Ampeloqrafiya və seleksiya

Üzümçülükdə müəyyən bir uğur əldə etmək, ekoloji cəhətdən təmiz məhsul istehsalına nail olmaq, üzümlüklərin ekoloji təmizlik problemlərini tam həll etmək üçün seleksiyaçılar bu gün tədqiqat işlərini xəstəliklərə (mildiu, oidium, antraknoz, boz çürümə və s.), zərərvericilərə (filloksera, salxım yarpaqbükəni və s.) abiotik amillərə (şaxtaya, soyuğa, quraqlığa, duza və s.) davamlı üzüm sortlarının yaradılması və mövcud sortların davamlılıqlarının yüksəldilməsi üzərində qurmalıdırlar.

Bu problemin həlli üçün təcrübi seleksiyada bir sıra istiqamətlər gözlənilməlidir. Avrasiya (V.vinifera L.) növünə mənsub keyfiyyəti, məhsuldarlığı azaltmadan, bəzən yeni nadir tərkib əldə etməklə yeni davamlı sortların və Avropa-Asiya üzüm sortlarının davamlı analoqlarının yaradılması, bu yanaşmanın əsas meyarlarından birini təşkil edir. Yeni üzüm sortlarının yetişdirilməsi isə onların becərilməsi və məqsədəuyğun emal məhsulunun alınması üçün müasir texnologiyaların yaradılmasını və tətbiqini tələb edir. Təbiidir ki, bunun üçün aqrotexniklərin, şərabçıların, fizioloqların, seleksiyaçıların, immunolaqların və digər mütəxəsislərin birgə işini təşkil etmək lazımdır.

Seleksiya işində sortlar əsas keyfiyyət göstəriciləri saxlanılmaqla, bəzi hallarda isə yeni keyfiyyət əldə edilməklə yeniləşdirilir. Məlumdur ki, üzüm sortlarının biotik və abiotik stres amillərinə davamlılıqları, məhsuldarlıqları və keyfiyyətləri onların daxil olduğu növün xüsusiyyətlərindən asılı olaraq kifayət dərəcədə dəyişir. Azərbaycanın üzüm sortları əsasən Avropa-Asiya (V.vinifera L.) növünə mənsubdurlar. Bu baxımdan dünyada, o cümlədən Azərbaycanda da Avropa-Asiya növünə daxil olan üzüm sortlarının seleksiyasının istiqamətlərini aşağıdakı kimi təsnif etmək olar.

-Keyfiyyəti yaxşılaşdırmaqla yanaşı məhsuldarlığın yüksəldilməsi;

-Sortların vegetasiya müddətlərinin və gilələrin yetişmə müddətinin qısaldılması;

-Salxımlarında gilələri noxudlaşan, çiçəkləri həddindən artıq çox tökülən gilələri zəif formalaşan sortları kənarlaşdırmaq, yaxud yaxşılaşdırmaq;

-Göbələk xəstəliklərinə qarşı davamlılıqlarının yüksəldilməsi;

-Filloksera zərərvericisi ilə sirayətlənmiş rayon və bölgələrdə becərilməsi nəzərdə tutulan sortların fillokseranın kök formasına davamlılığının yüksəldilməsi;

-Qurutma və təzə halda istifadə üçün irigiləli toxumsuz sortların yaradılması;

-Intensiv və dayanıqlı rəngə malik yüksəkkeyfiyyətli şərabların alınması üçün texniki sortların yaradılması.

Ümumiyyətlə, respublikamızda üzümün seleksiya işinin istiqamətlərinin müxtəlifliyi üzrə konkret tapşırıqlar aşağısdakı kimi təsnif olunmuşdur:

-respublikada şampan şərabının istehsalı üçün texniki üzüm sortları həddən artıq məhduddur;

-qırmızı şərabların hazırlanması üçün qara giləli texniki üzüm sortları lazımi qədər deyildir;

