Üzümlüklərin xəstəlik və zərərvericilərdən qorunması

Üzümçülük kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. İqtisadçıların hesablamalarına görə üzümçülükdən əldə edilən gəlir neft sənayesinin gəlirlərindən qat-qat çoxdur. Lakin xəstəlik və zərərvericilər üzümçülüyə çox böyük ziyan vuraraq, məhsuldarlığı aşağı salır, hətta bəzi hallarda bitkinin tam məhv olmasına səbəb olur.

Üzüm bitkisində hazırda 800-ə yaxın parazitlik edən zərərverici, 1000-dən çox göbələk, bakterial, virus xəstəlikləri aşkar edilmişdir. Eyni zamanda 70-ə qədər gənə növlərinin üzümdə parazitlik etdiyi müəyyən edilmişdir. Gənələrin vurduğu ziyan nəticəsində tənəklərin məhsuldarlığı 25-50% azalır. 50-ə yaxın virus xəstəlikləri dünya üzümlüyündə məhsulun 10%-ni məhv edirlər.

Üzümçülükdə xəstəlik və zərərvericilərin vurduğu ziyanı azaltmaq və minimum endirmək üçün bir sıra mübarizə üsullarından (aqrotexniki, karantin, fiziki, mexaniki, bioloji, kimyəvi, calaq, klon seleksiyası, immunoseleksiya) istifadə olunur. Bu mübarizə üsulları bu və ya digər xəstəlik və zərərvericinin vurduğu ziyanı qismən azalda bilir, ancaq tam şəkildə bütün məhsulu və bitkini mühafizə etmək qeyri-mümkündür.

Üzümçülük və Şərabçılıq ET İnstitutu üzümlüklərin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirlərinin aktual problem olduğunu nəzərə alaraq elmi tədqiqat işləri bu istiqamətdə də həyata keçirir. İnteqrir mübarizə texnologiyaları laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi seleksiya yolu ilə institutda yaradılmış hibridlərin və introduksiya olunmuş üzüm sortlarının xəstəlik və zərərvericilərə qarşı davamlılığının öyrənilməsi və eyni zamanda xəstəlik va zərərvericilərə qarşı yeni pestisidlərin sınağını keçirib, onların səmərəliliyini öyrənməkdir.

İnteqrir mübarizə texnologiyaları laboratoriyasında aparılmış elmi-tədqiqatlar əsasında bir sıra məqalələr yazılmış, kitablar nəşr olunmuşdur. 2010 və 2011-ci illərdə nəşr olunmuş “Azərbaycanda üzümün xəstəlik və zərərvericiləri, onlarla mübarizə üsulları” və “Üzümün zərərverici və xəstəliklərinə qarşı aqrotexniki mübarizə tədbirləri” adlı kitablar üzümçülüklə məşğul olanlar üçün böyük praktiki köməkdir. İnstitut direktoru T.M.Pənahovun rəhbərliyi və İnteqrir mübarizə texnologiyaları laboratoriyasının əməkdaşları tərəfindən hazırlanmış bu kitablar üzüm və onun mühafizəsi haqda oxuculara ətraflı məlumat verir.

Tədqiqatlar nəticəsində Abşeron zonasında ən çox yayılmış oidium, salxım yarpaqbükəni zərərvericisinə qarşı çox insektisid və funqisidlər sınaqdan keçirib, onların səmərəliliyini, toksiki təsir müddətini, ətraf mühitə ziyan vurub-vurmadığını öyrənmişik. Sınaqdan keçirdiyimiz funqisidlər sırasında Bayleton, Kumulus, Kollis, Kabrio-Top, kükürdün ion maye tipli duzla qarışığı va s. vardır.

Bitki mühafizəsi üçün kimyəvi preparatlar xaricdən gətirildiyindən baha başa gəlir və milli valyutanın xaricə axmasına səbəb olur. Ölkəmizdə kimyəvi preparatların yerli istehsalına ehtiyac duyulur və bu məqsədlə AzETÜŞİ AMEA-nın Neft Kimya Prosesləri İnstitutu ilə birlikdə üzümün ən geniş yayılmış təhlükəli xəstəliklərindən olan oidium xəstəliyinə qarşı mübarizədə pestisid kimi yeni “2-morfolilmetil-5-metilfenolun kompleks duzu” sintez edərək geniş təsərrüfat sınağı keçirilmiş və təsərrüfatlarda tətbiqi tövsiyə olunmuşdur. Pestisidin gələcəkdə sənaye miqyaslı istehsalı nəzərdə tutulur. Qeyd edək ki, institutda işlənib hazırlanmış 2-morfolilmetil-5-metilfenolun kompleks duzunun oidium xəstəliyinə qarşı pestisid kimi tətbiq edilmə üsulu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Komitəsi tərəfindən cari ildə ixtira kimi təsdiq edilmişdir (patent №20130085). Mildiu xəstəliyinə qarşı “poliakrilamid” preparatı sınaqdan keçirilmiş va aşağıdakı nəticələr alınmışdır.

  1. Preparatın istifadəsi göy daşın istifadəsini xeyli azaldır va tərkibində olan göy daşın yuyulmasının qarşısı alınır.
  2. PAA preparatının istifadəsi hazırda istifadə olunan preparatlardan 10 dəfə ucuz başa gəlir.

Salxım yarpaqbükəninə qarşı Sumisidin, Fastak, Super takimetrin və s. insektisidlər sınaqdan keçirilmiş və Azərbaycan şəraitində səmərəli olduğu aşkar olunmuşdur.

Sınaqların əsas məqsədi ətraf mühitə ziyan vurmayan, toksiki təsir müddəti çox olan, az istifadə normalı va selektiv təsirə malik pestisidlərin fermer təsərrüfatlarına tövsiyə olunmasıdır.

Pestisid sözünda “pest”-zərərli orqanizm, “sido”-öldürürəm deməkdir. Pestisidlər təsir mexanizminə görə 2 qrupa bölünür: sistem va kontakt təsirli. Pestisidlər təsir obyektinə görə də funqisid, İnsektisid və herbisidlərə bölünür.

Funqisidlər göbələklərə qarşı (mildiu, oidium), insektisidlər zərərvericilərə qarşı (salxım yarpaqbükəni, filloksera), herbisidlər isə alaq otlarına qarşı tətbiq olunurlar.

İnteqrir mübarizə texnologiyaları sahəsində gələcək tədqiqatlarda kompleks mübarizə tədbirlərindən istifadəyə geniş yer verməyi nəzərdə tuturuq. Yəni, xəstəlik və zərərvericilərə qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizəni birlikdə həyata keçirmək daha səmərəli nəticə verər.

Gələcək tədqiqat işləri üçün laboratoriya şəraitində xəstəlik və zərərvericilərin müşahidəsi də nəzərdə tutulur. Adi şəraitdə sort və hibridlərin davamlılığına, yəni törədicilərin inkişaf dinamikasına bir sıra amillər- torpaq-iqlim şəraiti, aqrotexnika və s. təsir edir. Bu və ya digər sortun davamlılığına kənar amillərin təsirini aradan qaldırmaqla sortun xəstəlik və zərərvericilərə qarşı davamlılığı haqda daha düzgün məlumat almaq olar. Gələcəkdə seleksiyada bu davamlı sortlardan istifadə etməklə yeni davamlı sortlar yaratmaq olar.

Yuxarıda dediklərimizi yekunlaşdıraraq, Azərbaycanda üzüm bitkisinin əsas xəstəlik və zərərvericiləri və onlara qarşı tətbiq olunan pestisidlər haqda qısa məlumat verək:

MİLDİU.

Plasmopora viticola Berl. göbələyi ilə törədilir, üzümün əsas və ən təhlükəli xəstəliyidir. Tənəyin bütün yaşıl hissələrini: yarpaqları, yaşıl zoğları, qönçələri, çiçəkləri və kal gilələri zədələyir. Yetişmiş gilələr xəstəliyə tutulmur. Xarici nişanələr – yarpağın üst tərəfində əmələ gələn sarımtıl yağlı ləkələrdir. Nəmli havada, yağışdan, duman və çəndən sonra yarpağın alt tərəfində ağ unvari təbəqə - konidiyadaşıyıcılar (sporlar) əmələ gəlir. Sirayətlənmədən 2-3 həftə sonra yarpaqlar və zoğlar qonurlaşıb quruyur. Xəstəliyə tutulmuş salxım daraqları və çiçəklər də ağ tozla örtülür, qonurlaşır və quruyurlar.

