cür xüsusiyyətə malik olan sortlar hal-hazırda da Mərkəzi Asiya respublikalarında, Azərbaycanda və Şərqi Gürcüstanda əkilib-becərilir. Bu sortlar Xəzər yarımqrupuna (caspica Negr.) aid edilir. Sonralar şərqdə islam dininin yayılması ilə əlaqədar olaraq daha çox təzə halda istifadə və qurutma üçün irigiləli, irisalxımlı süfrə istiqamətli üzüm sortlarına üstünlük verildi. Bu sortlar şərq qrupunun antasiaticaNegr. yarımqrupuna ail edilir.

Qara dəniz hövzəsi (convar pontica Negr.) qrupuna mənsub olan sortlar əsasən Moldaviya, Rumıniya, Bolqarıstan, Macarıstan, Yunanıstan, Türkiyə, Azərbaycan və Gürcüstanın qərb ərazilərində yayılmışdır. Bura daxil olan sortlar yarpaqlarının alt səthinin keçəvari (pambıqşəkilli), torvari və cod tükcüklülüyü, salxımlarının orta ölçülü, sıx, bəzən seyrək, gilələrinin iri, orta ölçülü, dəyirmi formada, lətinin şirəli, gilənin rənginin ağ və qara, bəzən isə çəhrayı olmaları ilə səciyyələnirlər. Toxumları xırdadır. Bu sortlar Qara dəniz hövzəsi daxil olan ölkələrdə yerli yabanı üzüm formalarının uzun illər xalq seleksiyası yolu ilə seçilməsinin məhsuludur. Qrupa daxil olan sortlar morfoloji əlamətlərinə görə yabanı üzümə oxşardı. Onlar kifayət qədər qısa vegetasiya müddətinə malik olub, şaxtaya davamlılıqları və quraqlığa davamsızlıqları ilə seçilirlər. Tənəklərinin boy gücü orta və yüksəkdir. Tənəklərində barlı zoğların miqdarı xeyli yüksək olub, 2 və daha çox salxımlı zoğlar çoxluq təşkil edir (zoğların bar əmsalı 0,6-0,8). Sortların əksəriyyəti yüksəkməhsuldardır (10-15 ton/ha). Qrupa daxil olan sortların əksəriyyəti texniki (Rkasiteli, Saperavi, Çinuri və s.), yaxud süfrə-texniki (Ağ çauş, Şabaş, Qalan və s.) istiqamətli olub, bir qismi tipik süfrə sortlarıdır.

Bu qrupda gilələri qismən partenokarpiya (noxudlaşma) və tam partenokarpiya (obliqat) yolu ilə inkişaf edən sortlar (korinka, yaxud yunan üzümü qrupu) çoxluq təşkil edir.

Qərbi Avropa sortlar qrupuna (convar occidentalis Negr.) daxil olan sortlar Avropa ölkələrində (Fransa, İtaliya, Almaniya, İspaniya, Portuqaliya və s.) yayılıb və onların hər biri bu qrupdan olan yerli sortların zəngin genofonduna malikdir. Bu qupa daxil olan sortların mənşəyi yerli yabanı üzüm formalarıdır. Onlar morfoloji əlamətlərinə görə yabanı üzümə çox oxşardırlar. Qrupa daxil olan sortların hamısı texniki istiqamətlidir. Bu qrupda gilələri partenokarpiya yolu ilə inkişaf edən sortlara rast gəlinmir.

Şimali Afrika qrupuna (convar Nord-Africa Gram.) məhsub olan sortlar uzun vegetasiya müddətinə malik, əksərən həmişəyaşıl bitkilərdi. Tənəklərində tumurcuqları gec açılır, yarpaqları gec tökülür. Xəstəlik, zərərvericilərə, o cümlədən şaxtaya davamsızdırlar. Qrupa daxil olan sortlar hamısı süfrə istiqamətlidir.

