Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Fiziki-kimyəvi analizlər laboratoriyasında tədqiqat işləri davam etdirilir.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Fiziki-kimyəvi analizlər laboratoriyasında tədqiqat işləri davam etdirilir. Yerli üzüm sortlarının ampeloqrafik və ampelodeskriptor əlamətləri müasir laborator üsullarla və OIV protokollarına uyğun öyrənilərək rəqəmsal təsvir edildikdən sonra məlumat bazasına daxil ediləcəkdir.

Qeyd edək ki, ampeloqrafik protokollara görə sortun təyin edilməsində yarpaqlar ən dəqiq diaqnostik əlamətlərə malikdirlər və yarpaq əlamətlərinin əksəriyyəti "sabit" əlamətlər qrupuna daxildir.

Hazırda Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) tərəfindən müəyyən edilərək rəqəmsal kodlaşdırılmış ampelodeskriptorlar vasitəsilə üzümün təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) daxil edilməsi olduqca aktual tədqiqat işlərindəndir. Yerli üzüm genotiplərinin ampeloqrafik quruluşunun müəyyən edilməsi və beynəlxalq məlumat bazalarına daxil edilməsi onlara qarşı xarici ölkələr, xüsusən də bədnam qonşularımız tərəfindən irəli sürülən məkirli iddialara elmi baxımdan son qoymaqla, sortlarımızın mənimsənilməsinin qarşısını alacaqdır.