Haqqımızda

Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərin­dən biri olub, qədim üzümçülük və şərabçılıq diyarıdır. İndiki Azərbaycan ərazi­sində üzümün becərilməsinin qədimliyini çoxsaylı ədəbiyyat məlumatları, eləcə də arxeoloji qazıntılar zamanı tapılmış çoxsaylı qədim əşyalar, maddi mədəniyyət abidələri, üzüm bitkisinin müxtəlif orqanlarının, üzüm və şərabçılıq məhsullarının qalıqları sübut edir.

Hazırda Şimali Amerika, Şərqi Asiya və Avropa əraziləri dünyada üzüm bit­kisinin mənşə mərkəzləri hesab olunur. Avropa, Qafqaz respublikaları, xüsusilə də Azərbaycan üzüm bitkisinin ən qədim mənşə, yaranma və formalaşma mərkəzlə­rindən olub, yabanı üzüm formaları və qiymətli yerli üzüm sortları ilə zəngindir.

Üzüm bitkisinin qazıntılar zamanı tapılan yarpağının qalıqları və toxumları sübut edir ki, üzüm 55 milyon il bundan qabaq, bizim planetin geoloji tarixinin üçüncü dövründə meydana gəlmişdir. Buna əyani sübut olaraq Azərbaycanın Naxçıvan bölgəsindən tapılan yabanı üzümün daşlaşmış qalıqlarını ən dəyərli tapıntı kimi göstərmək olar. Təxminən 500 min il tarixə təsadüf edən yabanı üzüm yarpağının daşlaşmış qalıqları Araz çayının ətrafında, yuxarı pliosen qatında Naxçıvan ərazisindən tapılmışdır.

Bozdağın qərb hissəsində (Göy-göl rayonunda) geoloji tədqiqat apararkən 1-2 milyon il bundan qabaq əmələ gəlmiş Abşeron adlanan çöküntülərdə yabanı üzümün yarpaqlarının daş üzərindəki izlərindən ibarət zəngin tapıntılar aşkar olunmuşdur. 1962-ci ildə Ağstafa yaxınlığında eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində ən azı 7000 illik tarixi olan mədəni üzüm toxumları arxeoloji qazıntılar zamanı tapılmışdır. Arxeoloji qazıntılar zamanı Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə abidəsindən 3500 il bundan əvvələ aid üzüm toxumları və daşlaşmış gilələr aşkar olunmuşdur. Toxumların ən irisi 6,5 mm, gilələrin ən böyüyü isə 18-20 mm ölçüdə olmuşdur. Mütəxəssislər gilə və toxumların süfrə üzüm sortlarına məxsus olduğunu göstərirlər. Gəncəçay ərazisində son tunc dövrünə aid olan bir kurqandan tapılan gil qabın içərisindəki qalıqlarda şərab çöküntüləri və üzüm toxumları çoxluq təşkil etmişdir. İçərisində üzüm qalıqları olan şərab küpləri Mingəçevirdə tunc dövrünün sonuna aid olan qədim qəbirlər­dən də tapılmışdır. Qazax şəhərinin qərbindəki Sarıtəpə adlı qədim yaşayış yerində arxeoloji qazıntılar zamanı iri küplər, üzüm gilələri və toxumları tapılmışdır. Eramızdan əvvəl II minilliyin sonuna aid olan bu tapıntılar üzərində tədqiqat aparan professor A.M.Neqrul onların mədəni üzümə aid olduğunu müəyyən etmişdir.

Azərbaycanda şərabçılığın qədim tarixi abidələrindən biri də 1931-ci ildə Göy-göl rayonu yaxınlığında təpənin qazılması zamanı Y.H.Hummel tərəfindən tapılmış küpdür. 1939-1949-cu illərdə B.B.Piotrovski (1949, 1950) bu tapıntını tunc dövrünə - e.ə. II minilliyin sonu və birinci minilliyin əvvəlinə - aid etmişdir. Küpün içərisində üzüm toxumları, habelə şərabın daşlaşmış çöküntüləri olmuşdur. 1956-cı ildə Gədəbəy rayonunun Xar-xar kəndində XVI əsrə aid edilən küp və şərab saxlamaq üçün nəzərdə tutulan başqa qablar tapılmışdır. Tədqiqatlarla aydınlaşdırılmışdır ki, tapılan küp şərab istehsalı və saxlanılması üçün hazırlan­mışdır. Küpdəki qalıqların tədqiqatı göstərmişdir ki, burada şərab çöküntüləri üstünlük təşkil edir. Arxeoloji qazıntılar zamanı tapılan üzüm qalıqları, təsərrüfat küpləri ilə yanaşı üzümçülük və şərabçılıqda işlədilən qədim əmək alətlərini (sal­xımların töküldüyü hovuz, üzüm əzmək üçün axurlar, üzüm əzən alətlər, küplər, qədəhlər və s.) Azərbaycan əhalisinin əkinçilik mədəniyyətinin qədimliyindən xəbər verir. Azərbaycanın ayrı-ayrı bölgələrində yüz illərdir ki, yetişdirilən xalq seleksiyasının məhsulları olan rəngarəng yerli üzüm sortları (400-dən çox) və xiyabanlarda rast gəlinən yaşlı üzüm tənəkləri, habelə üzümdən hazırlanan müxtəlif çeşidli məhsullar (mürəbbə, riçal, doşab, sirkə, abqora, sucuq, kişmiş, mövüc, turşaşirin, şirə, şərbət, şərablar, spirt və s.) bu ərazidə əhalinin üzümçü­lüklə kor-koranə deyil, məqsədyönlü məşğul olduğunu göstərir.