Azərbaycan alimləri müəyyən etmişdirlər ki, respublikamızda yayılmış üzüm sortlarının ümumi tərkibinin 80-90%-ni şərq (convar orientalis Negr.), 10-15%-ni Qara dəniz hövzəsinə (convar pontica Negr.) aid sortlar təşkil edir.

Son ədəbiyyat məlumatına görə V. vinifera L. növünə (Avrasiya növünə) 12 mindən çox sort, forma və klon daxildir. V. vinifera L. növünə mənsub olan üzüm genofondunun böyük bir hissəsinə əsasən xalq seleksiyasının məhsulu olan aborigen üzüm sortları daxildir.

Şərqi Asiya növləri: Bu növ özündə üçüncü dövrdən qorunub saxlanılmış 39 növü birləşdirir. Bu növlər gilələrinin pis keyfiyyətə malik olub, istifadə olunmaması səbəbilə az öyrənilmişdir. Bunlar arasında yalnız əhəmiyyət daşıyan növ V.amurensis Rupr.-dur. Buzlaşma dövründən sonra bu növ kəskin iqlim, torpağın dərin donması və yüksək rütubətlik şəraitində şaxtaya yüksək davamlılıq və rutubətə tələbkarlıq xüsusiyyəti qazanmışdır. Bu növə daxil olan bitkilər qısa vegetasiya müddəti və güclü inkişafı ilə xarakterizə olunurlar. Avrasiya materikinin cənub rayonlarında bitən digər Şərqi Asiya növləri yuxarıdakı əlamətləri qazanmamışdırlar.

Amur üzümü morfoloji əlamətlərinə və bioloji xüsusiyyətlərinə görə Avropa-Asiya üzüm növündən fərqlənir. Bu bitkilərin lianları çox güclü inkişaf edir, uzunluğu 25 m-ə qədər çatır, gövdələri yoğun (diametri 18 sm-ə qədər) olur. Bu növün növmüxtəlifliklərinin əksəriyyəti ikievli bitkilərdir. Onlar arasında hermafrodit çiçək tipinə malik olan bitkilər də aşkar olunmuşdur.

Amur üzümü şaxtaya yüksək davamlılıqları (-40°C) ilə yanaşı, qısa vegetasiya müddəti, göbələk xəstəliklərinə, xüsusilə də milduya nisbətən davamlı olmaları ilə seçilirlər. Fillokseraya isə davamsızdırlar. Avropa-Asiya sortları onlara calaq olunduqda sortların yetişmə dərəcəsi yaxşılaşır, şaxtaya davamlılıqları yüksəlir.

Mildiu və fillokseraya davamsızlıqları bu növün çatışmayan cəhətidir.

Lakin tumurcuq və zoğların yüksək şaxtaya davamlılıq xüsusiyyəti amur üzümünün bütün ekotiplərinin xarakterik əlamətləridir. Amur üzümünün ekotipləri milduya qarşı davamlılığa münasibətdə heterogendirlər. V.amurensis növü qiymətli bioloji əlamət olan şaxtaya davamlılığın donoru kimi üzümün seleksiyasında böyük əhəmiyyət kəsb edir.

Ölkəmizdə üzümçülüyün inkişafı baxımından üzümün Amerika növlərinə maraq böyükdür. Amerika növləri qrupuna Bu qrupa 28 növ daxildir ki, onlardan 18-i yaxşı öyrənilmişdir. Onlardan isə yalnız bir neçəsi praktiki əhəmiyyətə malik olub, seleksiya işlərində istifadə üçün əkilib-becərilir.

Amerika növləri mədəni şəraitdə Amerikanın kəşfindən sonra becərilməyə başlamışdır. Həmçinin XVII əsrdə Amerika qitəsində yüksəkkeyfiyyətli Avropa-Asiya üzüm sortlarının becərilməsinə cəhd edilsə də bunlar uğursuz alınmışdır. Amerika torpaqlarının yüksək miqdarda karbonatlı olması, göbələk xəstəlikləri, xüsusilə də güclü inkişaf edən fillokseranın təsirindən Avropa-Asiya üzüm sortları məhv olmuşdur.

