Duxşayi sortu

Duxşayi sortu

Abşeronun ən qədim qiymətli süfrə üzüm sortlarındandır. Sort şərq ekoloji-coğrafi qrupunun süfrə sortları yarımqrupuna (convar orientalis subconvar antasiatica Negr.) daxildir.

Yaşıl zoğun tacı cavan yarpaqları çılpaq, yaxud seyrək tükcüklü olub, çəhrayı çalarları olan açıq-yaşıl, yaxud sarımtıl-yaşıl rəngdədir.

Yarpaqları orta ölçüdə (uzunluğu 15-19 sm, eni 14-18 sm), dəyirmi, yaxud zəif oval formada olub, 5 dilimlidir, aya zəif yarılmışdır. Kəsikləri dayaz və orta dərinlikdədir. Yarpaq ayasının kənarları nisbətən yuxarıya doğru əyilib, aya zəif qıfşəkilli formadadır. Yarpağın üst səthi hamar, yaxud zəif qabarıqlı olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, orta dərinlikdə olub, liraşəkilli, yaxud tağşəkilli formadadır. Aşağı kəsikləri orta dərinlikdə, dar ağızlı, iti dibli liraşəkilli formadadır. Bağlı kəsiklər dar, yaxud nisbətən enli ellipisvaridir. Saplaq oyuğu bağlı, bəzi hallarda açıq olub, dibi yastı (U-şəkilli) yaxud, iti dibli liraşəkilli və ellipsvari formadadır. Dilimlərin ucundakı dişciklər tərəfləri zəif qabarıq, iti uclu üçbucaqşəkillidir, əsası enlidir. Kənar dişciklər iti uclu, mişarşəkilli və enli üçbucaqşəkillidir. Yarpağın alt səthi çılpaqdır. Saplağı əsas damara nisbətən qısadır, çəhrayı çalarları olan açıq yaşıl rəngdədir.

Çiçəyi ikicinslidir. Salxımları orta və iri ölçüdə (uzunluğu 16-24 sm, eni 8-12 sm), konusvari formada, orta sıxlıqda, yaxud sıxdır. Gilələri orta və iri olub (uzunluğu 16-24 mm, eni 14-23 mm), girdə, yaxud sıxılmış girdə formasında olub, sarı, yaxud qızılı rəngdədir. Qabığı qalın, elastik olub, lətdən asan ayrılır. Üzəri sıx mum təbəqəsi ilə örtülmüşdür. Ləti ətli-şirəlidir. Dadı şirin və xoşagələndir. Giləsi 1-3 toxumludur. Bir gilənin kütləsi 5,4 qr-dır.

Orta-gecyetişən sortdur. Gilələri Abşeron şəraitində sentyabr ayının birinci ongünlüyündə tam yetişir. Vegetasiya müddəti 138-144 gün davam edir. Tənəyinin böyümə gücü yüksəkdir (218 sm). Birillik zoğları yaxşı yetişir (98,0%). Çiçəkləri orta miqdarda tökülür. Sort Abşeron şəraitində oidium və antraknoz xəstəliyinə tolerantlıq (3-3,5 bal), boz çürümə xəstəliyinə qarşı isə davamsızlıq (3,5-4 bal) nümayiş etdirir.

Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 72,6%; bar əmsalı 1,06; salxımların orta kütləsi 196-280 qr; tənəyin orta məhsuldarlığı 8,4 kq; hektardan məhsuldarlıq 186,6 s/ha təşkil edir.

Sort universal istiqamətlidir. Salxımlarının şirə çıxımı və lətin qalığı 84,2%, qabıq 7,2%, daraq 4,5%, toxum 4,1% təşkil edir. 100 qram salxımda gilənin sayı 40 ədəd, 100 gilənin kütləsi 290-350 qr, 100 toxumun kütləsi 4,6 qr–dır. Giləsində 19,6 q/100 sm3 şəkərlilik, 6,86 q/dm3 titrlənən turşuluq müəyyən edilmişdir.

Salxım və gilələrinin xarici görünüşü gözəldir, gilələrinin dadı şirin, xoşagələndir.

Duxşayi sortu Abşeronda qədimdən müxtəlif sistemlərdə (sərilən, kələsər, qısa ştamblı başcıq, talvar, çardaq və s.) əkilib-becərilir.

Bir meyvə şəkili ola bilər