Üzümçülük və Şərabçılıq ET İnstitutunda Salyan, Cəlilabad, Ağstafa, Abşeron, Şəmkir, Samux, Şamaxı, Qazax, İsmayıllı (9 DAİM) əməkdaşlarının dəvət etdikləri fermerlər üçün “ZOOM” proqramı vasitəsilə online təlim keçirildi. Təlim üzümçü fermerləri lazımi məsələlərlə məlumatlandırmağa və problemlərin həllinə köməyə həsr olundu. ÜŞETİ-nin “Üzümün saxlanması, qurudulması və təkrar emalı” laboratoriyasının müdiri a.e.ü.f.d. dosent Aidə Nəcəfova “Təbii və süni yolla üzümün qurudulması” mövzusu ilə çıxış etdi. Qeyd edildi ki, qurudulmuş üzüm strateji yol xəritəsində yüksək potensiala malik məhsul kimi çox yüksək qiymətləndirilir. Respublikaya idxal olunan quru üzüm ölkə əhalisinin yalnız 15-20%-ni ödəyir. Bu baxımdan, respublikada quru üzüm istehsalının artırılması aktualdır. Təlimçi daha sonra xammala qoyulan tələblərdən, qurutma prosesi müddətinin gilələrin ölçüsündən, qabığın mexaniki tərkibindən, ətli hissənin konsistensiyasından, salxımın quruluşundan (sıx və ya seyrək), səthindəki purin əsaslı təbəqədən olan aslılığından danışdı. Məruzəçi qurutma prosesinin əsas mərhələlərini sadaladı və bildirildi ki, təzə üzümün tərkibində 80-85%, qurudulmuş meyvədə isə 14-20 %-ə qədər su olur. Qurudulan üzümdən su nə qədər çox kənar edilərsə, qalan quru maddələrin konsentrasiyası bir o qədər yüksək olar və uzun müddət yaxşı saxlanılar. Üzümü qurutduqda gilədə olan su o həddə qədər azalmalıdır ki, orda mikroorqanizmlərin inkişafı və fəaliyyəti üçün münbit mühit yaranmasın. Quru üzümdə kişmişin sortundan asılı olaraq əmtəə çıxımı 10-30% olur. Qurudulmuş üzümün hər kiloqramına 4-4.5 kq təzə üzüm tələb olunur. İnsanların rasionunda əhəmiyyətli yer tutan quru üzümün fizioloji norması ən azı gündəlik 8 q olmaqla , ildə təxminən adambaşına 3kq quru kişmiş istehlak olunur.