Lakin Şimali Amerikanın meşələrində biavasitə təbii çarpazlaşma nəticəsində kifayət qədər yüksək dad keyfiyyətinə malik, gilələri iri, ağ və çəhrayı rəngli, ikicinsli çiçək tipinə malik olan hibridləri yaranmışdır. Amerika növlərinin Avropa-Asiya növü ilə təbii hibridləri müqayisədə fillokserraya və göbələk xəstəliklərinə qarşı davamlılıqları ilə seçilmişlər. Meşədə bitən belə təbii hibridlərin ən yaxşılarının seçilib mədəni şəkildə becərilməsi nəticəsində təzə halda istifadə və emal üçün yararlı olan nümunələr meydana gəlmiş və bunlar "«Amerika biləvasitə hasiledici hibridləri»" adı ilə məlumdurlar. Onlardan ən geniş yayılanları amerikanın İzabella, Konkord, Katavba, Lidiya, Noa sortlarıdır. Hal-hazırda bu üzüm sortları ABŞ-ın şərq ştatlarında geniş, Avropanın bəzi üzümçülük bölgələrində az miqdarda əkilib-becərilir.

Amerika növləri Avropada, xüsusilə də Fransa, İtaliya və digər ölkələrin üzümlüklərində filloksera yayıldıqdan və Avropa-Asiya üzüm sortlarından ibarət üzüm bağlarının kütləvi məhv olduqdan sonra daha da populyarlaşdılar.

Amerika növlərinin üzərində aparılan çoxillik tədqiqatlar nəticəsində onlar arasından fillokseraya və göbələk xəstəliklərinə qarşı davamlı formaları seçməyə imkan vermişdir.

Bunlardan V.vulpina L. (V.riparia Michx.), V.rupestris Scheele., V.berlandieri Planch. növləri daha çox praktiki əhəmiyyətə malik olduğundan onlar daha çox miqdarda Avropaya, xüsusilə də Fransaya aparılmışdır. Bu növlərin gilələri yeyilməli olmasada, onlar calaqaltı kimi istifadə olummasına cəhdlər edilmişdir. Lakin bu növlər Avropa qitəsinin torpaq-iqlim şəraitinə uyğunsuzluq ğöstərdilər. Onların Avropa-Asiya sortları ilə calağı zamanı calaqlar zəif affinet xüsusiyyəti, zəif boyatması, barsızlığı və xlorozla sirayətlənmələri ilə nəticələndi. Lakin uzunmüddətli seleksiya tədqiqatları aparılaraq amerika növlərinin seçilməsi, onların öz aralarında və Avropa-Asiya üzüm sortları ilə çarpazlaşdırılmasından əldə olunan hibridlərin Avropa şəraitində becərilməsi nəticəsində, buranın müxtəlif torpaq-iqlim şəraitinə uyğun olan, fillokseraya davamlı onlarla çalaqaltı sortlar yaradılmışdır.

Fillokseraya davamlı calaqaltıların yaradılması və seçilməsi tədqiqatları ilə yanaşı alimlər amerika növlərinin Avropa-Asiya sortları ilə hibridləşdirilməsi nəticəsində Avrasiya üzümünə məxsus yüksək məhsuldarlıq və keyfiyyət əlamətlərini və amerika növlərinə xas fillokseraya davamlılıq xüsusiyyətini özündə daşıyan sortların yaradılması məqsədilə növlərarası hibridləşmələr də həyata keçirmişlər.

Belə hibridlər "biləvasitə hasiledici hibridlər" adlandırılır. Bunlara Kuderk 4401, Zeybel 1, Zeybel 14, Zeybel 1000, Bako 1, Kastel 120, Terras 20 və baş. misal göstərmək olar.