-respublikamızın müxtəlif ekoloji-coğrafi bölgələrində uğurla becərilə bilən, əhalini və emal müəssisələrini uzun müddət təzə üzümlə və xammalla təmin etmək üçün kompleks təsərrüfat əhəmiyyətli xüsusiyyətləri ilə seçilən ən tez, tez, gec və çox gec yetişən yeni üzüm sortlarının yaradılmasına xüsusi ehtiyac vardır;

-saxlanmaya və uzaq məsafələrə nəql etmək üçün süfrə üzüm sortları həddən artıq məhduddur;

-ekoloji cəhətdən təmiz kişmiş və mövüc istehsalını həyata keçirmək üçün mövcud üzüm sortlarının sayı tələbatları ödəyə bilmir və üzüm genofondumuzda irigiləli kişmiş sortları məhdudur.

Seleksiya prosesinin tarixi inkişafı onu bir neçə mərhələyə bölməyə imkan verir. Seleksiya üsulunun ən qədimi sadə seçmədir. Qədimdə insanlar meşələrdən iri giləli, keyfiyyətli, dadlı meyvə və giləmeyvəli bitkiləri, o cümlədən üzümü seçərək öz yaşayış yerlərinin yaxınlığında əkib-becərmişlər. Təbii tozlanma nəticəsində alınmış toxumların səpilməsindən alınan toxmacarların arasından yüksək məhsuldar, keyfiyyətli, yaxşı inkişaf edən formaların seçilib artırılması da seleksiyanın qədim üsullarından biridir. İlk dəfə üzüm toxumlarının səpilməsi yolu ilə üzümün seleksiyası üsuluna Teofrastanın (b.e.q. III əsrdə) işlərində rast gəlinir. Dünyanın əksər ölkələrində əkilib-becərilən aborigen üzüm sortlarının əksəriyyəti təbii yaxud süni tozlanma yolu ilə əldə olunmuş toxumların səpilməsindən əmələ gələrək toxmacarlardan qiymətli formaların seçilməsi yolu ilə yaradılmışdır.

İnsan tərəfindən aparılan seçməyə süni seçmə deyilir. Süni seçmənin özü də iki formada olur: kortəbii və metodiki seçmə. Kortəbii seçmə hələ qədim zamanlardan əcdadlarımız tərəfindən aparılırdı. Qədim əkinçilər qarşılarına heç bir məqsəd qoymadan iri toxumları, yaxşı dada və keyfiyyətə malik meyvə və giləmeyvə bitkilərini seçib əkirdilər. Süni seçmənin ən yaxşı forması metodiki seçmədir. Bu seçmədə proseslər məqsədəuyğun xarakter daşıyır. Seleksiyaçı bu seçməni əvvəlcədən müəyyən edilmiş istiqamətdə aparır, bitkilərin xarici görünüşü, onların morfoloji əlamətləri, bioloji və təsərrüfat xüsusiyyətləri əvvəlcədən müəyyən edilir. Seleksiya işində əsasən iki üsul seçmədən istifadə edilir: kütləvi seçmə və fərdi seçmə

Seleksiya işinin həyata keçirilməsində ilk olaraq seleksiya işində başlanğıc materialın və seleksiya üsulunun seçilməsi olduqca vacibdir. Üzümün seleksiyasında başlanğıc materialı qiymətləndirilərkən onların genetik, ekoloji-coğrafi mənşəyi, filogenetik inkişafı, immunoloji və bioloji-təsərrüfat xüsusiyyətləri nəzərə alınmalıdır.

Hal-hazırda üzümün seleksiyası üsulları aşağıdakı kimi təsnif olunur:

1) təbii tozlanma nəticəsində alınmış toxumların kütləvi səpilməsi;

2) süni cinsi hibridləşdirilmə;

3) vegetativ hibridləşdirmə;

4) klon və fitosanitar seleksiya.