Müxtəlif dövrlərdə yaşamış dünyanın məhşur tarixçi, səyyah, coğrafiyaşünas alimlərinin əsərlərində, qeydlərində, xatirələrində də Azərbaycanın üzümçülüyü və şərabçılığı haqqında dəyərli fikirlər vardır. Heredot (e.ə. V əsr), Pliniyin (e.ə. 23-79-cu il), Strabonun (e.ə. I əsr-eramızın II-III əsri, 330-400-cü illər), Əbü Düləfilin (X əsr), Afanasi Nikitinin (XI əsr), Məsud ibn Nəmdarın (XII əsr), Yexstafinin (XII əsr), Həmdullah Qəzvinin (XIII əsr), Mikluxo-Maklayın (XIII əsr), Rəşid əd-dinin Əbdürəşid Qamivinin (XIII əsr), Marko Polonun (XIII-XIV əsr), Adam Oleraninin (XVII əsr), Evliya Çələbinin (XVII əsr), Korneli de Bruinin (XVII-XVIII əsr), İ.İ.Şopenin (XIX əsr), Fridrix Marşal fon Biberşteynin (XVIII-XIX əsr) və başqalarının əsər, xatirə və qeydlərində üzümün ən qədim vətənlərindən birinin Azərbaycan olduğu barədə fikirlər vardır.

VII-VIII əsrdə yaşamış Alban tarixçisi Moisey Kalankatuklu “Albaniya tarixi” əsərinin xəzərlərin Qafqaza hücumuna həsr olunmuş fəslində bizim eramızdan əvvəlki I əsrdə Azərbaycan ərazisində üzümçülük və şərabçılıq ilə məşğulluq və buranın qiymətli üzümləri barədə mülahizələrə rast gəlinir.

Azərbaycanın şifahi xalq ədəbiyyatının ən qədim (VII əsr) abidəsi olan «Kita­bi Dədə Qorqud» dastanında da üzümçülük və şərabçılığın mövcud olduğunu sübut edən kəlamlara rast gəlirik. XIII əsrdə yaşamış Azərbaycanın dahi şairi Nizami Gəncəvi «İsgəndərnamə» və «Yeddi gözəl» poemalarında yazırdı ki, Azərbaycan üzüm və digər meyvələrlə zəngindir.

Ərəb tarixçiləri və coğrafiyaçıları - Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəd­dəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gəncə ətrafında və Azərbaycanın di­gər regionlarında üzümlüklərin mövcudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb coğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «...bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Pliniy (e.ə. 23-79-cu il), yunan coğrafiyaşünası Strabon (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330-400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol oyna­dığını qeyd etmişlər.

Almaniyanın feodal hakimlərindən biri olan Qolştiniya hersoqu III Fridrixin (1616-1659) Səfəvi sarayına göndərdiyi elçilər heyətinin tərkibində 1636-1638-ci illərdə Azərbaycana gəlmiş Adam Oleari yurdumuzu başdan-başa gəzmişdir. Adam Oleari ilk dəfə 1647-ci ildə nəşr olunmuş məşhur «Moskva dövlətinə, Moskva dövlətindən İrana və oradan geriyə səyahətin təsviri» adlı səyahətnamə­sində yurdumuz barədə bir çox maraqlı məlumatlarla yanaşı Azərbaycanın bitki aləminə də geniş yer vermiş, burada yetişdirilən üzüm sortlarından ətraflı söhbət açmışdır. Səyyah yazmışdır ki, Səfəvilər dövlətində «çoxlu üzüm sortu var». Ən yaxşı üzüm sortlarına isə Şirazda, Təbrizdə, Tarumda, Ordubadda, Şamaxıda, Astarada rast gəldiyini qeyd edir. Adam Oleari Təbrizi, Xalac üzüm sortlarını çox yüksək qiymətləndirir və Almaniyada belə sortların olmadığını söyləyir. Azərbay­can ədəbiyyatının VII əsr abidələrindən biri olan «Kitabi Dədə Qorqud» həmin dövrdə burada üzümçülüyün və şərabçılığın mövcudluğundan xəbər verir. Oğuz­ların keyf məclisinə həsr olunmuş rəvayətdə «Səksən yerdə küplər, qızıl dolçalar qoyulmuşdur, hamı içirdi ... Keyf məclisi uzun çəkdi. Tünd şərab Ulam Salar Qa­zanın oğlunu məst etmişdir» deyilir.

İslamın qadağan etməsinə baxmayaraq Azərbaycanda nəinki üzümçülük, hətta şərabçılıq da qorunub saxlanmışdır. Lakin bu sahə öz inkişafında şərab istehsalının qadağan edilməsi və üzümçülükdə yüksək vergilərin qoyulması ilə əlaqədar olaraq kənd təsərrüfatının digər sahələrindən geri qalmağa başlamışdır.

XIV əsrə aid yazılı mənbələrdə deyilir ki, Azərbaycanın bir sıra yerlərində həmçinin mövüc, sirkə, abqora və s. hazırlanırdı. Üzümçülüklə məşğul olan kənd­lilər öz şəxsi tələbatı və eləcə də satış üçün üzümdən doşab, turşa-şirin və digər şirniyyatlar hazırlayırdılar.

Bütün göstərilən tarixi faktlar Azərbaycanın indiki ərazisində kaspilərin, midiyalıların və albanların yaşadığı dövrə aiddir. Bu faktlardan aydın olur ki, min illər ərzində üzümçülük bir sahə kimi öz mövcudluğunu saxlaya bilmişdir.