Bu hibridlər Avropa ölkələrinin və Rusiyanın üzümlüklərində kifayət qədər geniş yayılsada onların xüsusiyyətlərindəki fillokseraya davavamlılıqlarındakı və gilələrinin keyfiyyətindəki çatışmazlıqlar sonradan onların fillokseraya qarşı davamlı amerika calaqaltıları ilə calaq olunmuş yüksəkkeyfiyyətli və məhsuldar Avropa-Asiya üzümləri ilə əvəz olunmasına gətirib çıxardı.

Amerika növləri arasında kifayət qədər geniş yayılanları, hərtərəfli tədqiq olunanları və təcrübi əhəmiyyəti ilə seçilənləri V. labrusca L., V.vulpina L. (V.riparia Michx.), V.rupestris Scheele.,V.berlandieri Planch., V.lincecumii Buckly, V.cordifolia Michx. növləridir. Vaxtilə Azərbaycana introduksiya olunub geniş becərilən İzabella sortunun vətəni Şimali Amerikadır. Sort V.labrusca L. və V.vinifera L. növlərinin təbii hibridi hesab edilir.

İzabella üzüm sortu mildiu və oidium xəstəliyinə davamlıdır. Məhz buna görə də illik yağıntıların miqdarı çox olan Lənkaran bölgəsində, xüsusilədə Lənkaran rayonunda rayonlaşdırılaraq əkilib becərilir. Sort yaxşı böyüyüb inkişaf etdiyindən, xəstəlik və zərərvericilərə davamlı olduğundan, habitusunun, o cümlədən yarpaq və meyvələrinin görünüşü ekzotik olduğundan dekorativ bitki kimi də respublikamızın əksər rayon və kəndlərində həyətyanı təsərrüfatlarda əkilib becərilir.

Izabella sortunun Şimali Amerikanın Dorçester meşələrində tapıldığı və 1816-cı ildən mədəni hala keçirildiyi ehtimal edilir. Sort xeyli müddətdən sonra Cənubi Amerikaya, Afrikaya, Asiyaya və Avstraliyaya yayılmışdır. İzabella sortu Avropaya yayılan ilk Amerika mənşəli sortlardan biridir. Sortun əlverişsiz iqlim şəraitinə, xəstəlik və ziyanvericilərə davamlılığı, yüksək məhsuldarlığı Avropa üzümçülərinin diqqətini cəlb etdi və tezliklə geniş yayıldı. Sort Rusiyaya XIX əsrin 50-ci illərində Fransadan gətirilmiş, oradan isə Gürcüstana, daha sonra isə Azərbaycana introduksiya olunmuşdur. Rusiyada Krasnodar, Krım və Dağıstan ərazilərində, Gürcüstanda isə daha çox Abxaziya və Acariyada əkilib becərilir. Gürcüstanda sortdan həm təzə halda, həm də ki, şərab istehalında istifadə edilir. Burada Mqaloblişvili və Dzvelşavi sortları ilə İzabella sortunun qarışığından “Salxino” markalı desert şərabı istehsal olunur.

Vaxtılə Azərbaycanda İzabella sortunun becərildiyi sahələr 300 hektardan çox ərazini əhatə edirdi ki, bunun da 200 hektara yaxını Lənkəran rayonunda və Qarabağ ərazisində yerləşirdi. Azərbaycanın bəzi rayonlarında “Ayı üzümü” adı ilə məhsurdur.

İzabella sortunun valideynlərindən biri olan V.labrusca L. (İzabella üzümü) növü Amerika mənşəli növlər içərisində kifayət qədər geniş yayılmışıdır. Vətəni Şimali Amerikanın Şimali Karolina ştatıdır. Növ təbii şəkildə Kanadanın cənub-şərq və ABŞ-ın şimal-şərq hissəsindəki düzən nəmli yerlərində qumsal torpaqlarında, çay kənarları boyunca yayılmışdır. Növün nümayəndələri şaxtaya davamlılığı ilə seçilir, göbələk xəstəliklərinə davamlılıqları yüksəkdir, filloksera ilə zəif sirayətlənir.