  • Seleksiyanın ilkin və sadə üsulu, xarici görünüşü gözəl, bol, dadlı və keyfiyyətli gilələrə malik tənəklərin yaşayış məntəqələrinə gətirilməsi və əkilib-becərilməsi.
  • Mədəni bitkilərin toxumlarının səpilməsi və qiymətli toxmacarların seçilməsi üsulu: XVIII və XIX əsrlərdə üzüm toxumlarının səpilməsi və toxmacarların seçilməsi ilə Malenqr, Kurtilye, Buşe, Salamon, Förster, Van-Mons dərindən məşğul olmuşlar. Bu üsul hal-hazırda da geniş istifadə edilir.
  • Hibridləşmə (növdaxili və növlərarası) və mutagenez yolu ilə yeni sortların alınması üsulu. Eksperimental mutagenez və hibridləşdirmə süni seleksiyanın ən geniş yayılmış üsullarındandır. Hibridləşmə üsulu ilə bir hibrid orqanizmdə iki və yaxud bir çox valideyn formalarının əlamət və xüsusiyyətləri öz əksini tapır. Hibridləşdirmə seçmənin imkanlarını daha da artırmışdır. Hibridləşmə üsulu ilə başlanğıc valideyn formalarının arzuolunan əlamətləri və ya əlamətlər kompleksini yeni hibrid orqanizmdə cəmləşdirmək mümkündür. Bu üsulla həmçinin təbiətdə və mədəni yetişdirmə şəraitində əvvəllər rast gəlinməyən tamamilə yeni bir orqanizmi, genotipi bunu dəyişmiş yeni hibrid forma da əldə etmək mümkündür. Seleksiya məqsədindən asılı olaraq hibridləşdirmə müxtəlif taksonomik səviyyədə - cinslərarası, növlərarası, növdaxili (sortarası) və tək-tək hallarda sortdaxili (insuxt) aparılır.

Xəstəlik və zərərvericilərə, ümumiyyətlə kompleksdavamlı üzüm sortlarının yaradılmasında növdaxili növlərarasıçarpazlaşdırma səmərəli üsullardır.

Novlərarası mürəkkəb hibridlərlə (Seyv Villar 18-315, Zeybel 70-53, Zeybəl 13-666, Seyv Villar 12-375, Zeybel 70-58, Seyv Villar 12-375, Maqaraç №79-64-39) bir sıra qiymətli Avropa-Asiya sortlarının (Aleatiko, Turiqa, Sovinyon, Pinoqri, Rkasiteli, Rubinovıy Maqaraç, Moldavskiy çernıy, Rislinq, Traminer, Pino, Nimrəng, Hamburq muskatı, Kupraşvili seuli) arasında aparılan çarpazlaşdırma zamanı göbələk xəstəliklərinə, zərərvericilərə, xüsusilə də fillokseraya qarşı davamlı, hətta kompleksdavamlı hibrid formaları alınmışdır.

Növdaxili hibridləşmə və onun tətbiqi: Adətən növdaxili hibridləşmədə yüksək davamlı üzüm formalarının alınmasının çətin olmasına baxmayaraq, yeni keyfiyyətə və yüksək məhsuldarlığa malik üzüm sortlarının yaradılmasında bu üsul əvəzsizdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, eyni növ daxilində lazımi valideyn cütlərini seçib onların arasında çarpaz tozlanma aparılır. V.vinifera L. növünə mənsub olan sortlar arasında hibridləşdirmə XIX əsrin ikinci yarısında aparılmışdır. Bu üsulla ilk dəfə Almaniyada Miller Turqay (Rislinq x Silvaner), Fransada isə Alikant Buşe (Pti Buşe x Qrenaj) sortları alınmışdır.

Üzümçülükdə sortlararası hibridləşmə valideyn formalarında müxtəlif kəmiyyət və keyfiyyət əlamətləri (salxımın forması, sıxlığı, ölçüsü, gilənin ölçüsü, forması, rəngi; gilənin qabıq və lətinin xarakteri; lətin sıxlığı; şirənin rəngi, şəkərlilik və turşuluğun miqdarı; tənəyin məhsuldarlığı; yarpağın ölçüsü, forması, rəngi, tüklülük dərəcəsi; çiçəyin tipi; ətraf mühitin əlverişsiz şəraitinə qarşı davamlılıq və s.) nəzərə alınmaqla həyata keçirilir.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda novdaxili, yaxud sortlararası hibridləşmədən uzun illərdir ki, üzümün seleksiyasında geniş istifadə olunur. Klassik və müasir seleksiya üsullarından istifadə etməklə İnstitutun alimləri tərəfindən yaradılmış müasir əkinçiliyin tələblərinə cavab verən, ətraf mühitin ekstremal şəraitinə davamlı onlarla yüksək keyfiyyətli, məhsuldar süfrə, texniki və kişmiş istiqamətli üzüm sortları üzərində yaxşılaşdırma və qiymətləndirmə işləri aparılır.

