Yay mövsümündə üzüm təsərrüfatlarında hansı tədbirlər görülməlidir?- Fermerlərə tövsiyə

QkACIsPejgzQupO8sZ14NWUM24qXiQ7TCIbCOmLJ.jpeg

Yay mövsümündə respublikanın bəzi üzümçülük rayonlarında təsərrüfatlarda “çanaqlı yastıca” zərərvericisinin yayıldığı müşahidə edilir. Tənəyin qabıqlarının altında isə zərərvericinin ağ pambıqvari örtüklə örtülmüş “pupları” qışlayır. Ona görə də yay və payız ayları ərzində zərəvericiyə qarşı həm mexaniki, həm aqrotexniki, o cümlədən kimyəvi mübarizə aparılmalıdır.

Zərəverici əsasən iyul və avqust ayları ərəfəsində üzümçülük təsərrüfatlarına ciddi ziyan vurur və məhsulu tamamilə yararsız vəziyyətə salır. Ona görə üzüm yetişdirənlər bu zərərvericinin inkişafını izləməli və vaxtı-vaxtında mübarizə tədbirləri aparmalıdırlar. Bu zərərverici Azərbaycanın bütün rayonlarında, bütün sortlara zərər verir. Abşeronda açıqlıqda, külək dəyən bağlarda nisbətən az ziyan verir. Lakin həyətyanı bağların yeri sıx olduqda, xüsusilə tənəklər suvarıldıqda, nəmlik yüksək olduqda daha çox zərər verdiyi müşahidə edilir. “Çanaqlı yastıca”, yaxud “unlu bit” çox isti və nəmlik sevən zərərvericidir. Ona görə də yayın əvvəllərində isti və nəmişlik yüksək olan illərdə, o cümlədən, yarpaqları sıx olan tənəklərdə güclü, quraq keçən illərdə isə çox zəif inkişaf edir. Bu səbəbdən zərərvericinin təsiri ildən-ilə dəyişərək, əsasən çox sıx salınmış və kölgəlik olan bağlarda bitkilərə güclü zərər verir. Ona görə də belə üzümlüklərdə, o cümlədən, həyətlərdə olan çardaqlarda becərilən üzümlərdə vaxtında yaşıl əməliyyat aparılmalı, zoğlar seyrəldilməlidir ki, tənəklərdə havalanma və işıqlanma yaxşı getsin. Becərilmə zamanı rütubət yaradan amillərə fikir verilməli və tənzim­lənməlidir.

“Çanaqlı yastıca” sarımtıl-qırmızı, yaxud sarımtıl-narıncı rəngə çalar bitdir. Lakin bədəninin səthi ağ yun kimi tüklərlə, yaxud ağ un kimi mum təbəqəsi ilə örtülü olduğuna görə ağ rəngdə görünür. Bu mum, yaxud tükcüklər həmin biti qalxan kimi xarici təsirlərdən müdafiə edir. Ona görə də çanaqlı yastıca, yaxud qalxanlı bit adlanır. Bu bitin yumurta koloniyaları qışı, tənəklərin qabıqları altında, xüsusən bükümlərdə, çatlarda, köklərin üst hissəsində qışlayırlar. Yumurtaları uzunsov-oval və sarı rəngdədir. Yumurtaları ağ mum topalarından yaranmış yığınlar arasındakı boşluqlara kaloniya şəklində qoyulur. Bu qovuşlarda 150-200 ədəd yumurta olur. Bu topalar bitki üzərində sanki kiçik “qar topalarını” xatırladır.