Monqolların Azərbaycana hücum etdikləri dövr üzümçülüyün inkişafında həlledici rol oynamışdır. Monqolların hökmranlığı dövründə monqol ordusunu saxlamaq üçün əhali xüsusi vergiyə cəlb olunurdu. Onun həcmi qeyri-müəyyən idi, hər vergi verəndən təxminən 40 kq buğda, 20 litr şərab və bir qədər pul tələb olunurdu.

Həmdulla Qəzvini Azərbaycanın cənubunda pambıq, buğda, düyü, meyvə və üzüm yetişdirilməsi barədə maraqlı məlumatlar verir. XV əsrdə Azərbaycanda öz iqtisadi inkişafına görə Şirvan bölgəsi çox fərqlənirdi. Ölkənin cənub zonası ilə müqayisədə Şirvanda kənd təsərrüfatının inkişaf səviyyəsi yüksək, məhsul çox və məhsulların qiyməti aşağı idi. 1475-ci ildə Şirvanda olmuş Ambroce Kontarini yazır ki, Şabran şəhərində yerli əhalinin ehtiyaclarını ödəyəcək qədər taxıl, pambıq, düyü, üzüm, tərəvəz və meyvə istehsal olunurdu. Məşhur rus səyahətçisi Afanasi Nikitin Bakıda olmuş, qala ətrafı yerlərin bitkisiz, ancaq Abşeron yarımadasının şimal hissəsində meyvə bağları və üzümlüklər olduğunu qeyd etmişdir. I Pyotrun dövründə inkişaf etmiş Rus manufaktur sənayesinin Azərbay­canda istehsal edilən xammal materiallarına ehtiyacı var idi. O, Rusiyaya lazımi miqdarda ipək, pambıq, yun parça, rəng, meyvə, şərab və şirniyyat verə bilərdi. 1777-ci ildə Şamaxıdan keçən məşhur Holland səyahətçisi Korneli Debryuin Şirvanın var-dövləti, gözəl şərabları, meyvələri, at və heyvanları haqqında söhbət açır. Rus hökuməti Azərbaycanın Xəzərətrafı vilayətlərində bağçılıq və şərabçılığı inkişaf etdirmək niyyətində idi. Şamaxı və Dərbənd ətrafında meyvə bağları və üzümlüklər salındı. Eyni zamanda Rusiyada bağçılığı inkişaf etdirmək məqsədilə I Pyotrun sərəncamı ilə tənək almaq üçün Şamaxıya xüsusi nümayəndə göndəril­mişdir.

Naxçıvanın Vənənd kəndindəki məscidin üzərində yazılmış kitabələrdə XIII əsrin 30-cu illərində ölkə təsərrüfatı və ərzaq təminatı məsələsinə aid qiymətli məlumatlar verilir. Yazıda deyilir: «Həmin illərdə məhsul az olmuş, belə ki, bir man. Buğdanın dəyəri 400 dinar, düyü-800, yağ-2800, bal-3200, üzüm şirəsi (doşab)-2400, pendir-1600, üzüm qurusu-2400, arpa-350, adi ərik-80, sarımsaq 1200, pambıq-400, qarpız tumu-500 dinar olmuşdur».

A.Kələntərin (1895) məlumatına görə, 1895-ci ildə Azərbaycanın Bakı quberniyasında 3331,5 hektar bar verən üzümlüklər vardır ki, burada istehsal olunan üzüm əsasən təzə halda və emal olunaraq şərab və spirt şəklində quberniya daxilində və qonşu quberniyalara satılırdı. Q.Q.Daniyelbəyov (1895) yazır ki, Quba qəzasında əkilib-becərilən üzümlüklərin hər desyatinindən (1,082 hektar) 500 pud üzüm toplanırdı, hər il 300 vedrəyə qədər şərab istehsal edilirdi. XIX əsrin axırlarında Azərbaycanın üzümçülük və şərabçılığın güclü inkişaf etdiyi ərazilərə Göyçay və Şamaxı qəzaları, İrəvan (Naxçıvan) quberniyası da daxil idi ki, buranın üzümlüklərində ağ, qırmızı, qara, çəhrayı və s. rəngdə gilələri olan onlarla süfrə, texniki və kişmişi üzüm sortları (Xərci, Əsgəri, Misqalı, Haçabaş, Gəzəndayı, Xəlili, Ağ səabi, Rişbaba, Çilal, Kişmişi, Ordusu, Tülküquyruğu, Qalınqabıq, Şırşıra, Şəkərbura, Hüseyni, Mərməri, Bəndi, Tayfı yaxud Aldərə, Təbərzə, Şəfeyi, Molla Əhmədi, Şahangir, Qaradamaq, Kərimqəndi, Əmiri, Şiray, Şirvanşahı, Keçiəmcəyi, Xəzri, Qızıl üzüm, Çil üzüm, At üzüm, Beyləqani, Xan üzüm, Şəkəri, Dəvəgözü, Ağrı, Mahmudabi, Xunqi, Əlvan, Sısaq və s.) yetişdirilirdi.

Keçən əsrin əvvəllərində Azərbaycanda məskunlaşmış alman koloniyaları üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynamışlar.

XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda üzümçülük və şərabçılığın sənaye əsasları üzərində inkişafı buraya köçürülmüş almanların adı ilə bağlıdır. Bu işdə alman şərabçıları X.Forer və X.Hummelin böyük xidmətləri olmuşdur.

Şərqi Azərbaycanda Ağrıyev, Cakumov, Şustovun rəhbərlik etdikləri iri firmalar üzüm emalı üzrə fəaliyyət göstərmişlər.

