“Sülh Ayı” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulanıb.
Tədbirdə institutun direktoru Vüqar Səlimov, İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Aynurə Quliyeva və Elmi katib Xuraman Abbasova çıxış ediblər.
İnstitutun direktoru Vüqar Səlimov çıxışında sülhün cəmiyyətin davamlı inkişafının, sosial rifahın və təhlükəsiz gələcəyin əsas şərtlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, sülh və sabitlik kənd təsərrüfatının, o cümlədən üzümçülük və şərabçılıq sahəsinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və elmi-texnoloji əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Müasir dövrdə dayanıqlı kənd təsərrüfatının inkişafı, su və torpaq ehtiyatlarından səmərəli istifadə, innovativ texnologiyaların tətbiqi və yaşıl enerjiyə keçid həm iqtisadi, həm də ekoloji dayanıqlılığın mühüm elementləri kimi qeyd olunub.
İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Aynurə Quliyeva çıxışında sülhün insan hüquqları, hüququn aliliyi, sosial rifah, ərzaq və su təhlükəsizliyi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, kənd təsərrüfatında elmi yanaşmaların, innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi dayanıqlı inkişafın və ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Xüsusilə üzümçülük sahəsində elmi tədqiqatların, müasir aqrotexnologiyaların və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin əhəmiyyəti vurğulanıb.
A.Quliyeva həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin müqəddəs xatirəsinin daim ehtiramla yad edilməsinin hər birimizin mənəvi borcu olduğunu bildirib. Qeyd edib ki, bu gün sahib olduğumuz sülh, təhlükəsizlik və azadlıq şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı ilə bağlıdır. Şəhidlərimizin ruhu qarşısında borcumuz onların əziz xatirəsini yaşatmaqla yanaşı, ölkəmizin inkişafına, elmin və kənd təsərrüfatının tərəqqisinə, gələcək nəsillər üçün daha təhlükəsiz və firavan həyatın qurulmasına öz töhfəmizi verməkdir.
Elmi katib Xuraman Abbasova çıxışında sülhün elm və təhsil, elmi əməkdaşlıq və cəmiyyətin intellektual inkişafı üçün yaratdığı imkanlardan danışıb. O vurğulayıb ki, elmi əməkdaşlıq müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın gücləndirilməsinə xidmət edən mühüm vasitələrdəndir. Elm və innovasiyanın inkişafı, əldə olunan elmi nəticələrin praktikaya tətbiqi və gənc tədqiqatçıların dəstəklənməsi dayanıqlı gələcəyin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı sülhün insan hüquqları, hüququn aliliyi, ərzaq və su təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı, sosial rifah, yaşıl enerji və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə əlaqəsi barədə geniş fikir mübadiləsi aparılıb.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, kənd təsərrüfatının inkişafının və yaşıl enerji layihələrinin sülhün yaratdığı yeni imkanların mühüm göstəriciləri olduğu qeyd edilib.
#SülhAylığı #PeaceMonth #Üzümçülük #Şərabçılıq #KəndTəsərrüfatı #DayanıqlıKəndTəsərrüfatı #ƏrzaqTəhlükəsizliyi #YaşılEnerji #ŞəhidlərimiziUnutmuruq
Daha az göstər