Yaxınlıqda söyüd, nar, əncir, tut və başqa ağaclar olduqda onlar üzərində də qışlayır və onlara da üzüm kimi ziyan vurur. Yazqabağı bitlər budaqlara, zoğlara, salxımlara, yarpaqlara çıxaraq onların şirəsini sovururlar. Bitlər özlərindən də şirə ifraz edirlər ki, bu şirə üçün qarışqalar tənəklərə çıxırlar. Yazda, hələ zərərvericinin zərəri aydın görünmədiyi vaxtda, qarışqaların tənəklərə çıxması ilə həmin zərərvericinin hansı tənəklərdə aktivləşdiyini bilmək olur. Bitlər partenogenetik (mayalanma getmədən) yolla mövsüm ərzində 3-4 nəsil verir və çox sürətlə artırlar. Onların ifraz etdikləri şirənin üzərində çürümə yaradan göbələklər inkişaf edir. Əsasən gövdə, zoğ, yarpaq, salxım və s. üzərindəki şirədə əksər hallarda qara kif göbələyi əmələ gəlir ki, bunlar da sanki tənəkləri “mazuta bulaşmış” şəklə salır. Bu zaman yaşıl səth qara rəngli örtüklə örtüldüyündən işıq enerjisindən istifadə tamamilə zəifləyir. Digər tərəf­dən isə zərərverici bitkinin orqanlarından şirəni soraraq onu zəif salır, hətta zərərvericinin kütləvi inkişafı zamanı bitkilər quruyur. Güclü sirayətlənmiş zoğ, salxım, yarpaq quruyaraq məhv olur. Zərərvericinin avqust ayının orta­larında üçüncü nəsli inkişafa başlayır. Bu nəslin yastıcaları başlıca olaraq tənəyin yaşıl və oduncaq hissələri ilə qidalanaraq özlərindən yapışqanlı maddə ifraz edir, salxım və gilələri çirkləndirir. Zərərverici yaşıl zoğların buğum düyünləri üzərinə, salxım saplağına və gilə saplaqlarına koloniya şəklində toplaşaraq “ağ pambıqşəkilli” topalar əmələ gətirir. Onların təsirindən zoğlar zədələnərək üzərində qonur ləkələr əmələ gəlir və hətta zoğ quruyur. Məhsullu zoğlara, o cümlədən, salxım və gilə saplaqlarına sirayətlənmələri nəticəsində salxımlarda gilələr büzüşüb solur, zərərvericinin ifrazatı və onun üzərində əmələ gələn kif göbələyi isə salxımı yararsız vəziyyətə salır, gilələr yeyiləsi olmur, onlardan hazırlanan şirələr və şərablar xoşagəlməz iy verirlər. Bu isə salxımda çürümə xəstəliyini xatırladır. Lakin bunu göbələk xəstəliyi (boz çürümə, ağ çürümə və s.) kimi qəbul etmək mübarizə tədbirlərinin səmərəliliyini tamamilə azaldır. “Çanaqlı yastıca” nisbi rütubət yüksək olan illərdə, yaşıl zoğları çox sıx olan tənəklərdə daha çox inkişaf edir.

Zərərvericiyə qarşı kimyəvi mübarizənin əsasən 2 mərhələdə aparılması məqsədəuyğundur:

  • Birinci qışlayan zərərvericilərin gövdə və çoxillik hissələrin qabıqlarının altından yaşıl orqanlara tərəf hərəkəti zamanı (bu zaman yaşlı gövdələrdə nəmişlik hiss olunur), ikincisi isə zərərvericinin yaşıl zoğ, yarpaq və salxımlara doğru hərəkətə başlaması zamanı.
  • Üzüm tənəkləri budandıqdan sonra çubuqlar tez sahədən kənarlaşdırılaraq yandırılmalıdır. Əgər zərərverici ilə sirayətlənmiş tənəklərdən çubuq tədarük etmək lazım gələrsə, onda əkin materialının 2%-li heksaxloran ilə dezinfeksiya edilməsi yaxşı nəticə verir.
  • Qış müddətində tənəklərin gövdəsindəki, çoxillik qollardakı qabıqları qaşımaq, yığıb yandırmaq, tənəyin çətirini 35%-li mis kuporosu məhlulu və ona 1%-li kükürd turşusu qatmaqla və yaxud 5%-li karbalinumla yumaq lazımdır.
  • Yazın əvvəllərində, tumurcuqlar açılana qədər tənəklərin VOLK-92, Hekvidor OİL (10-20 l/ha) emulsiyalaşdırılmış yağına, gənə və bitlərə qarşı istifadə edilən insektisidlərdən (Poliqor 2-3 l/ha, Bİ58 3-4 3 l/ha, Valsamba 0,32-0,48 3 l/ha,, Prinex 2-3 3 l/ha və s.) qarışdırıb çiləmək yüksək səmərə verir. Vegetasiya dövründə isə yuxarıda göstərilən insektisidləri həmin dozada VOLK-la (isti havalarda 1000 litr suya 5-10 litr qatmaqla) qarışdırıb çilənməsi məqsədəmüvafiqdir. Bununla yanaşı vegetasiya dövründə yumurtalardan çıxan zaman kiçik fərdləri məhv etmək üçün tənəklərin 40%-li Roqorun 0,2%-li Fozalonla qarışığından istifadə etməklə çilənməsi məsləhət görülür.
  • Tənəklərdə yaşıl əməliyyatların vaxtında və normal qaydada aparılması zərərvericinin inkişafını xeyli ləngidir.

Yay mövsümündə üzüm təsərrüfatlarında hansı tədbirlər görülməlidir?- Fermerlərə tövsiyə Yay mövsümündə üzüm təsərrüfatlarında hansı tədbirlər görülməlidir?- Fermerlərə tövsiyə Yay mövsümündə üzüm təsərrüfatlarında hansı tədbirlər görülməlidir?- Fermerlərə tövsiyə