Zaqafqaziya Statistika idarəsinin məlumatına görə, 1913-cü ildə Azərbaycan ərazisinin 15 qəzasında 26,5 min hektar üzümlüklər mövcud idi. Birinci dünya müharibəsi illərində üzümlüklərin sahəsi və onların məhsuldarlığı xeyli aşağı düş­dü. Sonralar iri təsərrüfatlar milliləşdirilirdi və onların əsasında «Azvin», Qara­bağda - «Karvin», Naxçıvanda - «Naxvin» dövlət şərab-spirt trestləri yaradıldı. Müflisləşmiş yerli kəndli təsərrüfatları «Konkordiya», «Kolokol», «Loza», «Karvinkoop», «Kax» üzümçülük kooperativləri formasında birləşdilər. Bu birliklər Azərbaycanda üzümçülük və şərabçılığın gələcək inkişafının ilkin əsasını qoydular.

Azərbaycanda kənd təsərrüfatının yenidən qurulması üzümçülük və şərabçılığın gələcək inkişafı üçün təkan verdi. Kəndlilərin üzümçülük istehsal kooperativləri kolxozlar şəklində birləşdilər, şərab zavodları isə dövlətin mülkiyyətinə çevrildi. 1921-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft-Kimya Akademiyası) kənd təsərrüfatı fakültəsində fəaliyyət göstərən üzümçülük və şərabçılıq kafedrası bu sahədə mütəxəssislərin hazırlanmasında böyük rol oynamışdır. Artıq 1924-cü ildə üzüm istehsalı 89,3 min tona, şərab istehsalı isə 5,9 min dekalitrə yüksəldilmişdir. 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və 1930-1931-ci illərdə Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyası müxtəlif rayonlarda aborigen üzüm sortlarının öyrənilməsinə başlamış, bu dövrdə Ağdam, Gəncə və Abşeronda 80-ə qədər aborigen süfrə və texniki üzüm sortları aşkar olunmuşdur. Kollektivləşdirmənin inkişafı və təsərrüfatların möhkəmləndirilməsi birinci və ikinci beşilliklərdə yeni üzümlüklərin salınmasına imkan verdi. 1940-cı ildə üzümlüklərin sahəsi 33 min hektara çatdı. Üzümlüklərin vəziyyəti yaxşılaşdı, məhsuldarlıq xeyli yüksəldi. 1940-1941-ci illərdə Azərbaycanda üzüm əkinlərinin xüsusi çəkisi keçmiş İttifaqda üzümlüklərin 11,5%-ni təşkil edirdi. Müharibə dövründə (1941-1945) Azərbaycan üzümlüklərinə çox böyük zərbə dəydi. Əmək ehtiyatlarının azalması, kənd təsərrüfatı işlərinin mexanikləşdirmə səviyyəsinin aşağı düşməsi, kənd təsərrüfatı­nın mineral gübrələrlə, xüsusən də zəhərləyici maddələrlə təminatının zəifləməsi ilə əlaqədar üzümlüklərdə vəziyyəti kəskin surətdə dəyişdi. 1947-ci ildə respublikada üzümlüklərin sahəsi 21,4 min hektaradək azaldı. O dövrdə üzümlüklərdə sort azlığı problemi bu sahənin hərtərəfli inkişafına mane olurdu. Buna əsaslanaraq 1945-ci ildən başlayaraq respublikamızın ayrı-ayrı zonalarında yerli üzüm sortlarının aşkar edilərək təsərrüfatlara tətbiq olunması məqsədilə ekspedisiyalar təşkil edilmiş və nəticədə 250-dən artıq aborigen üzüm sortları aşkar olunmuş və kolleksiyalara daxil edilmişdir.

1954-cü il respublikada üzümçülüyün inkişafında dönüş ili oldu. Bu dövrdən başlayaraq üzüm əkinlərinin sahəsi və məhsul istehsalı ildən-ilə artmağa başladı. Həmin ildə üzüm əkinlərinin sahəsi 28 min hektara çatdırıldı. Respublikanın Qarabağ-Mil, Quba-Xaçmaz, Lənkəran-Cəlilabad zonalarında üzümçülük-şərabçılıq sənayesi üzrə yeni qurumlar yaradıldı.

Respublikanın rayonlarında üzümçülüyün inkişafı üçün əlverişli şəraitin yaranmasını nəzərə alaraq yaxın illərdə kənd təsərrüfatı sahələrinin genişləndiril­məsi üçün mühüm qərarlar qəbul olundu. 1957-1965-ci illərdə əkin sahələrini daha da genişləndirmək üçün təsərrüfatların təşəbbüsləri bəyənildi.

Bu qərarları yerinə yetirərək təsərrüfatlarda yeddiilliyin birinci ilində respub­likada 17 min hektar sahədə yeni üzümlüklər salındı. 1958-ci ilin axırlarında üzümlüklərin ümumi əkin sahəsi 40 min hektara, 1960-cı ilin əvvəllərində isə 48 min hektara çatdırıldı. Keçmiş İttifaqda Azərbaycanın üzümçülük və şərabçılıq sa­həsinin xüsusi çəkisi əkin sahəsinə görə 10%, üzüm istehsalına görə 5% və şərab istehsalına görə 6% təşkil edirdi (1965). Azərbaycan hökumətinin sonrakı qərar­larında (1958, 1962, 1967) respublikada üzümçülüyün və şərabçılığın daha da inkişaf etdirilməsi, xüsusən üzüm sahələrinin genişləndirilməsi, yeni sovxozların yaradılması, şərab zavodlarının, soyuducuların və s. tikilməsi üzrə böyük tədbirlər həyata keçirildi. Azərbaycanın şərab zavodları 60 markadan çox şərab, o cüm­lədən 17 növ turş şərab (Bayan, Alşərab, Sadıllı, Mədrəsə, Novruzlu, Şamxor, Qarakənd), 20 növ portveyn tipli tünd desert şərabı (Ağstafa, Alabaşlı, Ağdam, Qızıl şərbət, Qara yeri, Qara Çanaq, Mil, Göytəpə, Qarabağ, Şahbuz, Azərbaycan, Şamaxı, Kürdəmir) və 6 növ konyak (Göy-göl-3,4,5 ulduzlu, Bakı, Yubiley) istehsal edirdilər.

