Üzümçülük və şərabçılıq sahəsində Türkmənistanla elmi əməkdaşlıq yaradılır

Üzümçülük və şərabçılıq sahəsində Türkmənistanla elmi əməkdaşlıq yaradılır

Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın 2019-cu il 13 sentyabr tarixdə Aşqabadda keçirilən 5-ci iclasında tərəflər kənd təsərrüfatı bitkilərinin seleksiyası və toxumçuluğu sahəsində, o cümlədən üzümçülük sahəsində təcrübə mübadiləsi aparılması barədə razılığa gəlmişlər.

Qəbul edilmiş protokolun 5.1 bəndindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Üzümçülük və Şərabçılıq ET İnstitutunun (ÜŞETİ) Türkmənistan Respublikasının Azərbaycan Respubliksındakı səfirliyinə müraciəti əsasında Səfirliyin dəstəyi ilə 26 may 2021-ci il tarixdə videokonfrans təşkil edilmişdir. ÜŞETİ-nin və Türkmənistan Kənd Təsərrüfatı İnstitutunun bir qrup əməkdaşının iştirak etdiyi konfransda tərəflər üzümçülüyün və şərabçılığın vəziyyəti, bazar tələbləri, şərab məhsulları bazarında rəqabət, cari və gələcək tədqiqat hədəfləri, milli genefond və s. məsələlər üzrə geniş fikir mübadiləsi aparmışlar.

Konfransın nəticəsi olaraq, ÜŞETİ və Türkmənistan Kənd Təsərrüfatı İnstitutu arasında üzümçülük və şərabçılıq sahəsində elmi əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi məqsədilə tərəflər “Əməkdaşlığa dair Memorandum” layihəsinin hazırlanması barədə razılığa gəlmişlər. Bu məqsədlə, ÜŞETİ tərəfindən Memorandum layihəsi hazırlanmış və qarşı tərəfə çatdırılmaq üçün Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə təqdim olunmuşdur.

Qarşı tərəfin rəy və təklifləri nəzərə alınmaqla hazırlanacaq yekun sənəd hər iki tədqiqat müəssisəsi tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək və əməkdaşlıq üçün əsas yaradacaq.