“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqram”nın 1.3. bəndinə əsasən, üzümçülüyün və şərabçılığın inkişafını təmin etmək üçün həyata keçirilməsi vacib sayılan tədbirlərdən biri də üzümçülük və şərabçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsidir. Bu baxımdan alkoqollu içkilər üzrə Mərkəzi Dequstasiya Komissiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Komissiyanın yaradılmasında əsas məqsəd alkoqollu içkilərin aşağıdakı hallarda keyfiyyətinin qiymətləndirilməsidir:
1) İstehsalına icazə verilən və satışa buraxılan məhsullar;
2) Xaricə göndərilən və eləcədə ölkə ərazisinə gətirilən məhsullar;
3) Yarmarkalara, müsabiqələrə, beynəlxalq sərgilərə təqdim olunan məhsullar.
Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikası Qanununun 24.1 maddəsinə əsasən, Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən üzüm və şərabçılıq məhsulları fiziki-kimyəvi, orqanoleptik, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri Milli standartların, norma və qaydaların hazırlanmasında fəal iştirak edirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təyin olunacaq icra orqanlarından biri kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ola bilər. Bu orqanın nəzdində ayrı- ayrı sahələrə xidmət edən elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu şərabların, spirtlərin, o cümlədən müxtəlif meyvələrdən alınan xam spirtlərin, rektifikasiya olunmuş spirtlərin, brendi spirtlərinin və onlardan hazırlanan alkoqollu içkilərin elmi-tədqiqatı ilə məşğul olan yeganə elmi-tədqiqat institutudur. Bu institutda nəyinki onların fiziki-kimyəvi və orqanoleptik göstəriciləri təyin olunur, eyni zamanda onlardan hazırlanan yeni növ alkoqollu içkilərin texnologiyaları işlənib tətbiq üçün istehsalata təqdim olunur.
Azərbaycanın qiymətli şərab brendlərinin və üzüm sortlarının qorunub saxlanması, rəqabətə davamlı, yüksək keyfiyyətli şərabların, tünd içkilərin texnologiyalarının beynəlxalq standartlara uyğun olaraq elmi əsaslarla işlənib hazırlanması məqsədi ilə elmi-tədqiqat işləri aparılaraq, onların fermer və özəl təsərrüfatlarda sınağı həyata keçirilir.
Bu səbəbdən təklif edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun bazasında Mərkəzi Dequstasiya Komissiyası yaradılsın. İnstitutda çalışan alim və mütəxəssislərdən başqa, bu komissiyanın tərkibinə həmçinin əlaqədar Nazirliklər, Standartlaşdırma, Metrologiya, və Patent üzrə Dövlət Komitəsinin, eləcə də alkoqollu içkilər istehsal edən iri şirkətlərin nümayəndələri də daxil edilə bilər.
Mərkəzi Dequstasiya Komissiyasının tərkibinə daxil ediləcək mütəxəssislərin peşəkarlıq səviyyəsi, orqanoleptik sınaqlar aparmaq və keyfiyyət göstəricilərini qiymətləndirmək bacarığı ən vacib şərtlərdəndir.
KTN-nin ÜŞETİ-da yüksək ixtisaslı, təcrübəli və yuxarıda qed olunan keyfiyyətlərə malik olan kifayət qədər elmi kadrlar çalışır.
Eyni zamanda təklifi onunla əsaslandırırıq ki, bu təcrübə əksər Avropa ölkələrində, Rusiya, Ukrayna, Moldova və Belarus Respublikalarında da mövcuddur. Nazirlər Kabinetinin 14 aprel 2008-ci il tarixli, 548 JVb-li qərarına əsasən, dequstasiya zamanı alkoqollu içkilərin orqanoleptik göstəricilərinin təyini prosesində onların fıziki-kimyəvi göstəricilərinə də istinad etmək vacib şərtlərdən biridir. Alkoqollu içkilərin fiziki-kimyəvi, biokimyəvi göstəricilərinin təyini üçün institutumuz Beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla və cihazlarla təmin olunmuşdur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda Mərkəzi Sınaq Laboratoriyasının və Mərkəzi Dequstasiya Komissiyasının yaradılması məqsədəuyğundur.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri müntəzəm olaraq beynəlxalq elmi konqres və dequstasiyalarda iştirak edirlər.
29 may-02 iyun 2017-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) 40-cı Ümumdünya Konqresində və həmin təşkilatın 15-ci Baş Assambleyasında iştirak etmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Tariyel Məhəmməd oğlu Pənahov dəvət olunmuşdur.
05-07 may 2017-ci ildə İspaniyanın Castilla vilayətinin Valladolid şəhərində keçirilən “Concours mondial de Bruxelles 2017” və 25-28 may 2017-ci ildə İtaliyanın Tramonti vilayətində Beynəlxalq Üzüm və Şərab təşkilatının (OIV) elmi egidası altında və Kənd Təsərrüfatı, Qida və Meşə Siyasəti Nazirliyinin icazəsi ilə Town of Valdobbiadene, Citta del Bio I.VIN Ltd şirkətləri ilə birgə Citta del Vino Assosiasiyası və RECEVIN təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq dequstasiyada hakim-dequstator qismində iştirak etmək üçün Tariyel Pənahov dəvət olunmuşdur.
Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Azərbaycan şərablarının beynəlxalq bazarda tanınması, təbliğ edilməsi, onların rəqabət qabiliyyətinin və nüfuzunun artması, eləcə də bu sahəyə marağı artırmaq üçün Respublikamızın şərabçılıq müəssisələrində istehsal olunmuş şərabları keçiriləcək Beynəlxalq Dequstasiya müsabiqələrinə göndərmişdir.