Azərbaycan şərabları özünün son dərəcə gözəl və təkrarolunmaz buketinə və əla keyfiyyətinə görə geniş şöhrət qazandı. 1964-cü ildən başlayaraq Azərbaycan şərabları beynəlxalq sərgilərdə və dequstasiyalarda dəfələrlə qızıl, gümüş medal­lara, fəxri diplomlara layiq görüldü. 1967-ci ilin məlumatlarına görə, Azərbaycanın markalı desert və turş şərabları, konyakları, şampan şərabları 37 medala, o cümlədən 13 qızıl medala layiq görülmüşdür. 1965-ci ildə şərab materialları istehsalı 10 mln. dekalitrə çatdırılmışdır. 1966-cı ildə respublikada 24 ilkin şərabçılıq zavodu var idi. Bunun da 11-i ixtisaslaşdırılmış üzümçülük-şərabçılıq sovxozlarında yerləşdirilmişdi.

Üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və qərarları ilə üzüm bağlarının ümumi sahəsi xeyli genişlənmiş, üzüm istehsalı isə xeyli yüksəlmişdir.

Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sa­həsinin inkişafını idarə etmək və tənzimləmək məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır.

Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, 269 saylı sərəncamı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Respublikanın bütün zonalarında üzümçülük və şərabçılığın elmi əsaslarını öyrən­mək və elmi nailiyyətlərin istehsalata tətbiqi məqsədilə bu institutun Naxçıvan MR-də, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında təcrübə stansiyaları və dayaq məntəqələri yaradılmışdır.

Heydər Əliyevin təşəbbüsü və tələbi ilə şərabçılıq sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrları ilə təmin etmək məqsədi ilə 1981-ci ildə Gəncə şəhərində Azərbaycan Texnologiya İnstitutunun yaradılması barədə keçmiş İttifaq hökuməti xüsusi qərar qəbul etmişdir. Azərbaycan üzümçülüyü ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi (1969-1982) illərdə özünün yüksək inkişaf mərhələsini keçmişdir. Bu illərdə üzümlüklərin sahəsi genişlənir, məhsuldarlıq artır, üzümün keyfiyyəti ildən-ilə yaxşılaşırdı.

Ulu öndərimizin üzümçülük sahəsinə göstərdiyi qayğı və diqqətin əsas nəticəsinə xalqımız 1984-cü ildə nail olmuşdur. Həmin il üzümlüklərin ümumi sahəsi 286 min hektara çatdırılaraq üzüm istehsalı 2.12 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil etmişdir.

Azərbaycanın ayrı-ayrı üzümçülük təsərrüfatlarında müxtəlif sortlardan yeni üzümlüklərin salınması geniş vüsət aldı. Qeyd etmək lazımdır ki, mövcud üzüm­lüklərdə süfrə və texniki sortların əkinləri arasındakı nisbətin qeyri-mütənasib olması ilə əlaqədar olaraq gələcəkdə öz keyfiyyəti ilə üstünlük təşkil edən yerli üzüm sortlarının əkin sahələrinin artırılması nəzərdə tutulurdu.

Respublikada üzümlüklərin coğrafi cəhətdən yerləşdirilməsi üzümün əkildiyi bütün rayonlarda əlverişli torpaq-iqlim şəraitinin olması ilə xarakterizə olunur. Üzümçülüyün inkişafına dair nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi, respublikamızın keçmiş ittifaqda aparıcı yerlərdən birini tutmasına və təbii-iqtisadi şəraitdən daha səmərəli istifadə etməklə yüksəkkeyfiyyətli süfrə üzümü və şərab istehsal olunmasına imkan verdi. 1970-ci ildən başlayaraq, respublikada mövcud üzümlüklərin vəziyyəti yaxşılaşdırılır, digər tərəfdən isə elmi əsaslara söykənən geniş miqyasda yeni üzümlüklər salınırdı. Üzümçülükdə yaranmış problemləri tezliklə aradan qaldırmaq üçün H.Əliyevin bilavasitə rəhbərliyi altında təxirəsalınmaz vəzifələr müəyyən edildi və Mərkəzi Komitənin bürosunda «Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə edildi. Bu təd­birlərin uğurlu nəticəsi idi ki, 1970-ci ildə 672 təsərrüfat üzüm istehsalı ilə məşğul olmuş, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozları təşkil edilmişdir. Bu dövrdə üzümçülüyə dair geniş tədqiqat işləri aparılaraq, respublikada üzümçülük və şərabçılığın intensiv inkişafını təmin etmək üçün perspektivli 10 təbii-iqtisadi bölgə müəyyənləşdirilmiş və bu bölgələrdə iri üzümçülük aqrar-sənaye birlikləri və sovxozlar fəaliyyət göstərmişdir. 1973-cü ildə üzüm tədarükünün həcmi 397 min ton və ya 1972-ci ildəkindən 114 min ton və ya 1971-ci ildəkindən 186 min ton çox oldu. H.Əliyev bütün müvafiq təşkilatlara və kənd təsərrüfatı orqanlarına istehsalı yalnız intensivləşdirmə yolu ilə inkişaf etdirməyin mümkün olduğunu izah edir və bunun üçün hər bir kolxoz və sovxozda konkret tədbirlər görülməsini tələb edirdi. 1970-ci ildə üzümlüklərin sahəsi 121,6 min hektara, 5 il ərzində 50 min hektardan çox yeni üzümlüklər salınaraq 1975-ci ildə 178,1 min hektara çatdırılmışdır. 1970-ci ilə nisbətən 1975-ci ildə məhsul istehsalı 2 dəfəyə qədər artaraq 351,7 min tondan 706,2 min tona qədər artmış, məhsuldarlıq isə 46,8 s/ha-dan 65,1 s/ha-ya yüksəlmişdir.

