Sultanı kişmişi sortu

Azərbaycanın ən qədim kişmişi sortlarından biridir.

Sort şərq süfrə sortları yarımqrupuna (convar orientalis subconvar antasiatica Negr.) mənsubdur.

Cavan zoğun uc hissəsi və ilk yarpaqlar açıq yaşıl rəngdədir. Zəif tükcüklüdür.

Yarpaqları iri (uzunluğu 18-23 sm, eni 16-22 sm), dəyirmi formada, 3-5 dilimli olub, açıq-yaşıl rəngdədir. Ayanın müstəvisi düz, üst səthi isə hamardır. Yuxarı kəsikləri dayaz, yaxud orta dərinlikdə, açıq və ya bağlı olub, girintili bucaq şəklində, qayışşəkilli, yaxud dar ellipsvari formadadır. Aşağı kəsikləri dayaz olub, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı və kənar dişciklərin əsası enli, tərəfləri zəif qabarıq üçbucaqşəkillidir. Alt səthi çılpaqdır. Saplaq oyuğu bağlı olub, dar ellipsvaridir.

Çiçəyi ikicinslidir. Salxımları iri və çox iridir (uzunluğu 14-27 sm, eni 8-12 sm). Konusvari, enli-konusvari, qanadlı, hətta şaxəli formada olub, seyrək, orta sıxlıqda və sıxdır. Gilələri orta ölçüdə və iridir (uzunluğu 19-21 mm, eni 14-15 mm), simmetrik, oval formada olub, simmetrikdir. Rəngi qızılı-sarıdır. Tam yetişdikdə kəhrəba rəngi alır. Ləti şirəli-ətvari olub, dadı harmonik və xoşagələndir. 100 gilənin kütləsi 250-280 q-dır.

Sort orta-tez dövrdə yetişəndir. Abşeron şəraitində vegetasiya müddəti 122-132 gündür. Sortun kolları güclü böyüyəndir. Zoğları yaxşı və çox yaxşı yetişir. Salxımlarında noxudlaşmış gilələr azlıq təşkil edir. Sort Abşeron şəraitində oidium, antraknoz və boz çürüməyə qarşı tolerantlıq nümayiş etdirir. Salxım yarpaqbükəni ilə zəif sirayətlənir.

Yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 40-65%; salxımların miqdarı 19-28 ədəd; bar əmsalı 0,7-1,2; salxımların kütləsi 280-500 q arasında dəyişir. Kolun məhsuldarlığı 7,4-9,2 kq, hektara düşən məhsuldarlıq isə 150-200 s/ha-dır. Giləsində şəkərlilik 19-23 q/100 sm3, titrlənən turşuluq 4,0-5,0 q/dm3-dir.

Sort kişmiş istehsalı üçün olduqca qiymətlidir. Təzə halda da geniş istifadə olunur. Salxım və gilələrinin orqanoleptik göstəriciləri yüksəkdir və xarici görünüşü qəşəngdir. Saxlanmaya və daşınmaya davamlıdır.

Münbit torpaqlarda, suvarma şəraitində və yüksən aqrofonda sorta çoxqollu yelpik formasının verilməsi məqsədəuyğundur. Azərbaycanın müxtəlif rayonlarında sorta 40-50 və daha artıq gözcük yükü verilməsi və bar zoğlarının uzun kəsilməsi (16-18 gözcüyə) məqsədəuyğundur.

Suvarma şəraitində, yüksək aqrotexniki fonda üzüm tənəklərinə çoxqollu yelpik (3-5 qollu) formasının verilməsi, bar barmaqlarının uzun (8-12 gözcüyə) kəsilməsi, 36-44 və daha artıq gözcük yükünün verilməsi məsləhətdir.

Azərbaycanın dağətəyi və düzən ərazilərində əkilib-becərilməsi məqsədəuyğundur.