Aparılan tədqiqatlar nəticəsində müxtəlif əlamət və xüsusiyyətlərə malik sort və formaları hibridləşdirmə işinə cəlb edərək 60-dan çox müxtəlif istiqamətli üzümün hibrid formaları yaradılmışdır. Onlardan Azəri üzüm sortu 24 mart 2005-ci ildə, Göy-göl üzüm sortu isə 2010-cu ildə Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilərək rayonlaşdırılmışdır.

Seleksiyası başa çatdrılmış İlhami və Şamaxı hədiyyəsi sortları 2011-ci ildə, Bəhrəli və Kəpəz sortları2012-ci ildə, Şirəli və Gəncəvi sortları 2013-cü ildə, Qarabulağı sortu isə 2014-cü ildə Seleksiya Naliyyətlərinin Sınağı və Mühafizəsi Komissiyasına sınaq üçün təqdim edilmişdir. İnstitutun seleksiya istiqamətində apardığı tədqiqatlar beynəlxalq elmi mərkəzlər tərəfindən yüksək qiymətləndirilir. Belə ki, İnstitututun yeni Azəri üzüm sortu 1999-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində fəaliyyət göstərən “Ticarət liderləri klubu” bu sortları “Keyfiyyətə görə” XXVII-ci Beynəlxalq Prizə, 2002-ci ildə isə Meksikanın Qvadalaxara şəhərindəki Milli Marketinq İnstitutu “Almaz ulduz” Beynəlxalq mükafatına layiq görmüşdür.

ÜŞETİ-da müxtəlif üzüm sortlarının hibridləşdirilməsi yolu ilə alınmış yeni hibrid üzüm sortları

İnstitutun rayonlaşdırılmış yeni hibrid üzüm sortları

style=

ÜŞETİ-nun rayonlaşdırılmış Azəri hibrid üzüm sortu

Göy-göl üzüm sortunun tənəyi

ÜŞETİ-nun rayonlaşdırılmış Göy-göl hibrid üzüm sortu

Bəhrəli sortu (Bayanşirə x Semilyon № 6-9-17 hibrid forması)

Bəhrəli sortunun tənəyi

Kəpəz sortu

(Tavkveri x Xindoqnı - № 1-37 hibridi)

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə rayonlaşdırılmaq üçün sınağa təqdim olunmuş hibrid üzüm sortları

Şamaxı hədiyyəsi sortu

(Tavkveri x Mədrəsə hibrid forması)

Şamaxı hədiyyəsi sortunun tənəyi

İlhami sortu

(Qoyungözü x Şamaxı hədiyyəsi hibrid forması)

Şirəli sortu

(Aliqote x Bayanşirə hibrid forması)

Şirəli sortunun tənəyi

Gəncəvi sortu

(Ağ şanı x Bayanşirə hibrid forması)

Qarabulağı sortu

(Ağ şanı x Təbrizi hibrid forması)

Qarabulağı sortu

Seleksiya və qiymətləndirilməsi başa çatdırılmış perspektiv

hibrid üzüm sortları

Ağ şanı x Təbrizi hibrid forması № 97-9-7

Ağ şanı x Çəhrayı tayfı hibrid formasının tənəyi

Ağ şanı x Çəhrayı tayfı hibrid forması

Emin sortu

(Qara kişmiş x xəstəliyə davamlı sort tozu)

Ağ şanı x Təbrizi hibrid forması

(ən gec yetişən forma)