1970-1980-ci illərdə Respublikada üzümçülük yüksək templə inkişaf etməyə başladı. Həmin illərdə 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. Üzümçülüyün inkişafı ilə yanaşı respublikada şərabçılığın inkişafı da təmin olundu. Vaxtilə (1980-1985-ci illər) Azərbaycanda sənaye miqyaslı üzüm bağlarının 85,3%-ni texniki üzüm sortları, 14,7%-ni isə süfrə sortalrı təşkil edirdi.

«Kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına dair tədbirlər» haqqında keçmiş Sov.İKP və Nazirlər Sovetinin 22 fevral 1979-cu il qərarı qarşıya möhtəşəm vəzifələr qoy­du. Həmin qərara əsasən 1990-cı ildə respublikada üzüm istehsalının 2,5-3,0 mil­yon tona çatdırılması nəzərdə tutulmuşdur.

1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 mln. tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektar, üzüm yığımı 2,126 min ton, hektardan məhsuldarlıq respublikada ən yüksək həddinə çataraq 99,2 sentner təşkil etdi. Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxdı.

Təbiidir ki, üzümçülüyün inkişafını üzüm sortları olmadan təsəvvür etmək mümkün deyil. Vaxtilə üzümlüklərin 69,1%-i suvarılma, 30,9%-i isə dəmyə şə­raitində əkilib-becərilirdi. 80-ci illərdə Azərbaycanda mövcud olan üzümlüklərin 16,4%-i Mədrəsə, 11,2%-i Bayanşirə, 10,6%-i Həməşərə, 4,1%-i Xindoqnı, 2,4%-i Mələyi, 0,4%-i Ağ şirə və Misqalı, 3,4%-i Təbrizi, 1,5%-i Ağ şanı və Qara şanı yerli üzüm sortları (cəmi 50,1%) becərilən sahələr təşkil edirdi. Əsrlər boyu təbii xalq seleksiyası yolu ilə Azərbaycanda yerli üzüm sortları və formaları yaradılmışdır ki, bunların da öyrənilməsi, təsərrüfat baxımdan qiymətləndirilməsi, botaniki cəhətdən təsvir edilməsi və qruplar üzrə təsnif edilməsi tələb olunurdu.

Azərbaycanda üzümün sort müxtəlifliyinin öyrənilməsi ilə ilk əvvəllər XIX əsrin axırlarında (1840-1897-ci illər) F.Kolenati, Q.Q.Danilbəyov, A.A.Kələntər, M.K.Ballas və başqaları məş­ğul olmuşlar.

V.A.Radziyevskinin məlumatlarına görə, keçmiş Naxçıvan qəzasında 33, Yelizavetpol (Gəncə) qəzasında 18, Şuşa və Cəbrayıl qəzalarında isə 21 üzüm sortu var idi. Bu, əsasən yerli üzüm sortları idi. Üzümçü alimlərin Azərbaycanın yerli üzüm müxtəlifliyinin öyrənilməsinə maraqları ildən-ilə artsa da, bu yönümdə işlər qeyri-müntəzəm şəkildə aparılırdı.

XVII əsrdə səyyah E.Çələbi öz “Səyahət gündəliyi”ndə Şamaxını təsvir edərkən qeyd etmişdir ki, burada 7, Qarabağ və Cənubi Azərbaycnada 10 üzüm sortu yetişdirilmişdir.

Q.Q.Danilbəyov və A.A.Kələntər qeyd edirlər ki, Azərbaycanda Abşeron ən qədim üzümçülük diyarlarından biridir. O, qeydlərində Abşeronda üzümçülyün ta­rixindən, üzümdən istehsal olunan məhsullardan (şərab, doşab, riçal, mövüc, kişmiş və s.) söz açır, burada yetişdirilən üzüm sortlarını sadalayaraq, onların qısa səciyyəvi əlamətlərini təsvir edir. 1896-cı ildə Tiflisdə dərc edilmiş “Qafqazda üzümçülük və şərabçılıq üzrə məlumat toplusu”nun V və VI buraxılışları Şamaxı, Göyçay qəzalarına və İrəvan quberniyasındakı üzüm sortlarına həsr edilmişdir. Topluda Şamaxı və Göyçay qəzalarında yetişdirilən üzüm sortları (Şiray, Şirvanşahı, Xəzri, Çil üzüm, At üzümü, Biləqani, Mahmuddavi, Dəvəgözü və s.), o cümlədən İrəvan quberniyasında onlarla qiymətli yerli üzüm sortları (Xərci, Əsgəri, Misqalı, Gəzəndayi, Haçabaş, Ağ səabi, Cilal, Ordusu, Tülküquyruğu, Qalınqabıq, Şırşıra, Şəkərbura, Təbərzə, Molla Əhmədi, Şahangir, Əmbəri, Dik xərci, Kərimqəndi, Öküzgözü, Qırmızı səabi, Yalançı gülabı, Gülabı, Yaqubi, Qara Aldərə, Təmbeyi və s.) gilələrinin rənginə görə qruplaşdırılaraq (ağ, çəhrayı və qırmızı giləli üzüm sortları) ardıcıl verilir, onların qısa səciyyəvi əlamətləri təsvir edilir. Qeyd edilən mənbəyə əsasən söyləmək olar ki, Naxçıvan və İrəvan əraziləri yerli üzüm sortları ilə çox zəngin olmuşdur. Sevindirici haldır ki, qeyd edilən topluda Azərbaycanın qədim yerli üzüm sortları öz əzəli adları altında təsvir edilmişdilər.

