Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə tövsiyə

Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə tövsiyə

May ayı üzümçülükdə aqrotexniki, aqrokimyəvi, bitki mühafizə tədbirləri, torpaq becərmələri və digər işlərin çoxluğu ilə seçilən aylardandır. Bu ayda ən vacib tədbirlərdən biri də tənəyin yaşıl hissələrində aparılan əməliyyatlardır. Aqrotexniki tədbirlər kompleksində tənəkdə yaşıl əməliyyatların aparıl­ması əsas tədbirlərdən biridir. Bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparıl­ması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək salxımının qoparılması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir.

Yaşıl zoğların qoparılması

Yaşıl zoğların qoparılması əməliyyatında məqsəd tənəyin böyümə gücünə müvafiq olaraq onun zoğlarla yükünü düzgün təyin etməkdir. Bundan əlavə bu əməliyyat vasitəsi ilə tənəyin düzgün formalaşdırılması, həmçinin havalanmanın yaxşı getməsi və yarpaqların yaxşı işıqlandırılması üçün zoğların eyni səviyyədə yerləşməsi təmin edilir. Ona görə də yaşıl zoğların qoparılması quru budamanı tamamlayır, bəzi hallarda isə quru budama zamanı buraxılmış nöqsanları aradan qaldırılır. Tənəklər üçün lazımsız olan yaşıl zoğlar onların böyüməsinin başlanğıcında aparılır. Bu dövrdə onlar əl ilə asan qoparılır və tənəkdə yara əmələ gətirmir. Azərbaycan şəraitində tənəkdə olan artıq yaşıl zoğların qoparılması işini iki-üç dəfə aparmaq lazımdır. Birinci qoparılma tənəyin gövdəsində və çoxillik zoğların üzərində yaşıl zoğların uzunluğu 10-12 santimetrə çatdıqdan sonra aparılır.

İkinci qoparılma isə əvəzedici çiliklər və bar zoğları üzərindəki yaşıl zoğlarda çiçək qrupları aydın seçiləndə, yəni barlı zoğları məhsulsuz zoğlardan ayırmaq mümkün olduğu zaman aparılır.

Zoğların üçüncü qoparılması isə çiçəkləməyə qədər bicvurma əməliyyatı ilə eyni vaxtda aparılmalıdır.

Tənəklərin yaşıl hissələrində aparılan əməliyyatların göstərilən vaxtdan gec aparılması lazımsız zoğların böyüməsinə, çoxlu qida maddələrinin sərf olunmasına səbəb olur və nəticədə tənək xeyli zəifləyir. Eyni zamanda zoğların qoparılması çətinləşir, çünki onlar güclü inkişaf edərək möhkəmlənir və onları kəsmək lazım gəlir. Bu isə tənəyə iri yaralar vurulmasına səbəb olur və çox vaxt tələb edir. Zoğların qoparılma əməliyyatı zamanı gövdədən və qollardan inkişaf edən bütün yaşıl zoğlar (sulu, yaxud haramı zoğlar), həmçinin tənəyin yeraltı hissəsindən çıxan pöhrə zoğlar kəsilib atılmalıdır. Bəzi hallarda, pöhrə zoğlar lazım gələrsə gövdənin və qolun cavanlaşdırılması, həmçinin basma (lügəndə) məqsədilə saxlanıla bilər.

Bundan sonra əvəzedici çiliklərin və bar zoğlarının üzərindəki yaşıl zoğların bir qismi qoparılır. Əvəzedici çiliklər üzərində inkişaf edən 2-3 zoğdan ən zəif olanı qoparılır. Əgər çiliyin aşağı hissəsindəki yaşıl zoğ tənəyin daxili hissəsinə yönəlmiş olarsa, o qoparılmamalıdır. Bu qaydaya riayət edilərsə, budama zamanı həmişə yaralar qolun bir tərəfinə düşür.

Bar zoğlarının (barmaqların) aşağı gözcüklərindən inkişaf edən zoğlar (2-3 zoğ) üzərində salxım olub-olmamasından asılı olmayaraq mütləq saxlanılmalıdır. Çünki, onlardan gələn il bar zoğu kimi istifadə ediləcəkdir. Lakin bu hissədəki tumurcuqdan qoşa zoğlar inkişaf edibsə, zəifi qoparılmalıdır. Ümumiyyətlə isə tənəkdə inkişaf etmiş barsız və zəif inkişaf etmiş zoğların bir qismi qoparılmalıdır.

Cavan üzümlüklərdə lazımsız yaşıl zoğların qoparılmasına ciddi fikir vermək lazımdır. Cavan tənəklərdə çoxlu yaşıl zoğlar inkişaf edir. Bunlardan ikisi saxlanılmalı, qalanları isə qoparılmalıdır. Yaşıl zoğların qoparılması zamanı hər bir tənəyə fərdi yanaşılmalıdır.