Aliqote x Bayanşirə hibrid forması № 201-3

Tədqiqat illərində yabanı üzümün oidima davamlı forması ilə müxtəlif davamlılığa, kəmiyyət və keyfiyyət göstəricilərinə malik olan üzüm sortlarının (Ağ şanı, Ağ Dərbəndi, Gəncə qızılı üzümü, Novrast, Səfeyi, Abşeron keçiməməsi, Qara üzüm, Qırmızı üzüm, Qara şanı sortları və Ağ şanı x Çəhrayı Tayfı hibrid forması) hibridləşdirilməsi həyata keçirilmiş və 10 kombinasiya üzrə yüzlərlə hibrid toxmacarlar əldə olunmuşdur. Hibrid nəsildə əlamətlərin nəslə keçmə, heterozis və dominantlıq xüsusiyyətlərinin, həmçinin hibrid bitkilərin morfoloji, bioloji və immunoloji qiymətləndirilməsi nəticəsində qiymətli genotiplər seçilmiş və seleksiyası davam etdirlmişdir. Bunun nəticəsində 10 hibrid kombinasiya üzrə 27 hibrid forma müəyyən edilərək perspektivliyi qiymətləndirilmişdir.

Növlərarası və üzaq hibridləşmənin tətbiqi: Üzümün müasir seleksiyasında uzaq hibridləşdirmə üsulu böyük rol oynayır. Bu üsul, hibrid orqanizmdə üzümün müxtəlif növlərinin təkamül prosesində qazandıqları qiymətli əlamət və xüsusiyyətlərinin cəmləşməsinə imkan verir. Məsələn, yüksəkkeyfiyyətli və məhsuldar Avropa-Asiya növləri ilə xəstəlik, o cümlədən virus xəstəliklərinə və zərərvericilərə davamlı olan Amerika mənşəli növlərin çarpazlaşdırılması zamanı yeni təsərrüfat və seleksiya əhəmiyyətli formalar əldə etmək mümkündür.

  • Vegetativ hibridləşdirmə üsulu. Seleksiyanın bu üsulu çoxlu miqdarda yeni formaların alınmasına imkan verir.

Üzümçülükdə seleksiya işində yeni sortların alınmasında hibridləşmə, seçmə və təcrübi (eksperimental) mutagenez klassik üsullar olmasına baxmayaraq yenə də geniş istifadə olunur.

Məlumdur ki, hər hansı bir seleksiya tədqiqatı başlanğıc materialın seçilməsindən və onun əsaslı öyrənilməsindən başlayır. Seleksiya tədqiqatlarında bir neçə üsullardan- xalq seleksiyasını, sort-populyasiyaların seçilməsini, eksperimental poliploidiya və mutagenez istifadə edərək müasir əkinçiliyin tələblərinə cavab verən yeni sortlar alınır.

Üzümdə poliploidiya və mutagenez: Yeni və qiymətli üzüm sortu yaratmaq üçün təcrübi mutagenez və poliploidiya üsullarının seleksiyada istifadə edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır. Kənd təsərrüfatı bitkilərində süni mutasiya əmələ gətirmək məqsədilə fiziki və kimyəvi mutagenlərlə təsir edərək bitki orqanizmində bir sıra botaniki, morfoloji, anatomik, sitoloji, fizioloji, biokimyəvi və digər xüsusiyyətlərin dəyişdiyi müəyyənləşdirilmişdir.

Müasir seleksiyada klassik metodlarla yanaşı, eksperimental mutagenez və poliploidiya üsullarından istifadə edərək yeni bitki sort və formaları yaradılır. Üzüm bitkisində təcrübi mutagenez seleksiya üsullarından ən müasiri olmaqla hal-hazırda yeni, dəyərli biomorfoloji xüsusiyyətlərə malik olan, xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlı, çox məhsuldar, tez və gecyetişən üzüm formalarının alınmasında geniş istifadə olunur.