Vitis labrusca L. növünün lianları 30-40 m uzanan, gövdəsinin diametri 20-25 sm, zoğu qonur rəngli və ya tünd şabalıdı, tükcüklü, bığcığı qısa, 2-3 haçalıdır. Yarpaqları iri, enli yumurtaşəkilli yaxud dəyirmi formalı, kənarları bütöv, çox da aydın hiss olunmayan kəsiklə 3-5 dilimə bölünür. Gilələri orta ölçülü və ya iri, şarşəkilli, tünd bənövşəyi, qara yaxud çəhrayı rəngli, muskat dadı verir. Giləsi 2-4 toxumlu olub, toxumunun uzunluğu 5-8 mm, dimdiyi çox qısadır. A.Qrossheymə görə, Şimali Amerika növləri qrupuna aid edilən V.labrusca L. (İzabella üzümü) Talış meşələrinin Lənkəran-Astara bölgəsində daha geniş yayılmışdır və bu bölgənin relikt bitkilərindəndir.

V.vulpina L. (V.riparia Michx.)- Sahil üzümü. Bu üzüm növü Şimali Amerikanın şərq hissəsində- Kanadanın şimal rayonlarından ABŞ-ın cənub ştatlarına (Texas, Kolorado və s.) qədər yayılmışdır. Bu növ yüksək şaxtaya davamlılıqları (-30°C-yə qədər) ilə səciyyələnirlər. Bunlar göbələk xəstəlikləri ilə sirayətlənmirlər və fillokseranın kök formasına davamlıdırlar. Növün tənəkləri çubuqla yaxşı çoxalır və yüksək kökatma qabiliyyətinə malikdir. V.vulpina L. və V.labruscaL. növlərinin hibridləşməsindən çoxlu təsərrüfat əhəmiyyətli hibridlər alınmışdır. V.vulpina L. növündən seleksiyada fillokseraya davamlı calaqaltı sortların alınmasında istifadə edilir. Seleksiya nəticəsində bu növə məhsub olan təcrübi əhəmiyyətli Riparia Qluar de Monpele (Riparia Qluar), Riparia Qran, Qlabr sortları və Solonis x Riparia 1616 və s. hibridləri alınmışdır.

V.rupestris Scheele. növü. Bu növ ABŞ-ın mərkəzi və cənub ştatlarında geniş yayılmışdır. Əksəriyyəti çox da hündür olmayan güclü şaxələnən kol bitkiləridir. İşıqlı, günəşli, isti və açıq sahələrdə çınqıllı, quru və yüngül, karbonatın miqdarı 18-20%-dən yuxarı olmayan torpaqlarda normal bitir. Xəstəliklərə, fillokseraya, şaxtaya, quraqlığa davamlıdırlar. İstiyə tələbkar bitkilərdilər. Bu növ yeni təsərrüfat əhəmiyyətli hibridlərin və fillokseraya davamlı sortların alınmasında geniş istifadə edilir.

Bu növə mənsub olan Rupestris dyu Lo növü və Riparia x Rupestris 101-14, Riparia x Rupestris 3309, Murverd x Rupestris 1202, Aramon x Rupestris Qanzen № 1 hibridləri qiymətli fillokseraya davamlı calaqaltılardır.

V.berlandieri Planch. növü (Dağ üzümü, Qış üzümü. Bu növün nümayəndələri ABŞ-da Texas ştatının mərkəzi və cənub və Meksikanın şimal ərazilərində yayılmışdır. Kolları çox da böyük olmayan lianlardır. Fillokseraya və xəstəliklərə ən davamlı növdür. Avropaya 1887-ci ildən sonra gətirilmişdir. 22-28°C şaxtaya, 40-45°C temperatura davam gətirir. Əhəngli torpaqlarda normal bitir, lakin torpaqda ənəng həddindən artıq çox olduqda davamsızlıq göstərirlər. Digər Amerika növlərindən fərqli olaraq torpaqda əhəng qarışığının miqdarı 65%-ə qədər olduqda, V.vinifera növü ilə hibridləri isə 40-45% əhəngli torpaqlarda davamlılıq göstərirlər. Şaxtaya davamlılığı digər növlərə nisbətən aşağıdır. Bu növdən seleksiyada yüksək əhəngli torpaqlara davamlılıqları ilə səciyyələnən fillokseraya davamlı calaqaltı sortların alınmasında istifadə edilir.