Azərbaycan tək üzümü ilə deyil, üzümdən alınan müxtəif məmulatlar, o cümlədən müxtəlif çeşidli qiymətli və keyfiyyətli şərabları ilə də məşhurdur.

T.A.Babayevin əsərində çöl-etnoqrafik səfərlər zamanı Cəbrayıl rayonunun Bolyand, Horovlu kəndlərində, Füzuli rayonunun Qozluçay, Köndələnçay, Quruçay boyunca, qədim becərilmə tarixinə malik çoxlu yerli üzüm sortlarının mövcud olması barədə fikirlərə rast gəlirik. Müəllif yazır ki, yaşlı adamlarla söhbətlərdə və buranın üzüm bağlarında olarkən, çoxlu üzüm sortları aşkara çıxarmış və bal dadan, ləzzətli, 18-dən çox yerli üzüm sortunun olduğu xatırlanmışdır. Bu üzüm sortları əhali tərəfindən ürəkşəkilli- Ağ üzüm, quşüəyi kimi- Qara üzüm, ağ, gilələri xırda, çox şirəli- Nənəm üzümü, kürəşəkilli, bərk qabıqlı- Nar kolu üzümü, ağ, gilələri uzun, iri salxımlı- Gavra üzümü, tezdəyən – Alagöz üzümü, çox yeməli, kəmşirin, uzun müddət tənəyin üzərində qalan, xəstəliyə davamlı- Gözəl üzüm, Xorxoru, Qarağat, Daşqarartı, Şıxverdi üzümü adlandırılır.

Azərbaycanın qədim üzümçülük diyarları olan Mehri və Zəngilan rayonlarında texniki və süfrə istiqamətli 50-dən çox üzüm sortu becərilirdi ki, onlardan ən çox yayılanı Arna-qrna və Ağ Aldərə sortlarıdır. Bu üzüm sortları desert, süfrə şərabları və mövüc hazırlanmasında, həm də təzə halda istifadə olunurdu.

Qeyd etmək lazımdır ki, 1946-cı ildən başlayaraq 1984-cü ilə qədər keçmiş Sovetlər Birliyində çoxcildli “SSRİ ampeloqrafiyası” nəşr edildi. “SSRİ ampeloqrafiyası” əsərində ümumilikdə 3070 sortun, o cümlədən 1445 texniki, 1232 süfrə və 393 universal sortun təsviri verilmişdir. Həmin dövrdə 8 Azərbay­can üzüm sortunun (Bayanşirə, Təbrizi, Qara lkeni, Mədrəsə, Ağ şanı, Qara şanı, Şirvanşahı) geniş təsviri tərtib olunaraq “SSRİ Ampeloqrafiyası”nın II-VI cildlərində yerləşdirilmişdir. “SSRİ-nin az yayılmış üzüm sortları” adlı üç cildli əsərdə isə 80 üzüm sortunun qısa təsviri verilmişdir. Bununla yanaşı, qeyd olunan nəşrlərdə çox təəssüf ki, Azərbaycanın 120-dən çox yerli üzüm sortunun adları məqsədli dəyişdirilərək, qonşu respublikaların (Ermənistan, İran, Rusiya) və xalqların, xüsusən də ermənilərin yerli sortları kimi qələmə verilərək təsvir olun­muş­dur. Belə ki, 1953-1955-ci illərdə dərc olunmuş “SSRİ Ampeloqrafiyasının” II-VI cildlərində Azərbaycanın əksər qiymətli, qədim yerli üzüm sortlarının (Xərci, Dik xərci, Haçabaş, Qırmızı səabi, Mərməri kişmiş, Asma, Qara mələyi, Çəhrayı kişmiş və s.) adları erməni və ermənipərəst üzümçü alimlər tərəfindən qəsdən dəyişdirilərək erməni sortları kimi qələmə verilmişdir. M.V.Amanov apardığı çoxillik tədqiqat və araşdırmalar nəticəsində Azərbaycanın 120-yə yaxın mənimsənilərək adları dəyişdirilən üzüm sortlarını aşkar edərək, müəyyən etmiş və onların əzəli adlarını özünə qaytararaq onların siyahısını nəşr etdirmişdir. Qeyd etmək lazımdır ki, 1945-ci ilə qədər Azərbaycanın xalq seleksiyası sortları üzümçülük ədəbiyyatlarında əsasən ilkin adları ilə düşmüşdür. “Azərbaycan ampeloqrafiyası”na Azərbaycanda becərilən 94 üzüm sortunun ampeloqrafik təsviri daxil edilmişdir ki, onun da 67-si yerli sortlardır. Burada 21 yerli üzüm sortunun təsviri ilk dəfə olaraq verilmişdir. “Azərbaycan ampeloqrafiyası” kitabına daxil edilmiş yerli, o cümlədən introduksiya edilmiş üzüm sortlarının ampeloqrafik xüsusiyyətlərinin təsvir edilməsində Azərbaycan alimləri R.K.Allahverdiyev, A.A.Atakişiyev, C.S.Süleymanov, R.A.Məmmədov, A.N.Əsədullayev, İ.K.Abdullayev, H.H.Piriyev, S.Ş.Mirzəyev, F.M.Əhmədov, A.H.Tağıyev, Ə.H.Əliyev, S.A.Nəcəfov, A.A.Qasımov, N.İ.Ağayeva, H.S.Dadaşov, L.M.Mehdiyeva, K.Q.Məmmədova, D.Tağıyev, M.N.Abbasov, A.Q.İsgəndərov və başqalarının zəhməti böyükdür.

