Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunda “Yerli Üzüm sortlarını Tanıyaq və Tanıdaq” layihəsi üzrə tədqiqat işləri davam etdirilir

Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunda “Yerli Üzüm sortlarını Tanıyaq və Tanıdaq” layihəsi üzrə tədqiqat işləri davam etdirilir.

Ekspedisiya zamanı Kürdəmir rayonundan gətirilmiş "Şirvanşahı" üzüm sortunun əkin materialları laborator şəraitdə əkinə hazırlanıb.

Şirvanşahı sortu Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortudur. Dünyada keyfiyyətinə görə birinci hesab olunur.

Əkinə hazırlanan çubuqlar ilk öncə güclü inkişaf edən, yaxşı yetişən, əyri və yaralı olmayan, xəstəlik və zərərvericilərlə zədələnməmiş zoğlardan tədarük olunmalıdır. Məlumdur ki, zoğlar aşağıdan yuxarıya doğru yetişir. Zoğun əsasındakı buğumarası xeyli qısa olduğundan, belə çubuqlar əkildikdən sonra əlverişli şəraitdə güclü kök verirlər. Ümumiyyətlə əkin materialının keyfiyyətinin qiymətləndirilməsində daha çox iki amilə - zoğların yetişmə dərəcəsinə və gözcüklərin inkişaf vəziyyətinə diqqət yetirilməlidir.