V.berlandieri x V.riparia Kober 5BB, V.berlandieri x V.riparia 420A, V.berlandieri x V.riparia Teleki 8B, V.berlandieri x V. riparia CO4, Kreçunel 2, Şasla x Berlandieri 41B, V.berlandieri x V. Riparia Rixter 99 və s. yüksəkkeyfiyyətli geniş yayılmış fillokseraya davamlı çalaqaltı formalardır.

V.lincecumii Buckly növü. Bu növ istiliyə çox tələbkar bitki olub, Mərkəzi və şərqi Texasda, Luizanada, çay kənarlarında, adətən palıd meşəliklərində, isti və quraq iqlim şəraitində yayılmışdır. Göbələk xəstəliklərinə davamlılıqları orta, fillokseraya davamlılığı yüksəkdir. Bu növə mənsub olan bitkilər əhəngli torpaqlarda zəif inkişaf edir. V.lincecumii,V.rupestris və V.vinifera növlərinin öz aralarında çarpazlaşdırılmasından təsərrüfat əhəmiyyətli bir sıra hibrid formaları (Zeybel 1, Zeybel 20, Zeybel 1000, Zeybel 4986 və s.) alınmışdır. Sortlarının əksəriyyətinin gilələri iri və yeyilməlidir.

V.cordifolia Mİchx. növü. Güclü boyatan, yaxşı inkişaf edən, yoğun gövdələrə malik lian bitkilərdir (gövdələrinin diametri 80 sm-ə qədər çatır). Güclü polimorf növdür. ABŞ-da, Pensilvaniya ştatının şimalından Florida ştatının şimalına qədər, Kanzasın qərbində, Okloxomanın şərqindən Texasın mərkəzinə kimi Missuri cayının hövzəsində yayılmışdır. Tənəkləri gilli, əhəngli-cınqıllı torpaqlarda yaxşı bitdiyi halda, əhəngli və quru torpaqlarda zəif inkişaf edir. Torpaqdakı əhəngin miqdarına (10-12%-ə qədər) həssasdırlar. Xəstəliklərə, fillokseraya və quraqlığa davamlıdırlar. Digər amerika növləri ilə asan çarpazlaşır. Fillokseraya davamlı calaqaltıların alınması baxımından təcrübi əhəmiyyətlidir. Bu növün xüsusilə V.rupestris növü ilə çarpazlaşdırılmasından alınan fillokseraya davamlı calaqaltı sortu ((Riparia x Cordifolia) x Rupestris 106-8) kifayət qədər geniş yayılmışdır.

Tədqiqatlar zamanı aydınlaşdırılmışdır ki, Azərbaycanda 50-yə yaxın sort Qara dəniz hövzəsi sortları qrupunun əlmətlərini daşıyır. Bunların isə əksəriyyəti universal və süfrə istiqamətli üzüm sortlarıdır. Naxçıvanda becərilən üzüm sortlarının 94%-i şərq ekoloji-coğrafi (convar orientalis Negr.), 6%-i isə Qara dəniz hövzəsi (convar pontica Negr.) üzüm sortları qrupuna mənsubdur.

Ədəbiyyat mənbələrindən məlumdur ki, bu qrupa daxil olan sortların salxımları və gilələri xırda, yaxud orta ölçüdə olub, əsasən texniki istiqamətlidirlər. Əldə olunan nəticələrə əsaslanaraq söyləmək olar ki, bu sortlar Qara dəniz hövzəsi qrupunun formalaşma istiqamətinin bir qolu olub, Azərbaycan bölgəsinə məxsus inkişaf yolu keçmiş, bu şəraitə adaptasiya olunmuş bir qrup üzüm sortlarıdır.