Artıq üzümün yetişmə dövrü yaxınlaşır. İyul ayının axırlarından və avqust ayının əvvələrindən başlayaraq ən tez və tez yetişən üzüm sortları yetişməyə başlayacaq. Sağlam, təravətli, yüksək əmtəəlik görünüşünə malik üzüm məhsulunun əldə olunması üzümçülərimizin ən ümdə arzusudur. Aqronomik qaydalara görə üzümün yetişməsinə 15-20 gün qalmış kimyəvi çiləmələr dayandırılmalıdır.
Lakin, üzümçülər üzümlərini çürümə xəstəliklərindən qorumalıdırlar. Bəzi fermerlərimiz, sahibkarlarımız var ki, üzümü uzun müddət tənək üzərində saxlayıb sonra satışa çıxarırlar. Ona görə də, onlar bir sıra aqrotexniki və bitki mühafizə tədbirlərinə əməl etməlidirlər.
Üzüm bir çox göbələk xəstəlikləri- boz çürümə, qara çürümə, ağ çürümə, qəhvəyi çürümə və s. ilə sirayətlənərək çürümə prosesinə məruz qala bilər. Azərbaycanda ən geniş yayılan “boz çürümə” xəstəliyidir. Bu xəstəlik adətən gilələri onların yetişmə dövründə zədələyir, rütubətli havada sürətlə inkişaf edir. Gilələrin çatlayan, mexaniki və zərərvericilər tərəfindən yaranmış zədələrdə göbələyin sporları düşərək cücərir, gilənin çürüməsinə səbəb olur. Mildiu, oidium və salxım yarpaqbükəni ilə zədələnmiş gilələr də həmçinin boz çürüməyə yoluxurlar. Zədələnmiş gilələr bozarır, onların qabığı qırışır və rütubətli havada boz rəngdə kifəbənzər örtüklə örtülür və çürüyür. Göbələklər qonşu gilələrə düşərək salxımın xeyli hissəsinin çürüməsinə səbəb olur. Xəstəliyin ilk əlamətləri olaraq gilələrdə 3-5 mm ölçüdə narıncı, yaxud qızılıya çalan xırda ləkələr meydana gəlir. Sonradan ləkələr böyüyərək homogen şəkildə gilələrin üzərini tutur və tündləşir (şəkil). Barmaqla basdıqda sirayətlənmiş qabıq lətdən asanlıqla ayrılaraq, sıyrılır.Xəstəliyin ikişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, gilələrdə zədə və yarıqlar olduqda göbələyin sporları ora daxil olur. Çox vaxt üzüm gilələrinin B.cinerea göbələyi ilə yoluxmasını xeyirli çürümə adlandırırlar. Bu ad onunla əlaqədardır ki, quraq keçən payızda göbələk gilələrdə zəif inkişaf edir, gilələrdə su buxarlanması artır, turşuluq azalır, şəkərlilik artır. Bu da onlardan hazırlanan şərabın keyfiyyətini artırır. Əgər quraqlıqdan sonra yağışlı havalar başlasa, onda yetişmiş gilələrdəki yarıqlar daha çox əmələ gəlir. Yağışlı havada göbələk sürətlə inkişaf edir və onun mitselisi gilənin lətli hissəsinə daxil olub, onun əyilməsinə səbəb olur.
Mübarizə üsulları:
Adətən vegetasiay ərzində göbələk xəstəliklərinə və zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə aparılmış bağlarda boz çürümə xəstəliyi zəif inkişaf edir. Ancaq xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmayan, doludan, küləkdən, seldən və digər amillərdən mexaniki zədələr almış üzüm bağlarında boz çürüməyə qarşı diqqətli və vaxtında mübarizə aparılmalıdır.
Boz çürümə ilə mübarizədə aqrotexniki tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər yaxşı havalanma və günəş şüalarının düşməsi üçün şərait yaradır. Mildiuya qarşı mübarizədə tətbiq olunan istənilən fungisiddən boz çürüməyə qarşı da istifadə etmək olar. Bundan başqa Botran (1,5-2,0 kq/ha), Herodion 50 WP (0,75 kq/ha), Kumulus (6-8 kq/ha) və s. pestisidlər səmərəli nəticə verir.
Həyətyanı sahədə üzüm becərənlər və xırda fermer təsərrüfatları olan üzümçülülər üzümün yetişmə müddətində, o cümlədən tənək üzərində saxlama zamanı sahəni mütamadi gəzməli və yanlarında xırda ucu iti qayçı gəzdirmələri məsləhətdir. Sahədə gəzərkən salxımlar nəzərdən keçirilir və orada rast gəlinən bir neçə çürümüş gilələr kəsilərək salxımdan kənarlaşdırılır.
Aqrar Elm və İnnovasiya Mərkəzi,
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu