Üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və qərarları ilə üzüm bağlarının ümumi sahəsi xeyli genişlənmiş, üzüm istehsalı isə xeyli yüksəlmişdir.
Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır.
Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, 269 saylı sərəncamı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Respublikanın bütün zonalarında üzümçülük və şərabçılığın elmi əsaslarını öyrənmək və elmi nailiyyətlərin istehsalata tətbiqi məqsədilə bu institutun Naxçıvan MR-də, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında təcrübə stansiyaları və dayaq məntəqələri yaradılmışdır.
Ulu öndərimizin üzümçülük sahəsinə göstərdiyi qayğı və diqqətin əsas nəticəsinə xalqımız 1984-cü ildə nail olmuşdur. Həmin il üzümlüklərin ümumi sahəsi 286 min hektara çatdırılaraq üzüm istehsalı 2.12 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil etmişdir.Heydər Əliyevin təşəbbüsü və tələbi ilə şərabçılıq sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrları ilə təmin etmək məqsədi ilə 1981-ci ildə Gəncə şəhərində Azərbaycan Texnologiya İnstitutunun yaradılması barədə keçmiş İttifaq hökuməti xüsusi qərar qəbul etmişdir. Azərbaycan üzümçülüyü ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi (1969-1982) illərdə özünün yüksək inkişaf mərhələsini keçmişdir. Bu illərdə üzümlüklərin sahəsi genişlənir, məhsuldarlıq artır, üzümün keyfiyyəti ildən-ilə yaxşılaşırdı.
Respublikada üzümlüklərin coğrafi cəhətdən yerləşdirilməsi üzümün əkildiyi bütün rayonlarda əlverişli torpaq-iqlim şəraitinin olması ilə xarakterizə olunur. Üzümçülüyün inkişafına dair nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi, respublikamızın keçmiş ittifaqda aparıcı yerlərdən birini tutmasına və təbii-iqtisadi şəraitdən daha səmərəli istifadə etməklə yüksəkkeyfiyyətli süfrə üzümü və şərab istehsal olunmasına imkan verdi. 1970-ci ildən başlayaraq, respublikada mövcud üzümlüklərin vəziyyəti yaxşılaşdırılır, digər tərəfdən isə elmi əsaslara söykənən geniş miqyasda yeni üzümlüklər salınırdı. Üzümçülükdə yaranmış problemləri tezliklə aradan qaldırmaq üçün H.Əliyevin bilavasitə rəhbərliyi altında təxirəsalınmaz vəzifələr müəyyən edildi və Mərkəzi Komitənin bürosunda «Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə edildi. Bu tədbirlərin uğurlu nəticəsi idi ki, 1970-ci ildə 672 təsərrüfat üzüm istehsalı ilə məşğul olmuş, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozları təşkil edilmişdir. Bu dövrdə üzümçülüyə dair geniş tədqiqat işləri aparılaraq, respublikada üzümçülük və şərabçılığın intensiv inkişafını təmin etmək üçün perspektivli 10 təbii-iqtisadi bölgə müəyyənləşdirilmiş və bu bölgələrdə iri üzümçülük aqrar-sənaye birlikləri və sovxozlar fəaliyyət göstərmişdir. 1973-cü ildə üzüm tədarükünün həcmi 397 min ton və ya 1972-ci ildəkindən 114 min ton və ya 1971-ci ildəkindən 186 min ton çox oldu. H.Əliyev bütün müvafiq təşkilatlara və kənd təsərrüfatı orqanlarına istehsalı yalnız intensivləşdirmə yolu ilə inkişaf etdirməyin mümkün olduğunu izah edir və bunun üçün hər bir kolxoz və sovxozda konkret tədbirlər görülməsini tələb edirdi. 1970-ci ildə üzümlüklərin sahəsi 121,6 min hektara, 5 il ərzində 50 min hektardan çox yeni üzümlüklər salınaraq 1975-ci ildə 178,1 min hektara çatdırılmışdır. 1970-ci ilə nisbətən 1975-ci ildə məhsul istehsalı 2 dəfəyə qədər artaraq 351,7 min tondan 706,2 min tona qədər artmış, məhsuldarlıq isə 46,8 s/ha-dan 65,1 s/ha-ya yüksəlmişdir.Azərbaycanın ayrı-ayrı üzümçülük təsərrüfatlarında müxtəlif sortlardan yeni üzümlüklərin salınması geniş vüsət aldı. Qeyd etmək lazımdır ki, mövcud üzümlüklərdə süfrə və texniki sortların əkinləri arasındakı nisbətin qeyri-mütənasib olması ilə əlaqədar olaraq gələcəkdə öz keyfiyyəti ilə üstünlük təşkil edən yerli üzüm sortlarının əkin sahələrinin artırılması nəzərdə tutulurdu.
«Kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına dair tədbirlər» haqqında keçmiş Sov.İKP və Nazirlər Sovetinin 22 fevral 1979-cu il qərarı qarşıya möhtəşəm vəzifələr qoydu. Həmin qərara əsasən 1990-cı ildə respublikada üzüm istehsalının 2,5-3,0 milyon tona çatdırılması nəzərdə tutulmuşdur.1970-1980-ci illərdə Respublikada üzümçülük yüksək templə inkişaf etməyə başladı. Həmin illərdə 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. Üzümçülüyün inkişafı ilə yanaşı respublikada şərabçılığın inkişafı da təmin olundu. Vaxtilə (1980-1985-ci illər) Azərbaycanda sənaye miqyaslı üzüm bağlarının 85,3%-ni texniki üzüm sortları, 14,7%-ni isə süfrə sortalrı təşkil edirdi.
Təbiidir ki, üzümçülüyün inkişafını üzüm sortları olmadan təsəvvür etmək mümkün deyil. Vaxtilə üzümlüklərin 69,1%-i suvarılma, 30,9%-i isə dəmyə şəraitində əkilib-becərilirdi. 80-ci illərdə Azərbaycanda mövcud olan üzümlüklərin 16,4%-i Mədrəsə, 11,2%-i Bayanşirə, 10,6%-i Həməşərə, 4,1%-i Xindoqnı, 2,4%-i Mələyi, 0,4%-i Ağ şirə və Misqalı, 3,4%-i Təbrizi, 1,5%-i Ağ şanı və Qara şanı yerli üzüm sortları (cəmi 50,1%) becərilən sahələr təşkil edirdi. Əsrlər boyu təbii xalq seleksiyası yolu ilə Azərbaycanda yerli üzüm sortları və formaları yaradılmışdır ki, bunların da öyrənilməsi, təsərrüfat baxımdan qiymətləndirilməsi, botaniki cəhətdən təsvir edilməsi və qruplar üzrə təsnif edilməsi tələb olunurdu.1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 mln. tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektar, üzüm yığımı 2,126 min ton, hektardan məhsuldarlıq respublikada ən yüksək həddinə çataraq 99,2 sentner təşkil etdi. Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxdı.