Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları Naxçıvanda keçirilən "Aqro festival" da iştirak ediblər.

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları Naxçıvanda keçirilən "Aqro festival" da iştirak ediblər.

Naxçıvanda “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir və “Aqro festival” keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə “Aqro festival” keçirilir. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Aqrar Təqdiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, eləcə də Dövlət Toxum Fondu, həmçinin elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər.

Festival iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Muzeyinə baş çəkən ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqdan sonra festivalın keçirildiyi Sahil Parkına gəliblər. Tədbir iştirakçıları müxtəlif stendlərdə nümayiş olunan aqrar texnologiyalarla tanış olub, aqrar fəaliyyətdə tətbiq olunan texnologiyaların təsərrüfatda təcrübi tətbiqi ilə bağlı fermerlərlə fikir mübadiləsi aparıblar.

45 şirkət və 55 ailə təsərrüfatçılarının iştirak etdiyi festivalda müxtəlif innovativ həllərə əsaslanan və resurslara qənaət edən mütərəqqi suvarma qurğuları, kənd təsərrüfatı texnikaları, torpaqbecərmə alətləri, toxum, gübrə, pestisid və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçirilir.

Daha sonra “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək Naxçıvanda “Heydər Əliyev ili”nin müxtəlif silsilə tədbirlərlə geniş qeyd edildiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, Ümummilli Liderin rəhbər vəzifələrdə çalışdığı bütün dövrlərdə aqrar sektorun inkişafı iqtisadi islahatların başlıca hədəfinə çevrilib. Xüsusilə müstəqillik illərində ölkəmizdə ilk dəfə torpaq islahatına Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda başlanıb, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin təməli qoyulub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatını qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etməsindən sonra Azərbaycan Respublikasında aqrar sahə sürətlə inkişaf edib.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Naxçıvanda geniş sahibkarlıq mühitinin formalaşdığını və bu sahədə daha böyük potensialın olduğunu vurğulayıb. Bildirib ki, ulu öndərimizin ənənələrinin uğurla davam etdirildiyi Naxçıvan respublikanın ən sürətlə inkişaf edən bölgəsidir.