Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında elmi əlaqələr qurulur

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında elmi əlaqələr qurulur

ETN-nin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, tanınmış alim və elm təşkilatçısı, Əməkdar elm xadimi Zeynal Əkpərov, Milli Genbank şöbəsinin Mərkəzi məlumat bazası qrupunun baş mütəxəssisi , b.ü.f.d İlhamə Mirzəyeva, elmi katibi b.ü.f.d Natavan Kələntərova Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olublar. Z. Əkpərov məlumat verib ki, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və genetik istifadəsi haqqında" Azərbaycan respublikasının qanununa əsasən AR Nazirlər Kabinetinin qərarı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilmişdir. Qanunun icrası ilə əlaqədar ölkədə mədəni bitkilərin genofondunun hərəkəti, tədqiqi, istifadəsi o cümlədən yeni yaradılan sortlar haqda pasport və səciyyələndirmə məlumatları toplanılaraq hər ilin sonunda AR Nazirlər Kabinetinə hesabat təqdim edilir və Milli Genbankın Mərkəzi Məlumat Bazasında saxlanılır.

Odur ki, İnstitutunuza aid bitkilərin kolleksiyalarının müvafiq məlumatlarını Beynəlxalq Məlumat Bazalarının tələbinə uyğun hazırlanıb təqdim olunması vacibdir. Azərbaycanın üzüm genofondunun qorunub saxlanılması, səmərəli və davamlı istifadəsi məqsədilə yerli üzüm sort və formalrının toplanması, kolleksiyaya daxil edilməsi, qiymətləndirilməsi, seleksiya və təsərrüfat əhəmiyyətlilərinin müəyyən edilməsi, onların biomorfoloji, müasir deskriptor əlamətlərinin təsvir edilməsi, məlumat bazasının yaradılması, onların Beynəlxalq məlumat bazalarına daxil edilməsi və s.işləri dövrümüzün ən ümdə məsələrindən biri olduğu vurğulanıb. Ümumi tanışlıqdan sonra qonaqlar bu institut ilə əməkdaşlıq müqaviləsi bağlamaq niyyətində olduqlarını bildiriblər. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.d. Vüqar Səlimov qonaqları salamlayaraq elmi əlaqələrin qurulmasının gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün vacib olduğunu bildirib. Mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığa dair müzakirələr aparılmış və gələcəkdə görüləcək işlərlə bağlı ilkin razılıq əldə olunub.Tədqiqatçıların, magistrlərin və doktorantların elmi-tədqiqat işlərinin həyata keçirilməsində iki qurumun potensialından istifadə edilməsi və bu sahədə səmərəli elmi-praktiki nəticələrin əldə olunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, biomühəndislik, mikrobiologiya, virusologiya, biokimya və s. laboratoriyaların potensialından istifadə edilərək nəticəyönümlü araşdırmaların aparılması məqsədəuyğundur. Üzümçülük və şərabçılıq sahəsində elmi əlaqələrin qurulması və həyata keçiriləcək tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsi üçün müvafiq mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması qarşıya qoyulub.