Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Gəncə Təcrübə Stansiyasının əməkdaşları Xankəndi şəhərinin Mərkəzi Meydanında kənd təsərrüfatı sahəsinin inkişafına dəstək məqsədilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkasında iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırıb. Səbuhi Qəhrəmanov bildirib ki, infrastrukturun bərpası ilə yanaşı, keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi də davam etdirilir. Dayanıqlı məskunlaşma ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsinin mühüm olduğunu deyən Səbuhi Qəhrəmanov bildirib ki, keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsində kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyət daşıyır və bu ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı məqsədilə mühüm tədbirlər görülür.
Tədbirdə “Elkiyar” İstehsal Kommersiya şirkətinin direktoru İkram Ziyadov, Xocalı rayonu Ballıca kənd sakini Səmayə Mirzəyeva, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli çıxış edərək bu festivalların və sərgi-satış yarmarkalarının təşkilinin aqrar sektorun inkişafı, məhsuldarlığın artırılması, fermerlərin peşəkar biliklərinin artırılması, məhsuldarlığın yüksəldilməsi və sahibkarlıq fəaliyyətinin genişlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Tədbirin keçirilməsi regionun toxumçuluq sahəsində istehsal potensialının nümayişi, yeni bazar əlaqələrinin qurulması və yerli fermerlərin satış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Yarmarka həm də işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpasına və sahibkarlıq mühitinin genişlənməsinə dəstək xarakteri daşıyır.