Mutasiya dəyişkənliyi bütün canlılara, o cümlədən üzüm bitkisinə xas olan əsas xüsusiyyətlərdən biridir. Müxtəlif xarici amillərin təsiri nəticəsində canlı orqanizmlərdə mutasiyalar almaq olar. Bununla əlaqədar olaraq mutasiyalar təbii (spontan) və süni (induksiya edilmiş) olurlar. Ümumiyyətlə mutasiyalar orqanizmdə xromosom sayının və strukturunun, həmçinin gen strukturunun (gen və ya nöqtəvi mutasiya) dəyişməsi ilə müşahidə edilir.

Üzüm bitkisində də süni mutasiya almaq məqsədilə fiziki və kimyəvi mutagenlərlə bitkinin vegetativ və generativ orqanlarına, yəni inkişaf etməkdə olan gözlərə, yaşıl zoğların boy nöqtələrinə, toxuma, tozcuqlara və s. təsir olunur.

Akademik İ.K.Abdullayev əməkdaşları ilə birilikdə eksperimental mutagenez yolu ilə bir sıra yeni qiymətli üzüm sort və formaları (Şərabi, Fəraşi, Ətirli, Fikrəti, Məlahətli, Aynuri və s.) yaradılmışdır.

Məlumdur ki, mutagen maddələrin təsiri ilə bitkilərin, o cümlədən üzüm bitkisinin fenotipində müəyyən dəyişkənliklər əmələ gəlir. Bu dəyişkənliklər bitkilərin hüceyrələrinin bölünməsinin müxtəlif fazalarında mutagen maddələrin göstərdiyi təsir nəticəsində baş verir.

Belə ki, mutagen maddələrin təsiri ilə üzüm bitkisinin genotipində gen və genom mutasiyları (yəni xromosom sayının dəyişməsi) yaranır ki, bu da bitkinin ploidliyinin dəyişməsinə gətirib çıxarır.

  • Klon seleksiyası üsulu: Tənəklərdə baş verən vegetativ dəyişkənliklərin, uzunmüddətli modifikasiyaların və s. seçilməsidir. Burada gilələrin rəngi və dadı, gilə və salxımların iriliyi, forması və başqa morfoloji və bioloji-texnoloji əlamətləri ilə fərqlənən orqan və fərdlərin seçilməsidir. Hal-hazırda klonların seçilməsində iki üsuldan geniş istifadə edilir:

1) morfoloji əlamətlər üzrə klonların seçilməsi;

2) yüksək məhsuldar klonların seçilməsi.

Üzümçülükdə klon seleksiyasının aparılma üsulları və əhəmiyyəti: Üzümlüklərin sort tərkibinin yaxşılaşdırılması üzrə seleksiya işində hər bölgə üçün yeni məhsuldar və keyfiyyətli sortların geniş tətbiqi ilə yanaşı, həmçinin klon seleksiyasından istifadə də vacib şərtdir. Klon seleksiyası üsulu ilə üzümlüklərin məhsuldarlığını 25-50%-ə, bəzən 100%-ə qədər artırmaq mümkündür.

Klon seleksiyası ilə təsərrüfatlarda becərilən standart üzüm sortlarının sort qarışığından təmizlənməsi təmin edilir, digər tərəfdən onların məhsuldarlığını 1,5-2,0 dəfə artırılmasına nail olunur. Ümumiyyətlə, klon seleksiyası yetişdirilən üzüm sortlarının məhsuldarlığının yüksəldilməsində, onların bioloji və təsərrüfat göstəricilərinin yaxşılaşdırılmasında və fitosanitariyasında əsas üsullardan biridir.

Klon əsas (başlanğıc) sortdan bir və ya bir neçə əlamatə görə fərqlənən, irsiyyətcə bir-birinə yaxın, yaxud oxşar olan bir bitkinin vegetativ nəslinin məcmusudur.

