"Üzümün qurudulması" laboratoriyasının əməkdaşları tərəfindən qurutmaya yararlı bir neçə üzüm sortunun aqroekoloji və texnoloji xüsusiyyətləri öyrənilmiş, müxtəlif qurutma üsullarının sınaq təcrübələri həyata keçirilib

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun "Ampeloqrafik kolleksiya bağı"nda əkilib becərilən yerli və introduksiya olunmuş üzüm sortlarından yüksək əmtəə keyfiyyətli, ekoloji təmiz (kişmiş və mövüc) quru üzüm istehsalı üçün, " Üzümün qurudulması" laboratoriyasının əməkdaşları tərəfindən qurutmaya yararlı bir neçə üzüm sortunun aqroekoloji və texnoloji xüsusiyyətləri öyrənilmiş, müxtəlif qurutma üsullarının sınaq təcrübələri həyata keçirilmişdir.

Abşeronun torpaq-iqlim şəraiti tez və orta dövrdə yetişən, quru üzüm istehsalı üçün yararlı olan süfrə üzüm sortlarının becərilməsi üçün əlverişlidir.

Tədqiq olunan üzüm sortlarının uvaloji qiymətləndirilməsi, mexaniki tərkibinin yəni inkişaf etmiş salxımda normal və noxudlaşmış gilələrin sayı, darağın çəkisi, gilədə şirə çıxımı, qabıq və bərk hissənin çəkisi, kimyəvi tərkibinin əsas komponentləri şəkərin kütlə qatılığı və şirədə titrlənən turşuluğun kütlə qatılığı öyrənilmişdir.

Qurutma üsulu gilə kütləsinin azalma dinamikasına,qurutma sürətinə və qurudulmuş üzümün çıxımına, həmçinin quru üzümün qida və müalicəvi dəyərini müəyyən edən bioloji aktiv maddələrinin saxlanmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Təbii üsulla qurutmada havanın nisbi rütubətinin optimal olması nəticəsində qurudulmuş kişmiş və mövüclərdə yüksək əmtəə çıxımı əldə edilmişdir .