Üzümdə barlı zoğların barsız zoğlara nisbəti məhsuldarlığa və şəkərliliyə böyük təsir edir və bioloji xüsusiyyətindən asılı olaraq hər bir sortun konkret şəraitdə zoğlar nisbəti müəyyən edilməlidir. Belə ki, Avropa sortlarında (Ağ şasla, Aliqote, Kaberne Sovinyon, Şardone, Boz pino və s.) 4:1, yəni 4 barlı zoğa 1 barsız zoğ saxlanılır. Ağ şanı, Qara şanı və Qaraburnu sortları üçün bu nisbət 2:1, Bayanşirə, Mədrəsə, Mələyi sortlarında 3:1, Təbrizi sortunda isə bu nisbət 2:1-dir.

Mütəxəssislərin fikrincə, barsız zoğların barsızlığına görə hamısını qoparıb atmaq olmaz. Ona görə də bunların qoparılma dərəcəsi kolun ümumi vəziyyətinə uyğunlaşdırılmalıdır. Barlı və barsız zoğlar aşağıdakı nisbətdə nizamlana bilər: 1:1, 2:1, 3:1, 4:1, 5:1 və 6:1. Burada birinci rəqəmlər barlı, ikinci rəqəmlər isə barsız zoğları göstərir. Tənəyin gücü artdıqca bu nisbətlər azalır, zəif gücə malik olan sortlarda isə çoxalır, yəni hər 5-6 barlı zoğa bir barsız zoğ saxlanılır.

Zoğların ucunun qoparılması

Bu yaşıl əməliyyat üzümün çiçəkləməsindən 5-6 gün əvvəl aparılır. Zoğların ucunun qoparılmasında əsas məqsəd onların böyüməsini müvəqqəti olaraq ləngitməklə, böyüməyə sərf olunan qida maddələrini çiçək qruplarına yönəltməklə, çiçəklərin qidalanmasını yaxşılaşdırmaq və çiçəyin çoxlu miq­darda tökülməsinin qarşısını almaqdır. Bundan başqa bu əməliyyat vasitəsilə növbəti ilin məhsul zoğlarının inkişafı, qışlayıcı gözcüklərin daha yaxşı inkişaf etməsi təmin edilir.

Zoğun ucunun qoparılması əvvəlcə zoğun böyüməsini 10-15 gün dayandırır və sonra inkişaf edən biclərin hesabına böyümə yenidən bərpa edilir. Zoğun boy inkişafı dayanan zaman o yoğunlaşır, çiçək qrupunun, çiçəyin böyüməsi güclənir və mayalanma yaxşılaşır.

Hermafrodit (ikicinsli) çiçək tipli üzüm sortlarında çiçəklərin tökülmə­sinin əsas səbəbi çiçəkləmə zamanı onlara plastik maddələrin kifayət qədər gəlməməsidir. Ona görə də zoğların ucunun qoparılması çiçəklərin tökülməsinə qarşı aparılan tədbirlərdən biridir. Zoğların ucunun zəif qoparılması (böyümə nöqtəsinin qırılması) məhsuldarlığı artırmaq üçün lazım fayda vermir.

Sortların xüsusiyyətlərindən asılı olaraq zoğdakı axırıncı çiçək salxımın­dan sonra 2-3 və 4-5 yarpaq saxlayaraq zoğun qoparılıb kənar edilməsi yaxşı nəticə verir. Yüksək boyatmaya malik olan sortlarda, suvarma şəraitində zoğlarda çiçək salxımlarından sonra 5-7 yarpağın saxlanılması, bic zoğların nisbətən gec əmələ gəlməsinə və məhsuldarlığa müsbət təsir edir.

Bicvurma

Tənəklərdə yaşıl zoğlardakı yarpaq qoltuğundan ikinci sıra zoğlar çıxır ki, buna bic zoğlar deyilir. Bu zoğların qoparılıb atılmasına bicvurma əməliyyatı deyilir. Bu zoğlardan məhsulvermə, çoxaltma, forma verilməsində, şaxta­dan zədələnmiş üzümlüklərin bərpasında istifadə edilir.

Bic zoğlar həm adi şəraitdə, həm də zoğların ucunun qoparılmasından sonra əmələ gəlir. Zoğların ucu qoparıldıqdan 7-10 gün sonra bic zoğlar inkişaf etməyə başlayır. Bicvurma tənəyin işıqlanma və havalanma rejimini tənzim edir. Bununla da tənəkdə salxım və gilələr normal şəkərlilik toplayır, gilələr bərabər yetişir, xəstəlik və zərərvericilərlə sirayətlənmə xeyli azalır ki, bu da mübarizə işini asanlaşdırır.

Torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətindən, tənəyin yükündən asılı olaraq bicvurma bir neçə dəfə aparılmalıdır. Birinci bicvurma çiçəkləmədən 3-5 gün qabaq (əgər bic zoğlar güclü inkişaf edibsə), ikinci bicvurma isə çiçəkləmədən təxminən 10-15 gün sonra aparılmalıdır. Münbit torpaqlarda və suvarma şəraitində yüksək boy gücünə malik olan sortlarda bic zoğlar təkrar əmələ gələ bilər. Bu halda onlar gilələrin yetişməsinə mane olacaqdır. Ona görə də təkrar bicvurma həyata keçirilməlidir.

Bicvurma zamanı bəzi qaydalara əməl edilməlidir. Belə ki, barlı zoğların üzərindəki bic zoğlar dibindən qoparılıb atılmalıdır. Əvəzetmə üçün seçilmiş zoğlarda 2-3 yarpaq saxlanıla bilər. Boy gücü zəif olan tənəklərdə çox isti və quru iqlimi olan rayonlarda bicvurma aparılmamalıdır. Belə ki, günəş şüalarının çox düşməsi nəticəsində salxım və gilələrdə yanıq əmələ gələ bilər.

Yaşıl zoğların bağlanması

Yaşıl zoğları qırılmaqdan qorumaq, onlara istənilən istiqamət verib şpa­lerdə bir bərabərdə yerləşdirmək, cərgəaralarının becərilməsini asanlaşdırmaq, xəstəlik və zərərvericilərə qarşı mübarizənin səmərəsini artırmaq, tənəyə nor­mal işıq düşməsini təmin etmək üçün zoğlar bağlanmalıdır.

Birinci yaşıl bağlama işi zoğlarda ucqoparma əməliyyatı ilə birlikdə zoğun uzunluğu 40-50 sm-ə çatdıqda, ikinci bağlama isə çiçəkləmədən 8-10 gün sonra, zoğlar üçüncü məftilə çatdıqda aparılır. Yaşıl zoğlar bir neçə üsulla (mexaniki və əl ilə) həyata keçirilə bilər və müxtəlif bağlama materiallarından istifadə edilir.

Ucvurma

Ucvurma zoğların böyüməsini dayandırmaq, salxımlara hava və işıq keçməsini asanlaşdırmaq, salxımların və zoğların yetişməsini sürətləndirmək və yaxşılaşdırmaq, qışlayıcı tumurcuqların formalaşması üçün şərait yaratmaq məqsədilə aparılır.

Ucvurmanın ən yaxşı vaxtı zoğların böyüməsinin zəiflədiyi dövrdür. Ucvurma adətən torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən asılı olaraq iyul ayının axırları, avqust ayının əvvəllərində aparılmalıdır. Ucvurma vaxtından əvvəl aparılmamalıdır. Vaxtından tez aparılan ucvurma biclərin güclü inkişafına səbəb ola bilər. Ucvurma bağ qayçısı və ya oraqvari bağ bıçaqları ilə aparılır.

Yarpaq alma, yaxud yarpaq qoparma

Nəmli və sərin bölgələrdə sıx əkilmiş üzüm bağlarında yarpaqlar üzüm salxımlarını kölgələyərək ona işıq düşməsinin qarşısını alır, gilələrin rəng alması və intensivləşməsi azalır. Hətta havalanma getmədiyindən göbələk xəstəliklərinin inkişafı intensivləşir. Bunların qarşısını almaq üçün salxımlara kölgə salan yarpaqlar qoparılır. Ancaq yarpaq qoparma elə aparılmalıdır ki, fotosintezin intensivliyi azalmasın.

Çiçək salxımları və salxımların seyrəldilməsi

Tənəkdə çiçəklər formalaşdıqdan bir qədər sonra (çiçəkləmədən xeyli qabaq), əgər tənəkdə həddən artıq çiçək inkişaf edərsə onların bir qismi qoparılıb atılır. İlk öncə xırda və zəif inkişaf edən çiçək topaları qoparılıb atılır. Çiçək qoparma tənəyin inkişaf qabiliyyətinə görə tənzimlənərək, hər bir zoğa düşən 1-4 salxım miqdarında saxlanılmalıdır. Üzüm çiçəkdən çıxdıqdan sonra normal formalaşmayan salxımların da qoparılması məqsədəuyğundur. Salxım seyrəltmə zamanı üzümdə normal inkişaf etmiş salxımları da qoparmaq olar. Bu daha keyfiyyətli və məqsədyönlü məhsulun alınması məqsədilə edilir.

Gilə seyrəltmə

Çox nadir rast gəlinən əməliyyatdır. Bu zaman salxımların uc hissəsindəki qanadlardan və gilələrin sıx olan yerindən gilələr qoparılır. Gilələr formalaşdıqdan sonra həyata keçirilir. Üzümdən xüsusi məqsədyönlü məhsulun alınması zamanı tətbiq edilir.

Çiçək və salxım qoparma, salxımın ucunun kəsilməsi və s. əməliyyatlar əsasən süfrə üzümçülüyündə tətbiq olunur. Burada məqsəd yetişdirilən üzümdən gözəl rəngə, yüksək əmtəəlik görünüşünə, dad keyfiyyətinə, irigiləyə və s. əlamətlərə malik məhsulun alınmasıdır.