Hal-hazırda klonların seçilməsində iki üsuldan geniş istifadə edilir: morfoloji əlamətlərinə və yüksəkməhsulluğuna görə klonların seçilməsi. “Yüksəkməhsullu klonların seçilməsi” üsulu “morfoloji əlamətlər üzrə seçmə” üsulu ilə müqayisədə az etibarlı, çətin olmasına və kifayət qədər uzun sürməsinə baxmayaraq çox səmərəlidir. Bu zaman tənəklərdə seçmə yalnız kəmiyyət göstəriciləri yüksək olan qiymətli təsərrüfat əlamətləri (məhsuldarlıq, yüksək şəkərlilik, xəstəlik və zərərvericilərə, şaxtaya və soyuğa davamlılıq və s.) üzrə aparılır. Bu işin ağırlığı isə çoxlu sayda seçilmiş tənəklərdə aşkar olunmuş seleksiya və təsərrüfat əhəmiyyətli göstəricilərin stabilliyini vegetativ nəsildə uzun illər ərzində fərdi olaraq qiymətləndirilməsindən ibarətdir.

Klon seleksiyasının fərdi seçmə işinin əsas xüsusiyyəti 3 il müddətində ardıcıl olaraq yüksək məhsuldarlıq göstəricilərinə malik olan tənəklərin seçilməsi və onların hər birinin ayrı-ayrılıqda yüksək məhsuldarlığının daimi olub-olmasının vegetativ nəsildə yoxlanılması təşkil edir.

Üzümçülükdə fərdi seçmə bir neçə istiqamətdə aparılır:

-bitkinin bir, yaxud bir neçə keyfiyyət əlamətində dəyişkənlik meydana gətirən tumurcuq mutasiyalarının təyin edilməsi və seçilməsi;

-klonların aqrobioloji göstəricilərlə əlaqəli morfoloji və bioloji göstəricilərindəki (dilimlilik, ayanın yarılma dərəcəsi, ayanın qalınlığı, tənəyin yüksək boy gücü, yarpaqların payız rəngi və s.) dəyişkənliyə görə klonların müəyyən edilməsinə imkan verən morfoloji əlamətlər (əlaqələr) üzrə klonların seçilməsi;

-klonların kəmiyyət göstəriciləri üzrə seçilməsi: Bu seçmənin əsasında başlanğıc sorta morfoloji eynilik təşkil edən, lakin yüksək məhsuldarlığı keyfiyyəti və şəkərtoplama xüsusiyyəti ilə seçilən, xəstəlik və zərəvericilərə və xarici mühitin stres amillərinə qarşı davamlı olan genotiplərin seçilməsi durur.

Müxtəlif səbəblərdən irsi xüsusiyyətləri pisləşmiş üzüm genotiplərinin yaxşılaşdırılmasında klon seleksiyası xüsusi əhəmiyyətə malikdir. Son dövrlərdə dünyada üzümün klon seleksiyası işləri geniş tətbiq olunur və bu üsulla minlərlə üzüm sortları yaxşılaşdırılma proqramına cəlb edilərək “yüksəkməhsuldar və keyfiyyətli klon formalar” yaradılaraq istehsalata geniş tətbiq olunmuşdur.

Bu üsulun perspektivliyini və geniş imkanlarını nəzərə alaraq Üzümçülük və Şərabçılıq ET İnstitutu bu istiqamətdə tədqiqat işlərini genişləndirmiş və klon seleksiyasınnı seleksiya proqramlarına daxil etmişdir.

Tədqiqat işinin məqsədinə uyğun olaraq hər il müntəzəm olaraq institutda və təcrübə təsərrüfatlarındakı kolleksiya bağında becərilən yerli və introduksiya olunmuş üzüm sortları fenoloji, morfoloji, bioloji, texnoloji cəhətdən qiymətləndirilərək, yüksəkməhsuldar klon formalar, perspektiv və donor genotiplər müəyyənləşdirilərək təsərrüfatlara və seleksiya işlərində istifadə üçün tövsiyə olunur. Tədqiqatlar nəticəsində müxtəlif səbəblərdən irsi xüsusiyyətləri pisləşmiş qiymətli yerli və introduksiya olunmuş üzüm sortları yaxşılaşdırılma proqramına cəlb edilərək müxtəlif sortlardan 50-dən çox adaptiv xüsusiyyətlərə malik, yüksəkməhsuldar və keyfiyyətli klon formalar seçilərək, artırılmış və əkin materialı təsərrüfatlara tövsiyə olunmuşdur.