Üzümlüklərdə rast gəlinən ən böyük risk faktorlarından biri də yaz şaxtaları, doluvurmadır. Respublikamızın müxtəlif ərazilərində may ayının ortalarına qədər müşahidə olunan kəskin yaz şaxtalarına qarşı hazırda ciddi tədbirlər həyata keçirilir. Yaz şaxtalarının təsirindən hər il ölkəmizdə xeyli sayda üzüm bağları ziyan çəkir.
Hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) bölgələrdəki stansiyalarının əməkdaşları tərəfindən dağlıq ərazilərdəki doluvurmadan ziyan görmüş üzüm bağlarında müşahidələr aparılır, üzümçü fermer və DAİM üzvləri ilə sıx əlaqədə olub, tövsiyələr verilir və lazımi tədbirlər yerinə yetirilir.
Dağətəyi və dağlıq ərazilərdə üzüm tənəkləri zoğların açılması mərhələsində olarkən bağlara yaz şaxtalarının ziyanı dəymir, burada yaz şaxtalarının ziyan vurma həddi çox aşağıdır. Bu ərazilərdə yaz şaxtaları may ayı ərzində müşahidə edilir.
İlk öncə onu qeyd etməliyik ki, yaz şaxtalarından zədələnmələri 3 əsas dərəcəyə bölmək olar.
I dərəcə: Tənəyin yaşıl zoğlarının və əvəzedici tumurcuqlarının əsasındakı döşənək qatı ilə birlikdə məhv olması. Bu cür zədələnmədə yeni yaşıl zoğlar yalnız ştamb və çoxillik qollardakı yatmış tumurcuqlardan inkişaf edə bilər. Bu halda keçən ilki zoğlar çox qısa (1 tumurcuq) kəsilir ki, bucaq və yatmış tumurcuqlarını oyanması üçün şərait yaradılsın. Bu zoğların hesabına tənəyin forması bərpa edilir və gələcək məhsulu təmin edilir.
II dərəcə: Yaşıl zoğlar tamamilə, yaxud bütün çiçək qurupları məhv olur, zoğun aşağı 2-3 yarpağı salamat qalır, qalanları zədələnir. Bu halda əvəzedici tumurcuqlardan məhsul vermə qabiliyyəti olan sortlardan az miqdarda məhsul almaq olur. Əvəzedici tumurcuqları məhsuldar olmayan sortlarda bu cür budama lazımsız hesab edilir. Bic zoğların məhsulvermə qabiliyyəti olan yaşıl zoğların ucu tez qoparılır, bic zoğların böyüməsi sürətləndirilir və onlar məhsul verir.
III dərəcə: Yaşıl zoğların yalnız ucu zədələnir, çiçək qrupları zədələnmir, yaxud çiçək qrupları və yarım qrupları az zədələnir. Bu halda xüsusi budama aparılması məsləhət deyil.
Əgər üzümlüyünüzü yaz şaxtaları vurubsa ilkin olaraq aşağıdakı tədbirləri etməlisiniz.
Birinci növbədə bağ sahibi təmkinli olaraq təşvişə düşməməlidir, çünki yaz şaxtalarının fəsadını aradan qaldırıb, qismən də olsa, hətta 50 faizə qədər məhsuldarlığı bərpa etmək mümkündür.
- Yaz şaxtalarının fəsadını aradan qaldırmaq üçün birinci növbədə bağ müayinə olunur və şaxtanın tənəyə təsir dərəcəsi müəyyən edilir, bunun əsasında müvafiq tədbir görülür;
- İlk növbədə bağda müayinə işi aparıb doluvurmanın səviyyəsi, dərəcəsi, o cümlədən doluvurma zamanı havanın temperaturunun neçə dərəcə olduğu müəyyən edilməlidir;
- Doluvurmanın ilkin əlamətləri yaşıl zoğlarda hiss olunsa da, yaşlı hissələrdə (ikiillik zoğlar, çoxillik qollar, ştamb və s.) onun təsirini müəyyən etmək üçün bir neçə gün gözləmək lazım gəlir. Adətən yaz şaxtaları çoxillik hissələri zədələmir;
- Tələsib zədələnmiş hissələri tez bir zamanda kəsib atmayın;
- Əgər çoxillik hissələrdə zədələnmə varsa o hissə “sağlam toxumaya” qədər və ya ondan bir qədər aşağıdan kəsilib atılır;
- Üzüm bağı yenidən gübrələnməli və bol suvarılmalıdır;
- Budama aparıldıqdan sonra tənəklərə 3-5%-li Bordo mayesinin çilənməsi tövsiyə edilir;
- Əgər tənəkdə yalnız “yaşıl zoğlar” zədələnibsə, yaxud məhv olubsa zoğdakı “əlavə gözcüklərin” inkişafı nəticəsində qismən də olsa məhsul əldə etmək mümkündür;
- Dolu vurmuş tənəklərədə yaşıl əməliyyatlara həssas və dəqiq yanaşmaq lazımdır;
- Dolu vurmuş yaşıl zoğlar quruyub düşdükdən, yaxud tənəkdən təmizləndikdən sonra birillik bar zoğlarındakı (keçənilki bar zoğları) əlavə tumurcuqdan, hətta çoxillik gövdədən (ştamdan), kök boğazından, başcıq hissədəki çoxillik hissələrdəki (çoxillik, üçillik, ikiillik qollar və s.) yatmış tumurcuqlardan zoğlar inkişaf etməyə başlayacaq. Əgər birillik zoğlardakı əlavə tumurcuqlardan zoğlar inkişaf edəcəksə digər hissələrdən çıxan zoğlar qoparılmalıdır. Əlavə tumurcuqdan qoşa çıxan tumurcuqlardan məhsullu və məhsulsuzlar seçiləndə, barsızlar qoparılmalıdır. Əgər şaxtalar şiddətli olubsa və tənəkdə birillik bar zoğları tamamilə şaxtadan məhv olubsa, o zaman əvəzedici tumurcuqlardan zoğlar inkişaf etmir və çoxillik hissələrin yuxarı hissələrindən çıxan yaşıl zoğlar saxlanılaraq tənək formalaşdırılır. Çoxillik hissələrədn çıxan yaşıl zoğlar barsız olur.