Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda mövzu planına uyğun olaraq yerinə yetirilən elmi-tədqiqat işlərinin icra vəziyyəti yoxlanılıb

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda mövzu planına uyğun olaraq yerinə yetirilən elmi-tədqiqat işlərinin icra vəziyyəti yoxlanılıb.

İnstitutunun elmi işlər üzrə direktor müavini Xədicə Məmmədova və elmi katibi Xuraman Abasova 04-05 mart 2022-ci il tarixlərində Şamaxı Təcrübə Stansiyasında olublar. İnstitutun əməkdaşları qeyd edib ki, 01.01.2020-ci il tarixində təsdiq edilmiş mövzu planına uyğun olaraq nadir yerli üzüm sortlarımızın qorunub saxlanması və çoxaldılması istiqamətində “Şamaxı mərəndisi və Mədrəsə üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı klon formalarının seçilməsi və artırılması” adlı tədqiqat işi Stansiyanın direktoru R.K.Hüseynov və kiçik elmi işçi B.Ə.Əlişirazov tərəfindən icra edilir. Həmin elmi tədqiqat işinin icrası vəziyyəti ilə bağlı 4-5 mart 2022-ci il tarixlərində Stansiyada monitorinq həyata keçirilib. Tədqiqat işinin icrasının qiymətləndirməsi məqsədilə yerində təcrübə sahələrinə baxış keçirilib və hazırki vəziyyət qiymətləndirilib. Bildirilir ki, 2 ha məhsul verən bağda kultivasiya, bitkiarası becərmə, dirəklərin basdırılma səviyyəsi, alaqlanma dərəcəsi, gübrələmə, düzgün quru budama, bağlama və s.aqrotexniki tədbirlərin icrası müsbət haldadır. Təcrübə Stansiyasının direktoru R.Hüseynov qeyd edib ki, bu il 3350 ədəd çubuq tədarük edilmişdir ki, onlardan 1000- ədədi Mədrəsə, 2350-ədədi isə Moldova sortudur. Milli şərab brendlərinin istehsalında əvəzsiz xammal olan Mədrəsə üzüm sortunun artırılması məqsədilə seçilmiş klon formalarından əkin materialı tədarük olunub və 2 ha yeni üzüm bağı salınıb.Tədqiqat işində Şamaxı Mərəndisi sortunun da artırılması nəzərdə tutulsa da, sahədə ancaq 2-3 tənək olduğu qeyd olunub. Şamaxı Mərəndisi sortunun da klon seleksiyası yolu ilə artırılması istiqamətində tədqiqat işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra monitorinq üzvləri respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etmək məqsədilə ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri Şamaxı Üzüm Tingçilik Mərkəzinə səfər ediblər. Qeyd edilib ki, müasir avadanlıqlarla təmin edilmiş Şamaxı Üzüm Tingçilik Mərkəzinin aprel ayında fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini tam təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq.