Üzümün innovativ üsullarla becərilməsinə dair təlimlərə start verilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Salyan Regional Təlim Mərkəzi və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) təşkilatçılığı ilə Salyan rayonunun Həsənli kəndində təlim keçirilib. "Üzüm bitkisində budama, aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması" mövzusunda keçirilən seminarda 31 üzümçü fermer iştirak edib.
Tədbirdə ÜŞETİ-nin direktoru a.e.d, dosent Vüqar Səlimov, “Ampeloqrafiya seleksiya və tinglik şöbəsi”nin müdiri a.e.f.d. Afət Hüseynova və “Aqrokimya laboratoriyası”nın müdiri Elnurə Musayeva, Salyan RTM-nin direktoru Vüqar Hüseynov, “Nümayiş sahələri ilə iş şöbəsi”nin müdiri Ş.İsmayılov iştirak ediblər. ÜŞETİ-nin mütəxəssisləri üzümün budanması, aqrotexniki qulluq işlərinin aparılması, xəstəlik və zərərvericilərlə mübarizə sahəsi ilə bağlı ətraflı məlumat verərək yetirilməsi vacib olan məqamları vurğulayıblar. Təlimdə, xüsusilə məhsulun yüksək və keyfiyyətli olması üçün son dövrlərdə müşahidə edilən ekoloji amillərininin yarada biləcəyi risklərin yumşaldılması və onların üzüm bitkisinə mənfi təsirinin azaldılması yolları diqqətə çatdırılıb. Eyni zamanda, üzümdə çiçəkləmənin və tozlanmanın normal baş verməsi, yaşıl əməliyyatların aparılması və gübrələrin tətbiqi qaydaları haqqında tövsiyələr verilib.
Təlim zamanı fermerlər Salyan rayonunda geniş əkilib becərilən və xalq arasında “Salyan Ağadayısı” kimi tanınan üzüm sortu haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, bu sort xüsusi diqqət tələb edən olduğu üçün onun becərilməsi fermerlər üçün çətinliklər yaradır. ÜŞETİ-nin əməkdaşları bu sortun becərilməsi ilə bağlı öz tövsiyələrini verib. Belə ki, fermerlərin nəzərinə çatdırılıb ki, Ağadayı sortunda quru budama, yaşıl əməliyyatlar, xüsusilə də çiçəkləmə dövründə çiçəkləmənin normal getməsi üçün tədbirlər diqqətlə aparılmalıdır. Çünki həmin dövrdə hava şəraiti küləkli, yağışlı və temperatur aşağı olarsa çiçəklərin şiddətli şəkildə tökülməsi baş verir və bu da məhsuldarlığa mənfi təsir göstərir. Ona görə də bunun qarşısını almaq üçün çiçəklərin inkişafının sürətləndirilməsi məqsədilə bu dövrdə tozlanma və mayalanmanı sürətləndirən preparatların tətbiqi məsləhət görülür.
Tədbirin sonunda fermerlərə ÜŞETİ tərəfindən hazırlanan və üzümçülükdə budama, aqrotexniki qulluq işlərini, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərini əks etdirən broşuralar, buklet və informasiya vərəqələri paylanıb.