Ağ Quşürəyi sortu

Ağ Quşürəyi sortu

Azərbaycanın ən qədim üzüm sortlarından biridir. Sorta Füzuli, Ağdam, Kürdəmir, Göyçay, Ağcabədi, Bərdə, Şamaxı, İsmayıllı rayonlarındakı köhnə üzüm və xiyaban bağlarında rast gəlinir.

Sort şərq süfrə sortları yarımqrupuna (convar orientalis subconvar antasiatica Negr.) mənsubdur.

Cavan zoğun tacı açıq-yaşıl rəngdə olub, qalın tozabənzər tüklə örtülmüşdür. Birillik zoğlarının buğum arası 9-12 sm olub, qırmızımtıl-qəhvəyi rəngdədir.

Yarpaqları xırda və orta ölçüdə (uzunluğu 10-18 sm, eni 9-17 sm), dəyirmi formada olub, 5 dilimlidir. Yarpağın üst səthi hamar olub, yaşıl rəngdədir. Yuxarı kəsikləri girintili bucaq şəklində, aşağı kəsikləri isə dayazdır. Saplaq oyuğu açıq, tağşəkilli, iti dibli, yaxud dəyirmi diblidir. Dilimlərin ucundakı dişciklər dar üçbucaqşəkilli, yaxud tərəfləri nisbətən qabarıq üçbucaqşəkillidir. Yarpağın alt səthi çılpaqdır.

Çiçəyi ikicinslidir. Salxımları orta və iri ölçüdə (uzunluğu 14-22 sm, eni 8-12 sm), konusvari formada olub, seyrək və ya orta sıxlıqdadır. Gilələri orta və iri ölçüdə (uzunluğu 15-22 mm, eni 11-16 mm), oval yaxud konusvari formada, simmetrik. ağımtıl-yaşıl rəngdə olub, üzəri mum təbəqəsi ilə örtülmüşdür. Ləti ətvari, zəif xırtıldayan olub, kifayət qədər şirəlidir. Dadı və ətri xoşagələn və harmonikdir. Qabığı nazik və elastikdir.

Abşeron şəraitində vegetasiya müddəti 145-150 gün arasında dəyişir. Gilələri sentyabr ayının birinci ongünlüyündə tam yetişir. Tənəkləri orta boy gücünə malik olub (186 sm), zoğları yaxşı (94,6%) yetişir. Çiçəkləri orta səviyyədə (44,8-58,2%) tökülür. Salxımlarında noxudlaşmış gilələr müşahidə edilmir. Sort Abşeron şəraitində oidium, boz çürümə xəstəliklərinə qarşı davamsızlıq (4-4,5 bal) nümayiş etdirir.

Məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 42-52%; bar əmsalı 0,50-0,72; məhsuldarlıq əmsalı 0,92-1,04; salxımların sayı 8-16 ədəd; salxımların kütləsi 196,6-230,6 qr; kolun məhsuldarlığı 1,8-4,2 kq; hektardan məhsuldarlıq isə 40,0-93,3 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17-22 q/100 sm³, titrlənən turşuluq 4,2-6,6 q/dm³ arasında dəyişir.

Sortun məhsulu təzə halda geniş istifadə olunur. Bununla yanaşı sort alkoqolsuz məhsulların (mürəbbə, marinad, üzüm şirəsi və s.) alınması üçün qiymətli mənbədir. Salxım və gilələrinin əmtəəlik keyfiyyəti və orqanoleptik xüsusiyyətləri yüksəkdir.

Bir meyvə şəkili ola bilər