Bakı Dövlət Universiteti ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında elmi əlaqələr qurulur

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, Biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova və Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri biologiya üzrə elmlər doktoru, professor Ziyəddin Məmmədov Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olublar. İnstitutun laboratoriyaları ilə tanışlıqdan sonra qonaqlar bu institut ilə əməkdaşlıq müqaviləsi bağlamaq niyyətində olduqlarını bildiriblər. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər doktoru Vüqar Səlimov qonaqları salamlayaraq elmi əlaqələrin qurulmasının gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün vacib olduğunu bildirib. Bakı Dövlət Universitetinin və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığa dair müzakirələr aparılmış və gələcəkdə görüləcək işlərlə bağlı ilkin razılıq əldə olunmuşdur. Tədqiqatçıların, magistrlərin və doktorantların elmi-tədqiqat işlərinin həyata keçirilməsində iki qurumun potensialından istifadə edilməsi və bu sahədə səmərəli elmi-praktiki nəticələrin əldə olunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, biomühəndislik, mikrobiologiya, virusologiya, biokimya və s. laboratoriyaların potensialından istifadə edilərək nəticəyönümlü araşdırmaların aparılması məqsədəuyğundur. Üzümçülük və şərabçılıq sahəsində elmi əlaqələrin qurulması və həyata keçiriləcək tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsi üçün müvafiq mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması qarşıya qoyulub.