Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı?

Artıq üzümün yetişmə dövrü yaxınlaşır. İyul ayının axırlarından və avqust ayının əvvələrindən başlayaraq ən tez və tez yetişən üzüm sortları yetişməyə başlayacaq. Sağlam, təravətli, yüksək əmtəəlik görünüşünə malik üzüm məhsulunun əldə olunması üzümçülərin ən ümdə arzusudur.

Trend Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna istinadən məlumat verir ki, aqronomik qaydalara görə üzümün yetişməsinə 15-20 gün qalmış kimyəvi çiləmələr dayandırılmalıdır.

Eyni zamanda, üzümçülər, həmdə öz məhsullarını çürümə xəstəliklərindən qorumalıdırlar. Bəzi fermerlər, sahibkarlar üzümü uzun müddət tənək üzərində saxlayıb sonra satışa çıxarırlar. Ona görə də, onlar bir sıra aqrotexniki və bitki mühafizə tədbirlərinə əməl etməlidirlər.

Üzüm bir çox göbələk xəstəlikləri- boz çürümə, qara çürümə, ağ çürümə, qəhvəyi çürümə və s. ilə sirayətlənərək çürümə prosesinə məruz qala bilər. Azərbaycanda ən geniş yayılan “boz çürümə” xəstəliyidir. Bu xəstəlik rütubətli havada sürətlə inkişaf edir və adətən üzüm gilələrini yetişmə dövründə zədələyir. Gilələr üzərindəki çatlayan, mexaniki və zərərvericilər tərəfindən yaranmış zədələrə göbələyin sporları düşərək cücərir və gilənin çürüməsinə səbəb olur. Mildiu, oidium və salxım yarpaqbükəni ilə zədələnmiş gilələr də boz çürüməyə yoluxurlar. Zədələnmiş gilələr bozarır, qabığı qırışır və rütubətli havada boz rəngdə kifəbənzər örtüklə örtülür və çürüyür. Göbələklər qonşu gilələrə düşərək salxımın xeyli hissəsinin çürüməsinə səbəb olur. Xəstəliyin ilk əlamətləri olaraq gilələrdə 3-5 mm ölçüdə narıncı, yaxud qızılıya çalan xırda ləkələr meydana gəlir. Sonradan ləkələr böyüyərək homogen şəkildə gilələrin üzərini tutur və tündləşir. Barmaqla basdıqda sirayətlənmiş qabıq lətdən asanlıqla ayrılaraq sıyrılır.

Xəstəliyin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, gilələrdə zədə və yarıqlar olduqda göbələyin sporları ora daxil olur. Çox vaxt üzüm gilələrinin B.cinerea göbələyi ilə yoluxmasını xeyirli çürümə adlandırırlar. Bu ad onunla əlaqədardır ki, quraq keçən payızda göbələk gilələrdə zəif inkişaf edir, gilələrdə su buxarlanması artır, turşuluq azalır, şəkərlilik artır. Bu da onlardan hazırlanan şərabın keyfiyyətini artırır. Əgər quraqlıqdan sonra yağışlı havalar başlasa, onda yetişmiş gilələrdəki yarıqlar daha çox əmələ gəlir. Yağışlı havada göbələk sürətlə inkişaf edir və onun mitselisi gilənin lətli hissəsinə daxil olub onun əyilməsinə səbəb olur.

Mübarizə üsulları:

Adətən vegetasiya ərzində göbələk xəstəliklərinə və zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə aparılmış bağlarda boz çürümə xəstəliyi zəif inkişaf edir. Ancaq xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmayan, dolu, külək, sel və digər amillərdən mexaniki zədələr almış üzüm bağlarında boz çürüməyə qarşı diqqətli və vaxtında mübarizə aparılmalıdır.

Boz çürümə ilə mübarizədə aqrotexniki tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər havalanmanın daha yaxşı getməsi və günəş şüalarının düşməsi üçün şərait yaradır. Mildiuya qarşı mübarizədə tətbiq olunan istənilən fungisiddən boz çürüməyə qarşı da istifadə etmək olar. Bundan başqa Botran (1,5-2,0 kq/ha), Herodion 50 WP (0,75 kq/ha), Kumulus (6-8 kq/ha) və s. pestisidlər səmərəli nəticə verir.

Həyətyanı sahədə üzüm becərənlər və xırda fermer təsərrüfatları olan üzümçülər məhsulun yetişmə müddətində, o cümlədən tənək üzərində saxlama zamanı sahəni mütamadi gəzməli və yanlarında xırda ucu iti qayçı gəzdirmələri məsləhətdir. Sahədə gəzərkən salxımlar nəzərdən keçirilir və orada rast gəlinən çürümüş gilələr kəsilərək salxımdan kənarlaşdırılır.