Xəstəliyi törədən göbələk tökülmüş yarpaqlarda zoospor şəklində qışlayır. Orta sutkalıq temperatur 11°C, havanın rütubəti yüksək olduqda həmin zoosporlar inkişaf etməyə başlayır. Üzüm tənəyi orqanlarının yazda və yayın birinci yarısında xəstəliyə sirayətlənməsi xüsusi təhlükə yaradır və məhsul itkisinə səbəb olur.

OİDİUM (Ucinula necator Burill )

Oidium xəstəliyi respublikanın bütün üzümçülük zonaları üçün olduqca təhlükəlidir.

Xəstəlik üzümün yarpaq, zoğ və gilələrini sirayətləndirir. Onların üzərində, eləcə də yarpaq saplaqlarında ağ rəngli unvari təbəqə əmələ gəlir. Bir az sonra bu təbəqə bozumtul-kül rəngi alır. Yoluxmuş yarpaqlar kövrəkləşir və vaxtından qabaq quruyurlar. Yarpaqların kənarları çox vaxt yuxarıya doğru əyilir. Oidiuma yoluxmuş yarpaqlar balıq iyi verir. Sirayətlənmiş qönçə və çiçəklər quruyub tökülür. Xəstəliyə şiddətli dərəcədə yoluxmuş gilələr çatlayır. Bu cür gilələrin toxumları çılpaqlaşır. Bu isə salxımların boz çürüməyə tutulması üçün şərait yaradır. Yetişmiş gilələr üzərində oidium inkişaf edə bilmir. Xəstəliyi törədən göbələk qışı mitselli şəklində tumurcuq və zoğlarda keçirir. Oidium üçün aşağı böhran temperaturu +40C, yuxarı böhran temperaturu + 300C-dir. Havanın nisbi rütubətinin 25% və daha yüksək olması kifayət edir.

BOZ ÇÜRÜMƏ (Törədicisi Botrytis cinerea Pers göbələyi)

Gilələrin yetişmə dövründə onların üzərində inkişaf edir. Çiskinli, yağmurlu hava şəraitində daha çox ziyan vurur. Qışı bitki qalıqlarında, torpaq səthində keçirir. Yerin üzərindən küləklə sovrularaq gilələrin üstünə düşür. Sirayətlənmiş gilələr tez bir zamanda boz kiflə örtülür. Kal üzüm gilələrində üzvi turşuların miqdarı yüksək olduğu üçün boz çürümə göbələyi onları sirayətləndirə bilmir. Mildiu, oidium və salxım yarpaqbükəni ilə zədələnmiş gilələr də həmçinin boz çürüməyə yoluxurlar.

FİLLOKSERA (Phylloxera vastatrix)

Filloksera üzümün ən qorxulu zərərvericisidir. O, ancaq üzüm bitkisində yaşayır. Fillokseranın vətəni Şimali Amerikadır. XIX-cu əsrin 50-ci illərində fillok-sera calaq əkin materialı ilə Şimali Amerikadan Avropaya (İngiltərəyə) gətirilmişdir. Azərbaycanda filloksera 1925-ci ildə aşkar edilmişdir. Filloksera düzqanadlı xortumlu həşəratlar dəstəsinin (Homoptero) mənənələr yarımdəstəsinə (Aphididae) və Phylloxera vitifoli Tihsch növünə aiddir. İnkişaf dövrünə və zədələmə xüsusiyyətinə görə fillokseranın 2 zərərverici forması var: yarpaq və kök zərərvericisi. Amerika üzümlüklərində filloksera kök və yarpaqları zədələyərək, tam inkişaf dövrü keçirir. Avropa və Asiya sortlarında filloksera natamam inkişaf dövrü keçirərək ancaq köklərdə olur. Yazda tumurcuqların açılması dövründə yumurtalardan sürfələr çıxır və cavan yarpaqların üst tərəfinə yapışır. Yapışdığı yerdə sürfə bir neçə deşik açır. Nəticədə yarpağın aşağı tərəfində fırlar əmələ gəlir. Sürfələr fırların içində qidalanaraq 18-25 gündən sonra dişi fərdlərə çevrilirlər. Bunlar 500-ə qədər yumurta qoyur və məhv olurlar. 6-8 gündən sonra yumurtalardan ikinci nəsil sürfələr əmələ gəlir. Yay ərzində filloksera 6-7 nəsil verir.

Əgər filloksera cavan kökün uc hissəsini zədələyirsə, onda o, quş başının formasını alır və belə zədələnmə nedozitet adlanır. Bu cür yoluxmalarda üzüm tənəyi nadir hallarda məhv olur, belə ki, yeni cavan qabıq asanlıqla yenidən əmələ gəlir.

Əgər filloksera birillik, ikillik, üçillik və ya daha yaşlı tənəkləri zədələyirsə, onda tuborozitetlər adlanan qalınlaşmalar əmələ gəlir. Qalınlaşmaların kütləvi inkişafının 5-8-ci ilində üzümün sortundan asılı olaraq köklər məhv olurlar.

SALXIM YARPAQBÜKƏNİ (Törədicisi Polychrosis botrane Schiff.)

Salxım yarpaqbükəni (giləqurdu) fillokseradan sonra ən təhlükəli zərərvericidir. Sıx salxımlı üzüm sortlarına daha çox ziyan vurur. Çünki sıx salxımlı üzüm sortları zərərvericinin tırtılları ilə zədələndikdə güclü çürümə gedir.

Bu zərərverici yay ərzində üç nəsil verir. Qışı ştambın qabığı altında, budaqlarda, bükülmüş quru yarpaqlarda pup mərhələsində keçirir. Pupların uzunluğu 5-6 mm-dir. Aprelin sonu-mayın əvvəli puplardan kəpənəklər çıxır. Kəpənəklər xırda ölçüdədir, qanadlarını açdıqda 13 mm-ə çatır. Onlar 10-12 gün su ilə qidalanır və sonra yumurta qoymağa başlayırlar. Dişi fərd üzümün qönçə və çiçəklərinə 80-ə qədər yumurta qoyur. 6-7 gündən sonra yumurtalardan birinci nəsil süfrələri çıxır. İyun ayının ikinci yarısında ikinci nəsil sürfələr əmələ gəlir. İkinci nəsil yumurtalarını yaşıl gilələrin üzərinə qoyur və onlar asanlıqla seçilirlər. Yumurtalar 0,6-0,7 mm diametrli, yastı, parlaq haşiyəli sarı rəngdədir. Üçüncü nəslin kəpənəkləri yetişən gilələrdə yumurta qoyurlar. Salxım yarpaqbükəninin tırtılları açıq yaşıl rəngdədir. Bu tırtıllar üzümün yetişmə mərhələsində bir gilədən digərinə keçərək, üzümün zədələnməsinə və çürüməsinə səbəb olur. Süfrələrin puplara çevrilmə prosesi bükülmüş yarpaqlarda, qabığın altında və zədələnmiş gilələrdə baş verir.

Azərbaycanda da fitopatoloq və entomoloq tədqiqatçılar tərəfindən xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri o cümlədən istifadə ediləcək kimyəvi preparatların çeşidi, istifadə miqdarı və vaxtları müəyyən edilərək tövsiyə olunmuşdur. Belə ki, mildiuya qarşı mübarizədə 1%-li bordo mayesindən, 0,4%-li kuprozadan, 0,4%-li xomesindən, 0,4%-li polikarbasindən, 0,4%-li polixomdan, 0,4%-li sinebdən (hamısı üçün 4-6 kq/ha), mikaldan 4 kq/ha, arseriddən 2,8-3,3 kq/ha, ridomildən 0,5 kq/ha preparatlarından istifadə olunmasını məsləhət görülür, oidiumla mübarizə aparmaq üçün 20%-li bayleton (0,15-0,3 kq/ha), 50%-li zovral (1,5-2,5 kq/ha), 50%-li ronilan (1-1,5 kq/ha), 70%-li topsin-M (1-1,5 kq/ha), 20%-li fademorf (1,5-2,25 kq/ha), kalloid kükürd (9-12 kq/ha) və kükürd tozundan (15-30 kq/ha), balkatondan (norma 3,5 kq/ha) istifadə olunması məqsədəuyğundur.