Azərbaycanda məlum dövrdə üzümçülük və şərabçılığın sürətli inkişafına onun elmi əsaslara söykənməsi əhəmiyyətli təsir etmişdir. Bu dövrdə respublikada üzümün sortöyrənməsi, seleksiyası və ampeloqrafiyası üzrə tədqiqatlar genişləndirildi, bu sahədə yüksək ixtisaslı alim və mütəxəssislər ordusu formalaşdı. Bunlardan A.N.Əsədullayevi, A.T.Talıbovu, A.H.Atakişiyevanı, R.K.Allahverdiyevi, C.S.Süleymanovu, R.A.Məmmədovu, İ.K.Abdullayevi, F.H.Şərifovu, D.Qasımovu, S.A.Nəcəfovu, V.M.Quliyevi, M.V.Amanovu, Ə.T.Rəsulovu, H.M.Şıxlinskini və başqalarını göstərmək olar. Həmin dövrdə üzümün seleksiyası (hibridləşdirmə, klon seleksiyası, mutasiyalar və s.), sortöyrə­nilməsi və introduksiyası istiqamətində aparılan işlərin nəticəsində res­publikamızın üzüm genofonduna onlarla qiymətli yeni yaradılan sort və formalar, klon və introdusentlər müəyyən edilərək daxil edilmişdir.

Bundan sonra respublikada üzümçülük və şərabçılığın əvvəlki şöhrətini özünə qaytarmaq məqsədilə elmi-tədqiqat işlərinin genişləndirilməsi və müasir tələblər səviyyəsində aparılması məqsədəuyğun sayıldı. Üzümçülük və Şərabçılıq ET İnstitutunun alim və mütəxəssisləri tərəfindən respublikamızda yayılmış yabanı üzüm formalarının və yerli üzüm sortlarının aşkar olunması, toplanılması və qiymətləndirilməsi istiqamətində tədqiqat işləri apararaq, üzüm genofondumuzun qorunub saxlanılması və səmərəli istifadəsini təmin etmək məqsədilə 2002-ci ildə Abşeronda yerli və introduksiya olunmuş üzüm sortlarından ibarət ampeloqrafik kolleksiya bağı salınmışdır.

Çox təəssüf ki, keçmiş SSRİ-də «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri» haqqında 1985-ci ildə qəbul olunmuş qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzümlüklər sökülməyə başlandı, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, qiymətli yerli və introduksiya olunmuş üzüm sortları məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ümumiyyətlə, respublikada bar verən üzümlüklərin sahəsi 1993-cü ildə 127 min hektara qədər azalmış, məhsul istehsalı 289 min ton, məhsuldarlıq isə kəskin azalaraq 228 s/ha təşkil etmişdir. 1985-ci illə müqayisədə üzümlüklərin sahəsinin 2 dəfə, məhsul istehsalının 1,500 min ton, məhsuldarlığın isə 58 s/ha qədər kəskin azaldığı aydın olmuşdur. Respublikada 1992-1993-cü illərdə mülkiyyətə münasibət məsələlərinin dəyişməsi ilə əlaqədar və eləcə də bir sıra obyektiv və subyektiv səbəblərdən ölkə iqtisadiyyatında çox mühüm yer tutan üzümçülük və şərabçılıq kompleksi yenə də zəifləməyə başlamış, bar verən üzüm bağlarının ümumi sahəsi 286 min hektardan 10 min hektara enmişdir. 43 min hektar üzüm bağları erməni isğalı altında qalmışdır. Nəticədə üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düş­müşdür.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair» təsdiq etdiyi Dövlət Proqramı (2004-2008-ci illər üçün) aqrar sahənin, o cümlədən üzümçülüyün inkişafı üçün geniş perspektivlər açmışdır. Respublika Prezidentinin 11 fevral 2004-cü il tarixli, 24 saylı Fərmanı ilə təsdiq olunmuş həmin Dövlət Proqramına əsasən, iqtisadi rayonlar üzrə bitkiçiliyin bütün sahələri ilə yanaşı üzümçülüyün də inkişaf etdirilməsi nəzədrə tutulur.

Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsul­luğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi mühüm sənədlər təsdiq edilmişdir. Bununla yanaşı, Respublika Prezidenti bölgələrə etdiyi mötəbər səfərlərində üzümçülüyün prioritet sahə olduğunu dəfələrlə qeyd etmişdir.

Yeni qəbul olunmuş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafına güclü təkan verəcəkdir. Respublikada aqrar sahə, o cümlədən üzümçülüklə bağlı qəbul edilən qanun və proqramlar artıq öz nəticəsini verməkdədir. Belə ki, 2015-ci ilin statistik məlumatlarına əsasən, respublikamızda üzümün əkin sahəsi 16,1 min hektar, istehsalın həcmi 157,1 min ton olmuşdur. Hər il 100 hektarlarla müasir tipli üzüm bağları salınır. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda 2012-2020-ci illərdə 50 min hektar yeni üzüm bağlarının salınması nəzərdə tutulur. 2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunacaq.