Məşhur “Mələyi” üzüm sortundan yeni əkin materialları tədarük edilib

Məşhur “Mələyi” üzüm sortundan yeni əkin materialları tədarük edilib

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu (ÜŞETİ) ilə Elm və Təhsil Nazirliyinin Naxçıvan Bioresurslar İnstitutu (NBİ) arasında yerli üzüm sortlarının müasir üsullarla öyrənilməsi və çoxaldılması istiqamətində tədqiqat işləri davam etdirilir.

Respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında “Mələyi” üzüm sortu araşdırılıb, onlardan əkin materialı tədarük olunması üçün tədqiqatlar həyata keçirilib. Vətəni Naxçıvan MR hesab olunan “Mələyi” sortu vaxtilə bu bölgədə geniş əkilib-becərilib. Azərbaycanın ən qədim texniki üzüm sortlarındandır. Sinonimi Mövüz, Ordusu, Qara urzadır. Sort şərq ekoloji-coğrafi qrupunun texniki sortlar yarımqrupuna mənsubdur.

Yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 44,5%; salxımın sayı 20 ədəd; bar əmsalı 0,59; məhsuldarlıq əmsalı 1,33; salxımın orta kütləsi 342 qr-dır.

Mələyi sortunun məhsulu müxtəlif növ şərabların (süfrə, desert və s.) hazırlanması üçün qiymətli mənbədir.

Elmi ekspedisiyalar nəticəsində Şahbuz rayonunun köhnə üzüm bağlarında və həyatyanı təsərrüfatlarda yetişdirilən nadir tənəklərdən çubuqlar tədarük olunaraq sürətlə çoxaldılıb qorunub saxlanılması üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun kolleksiya bağında və dibçəklərdə əkilib. Sortun Milli Genbanka daxil edilməsi də ən vacib məsələlərdəndir.

“Mələyi” sortunun bioloji və genetik təmizliyinin, mənşəyinin qorunub saxlanılması, genetik cəhətdən yaxşılaşdırılması məqsədilə populyasiyasının morfoloji, bioloji, texnoloji müxtəlifliyi öyrənilib, sortun irsi əlamətlərini özündə əks etdirən biotiplər müəyyən edilib və etiketlənib.

İrsi sabit xüsusiyyətli “Mələyi” üzüm sortunun genetik identifikasiyasını müəyyən etmək üçün nümunələr Almaniyanın Üzümçülük İnstitutuna (Institut für Rebenzüchtung Geilweilerhof) göndərilib. Əldə olunan nəticələr dürüstləşdirldikdən sonra sortlar haqqında genetik məlumatlar Vitis - Beynəlxalq Sort Kataloquna (VİVC, Almaniya) daxil ediləcək.