Üzümçülük və Şərabçılıq ET İnstitutunda “Üzümçülük və tingçilik” şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Cavid Ağakişiyevin “Tinglik təsərrüfatının təşkili və calaq əməliyyatının aparılma texnikası” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Qazax, Göygöl, Balakən, Lənkəran, Qax, Qəbələ, Quba, Şabran, Salyan, Şəmkir, Tərtər DAİM (12 DAİM) əməkdaşları üçün “ZOOM” proqramı vasitəsilə online təlim keçirilmişdir.Təlim üzümçü fermerləri lazımi məsələlərlə məlumatlandırmağa və problemlərin həllinə köməyə həsr olundu. Məruzəçi üzüm bağlarında barmağların və calaq üstü və calaq altı materialın hazırlanması qaydaları haqqında məlumat verdi. Elmi tədqiqat institutlarının və digər təsərrüfatların üzüm bağlarında calaq materialının tədarükü aşağıdakı qaydada yerinə yetirilir. Çubuqlar 100 ədəd olmaqla dəstə şəkilində bağlanır. Hər bir dəstədə sortun adı, istehsal yeri, tarixi, yaşı və digər bütün xüsusiyyətləri yazılaraq üzərinə bağlanır və calaq ting emalatxanasına göndərilir. Eyni zamanda qeyd edildi ki, UŞETİ və NKPİ ilə bağlanmış müqaviləyə əsasən NKPİ- nin istehsal etdiyi NKPİ-90 və AZOFOS boy maddəsinin sınaq məqsədilə istifadə edilir. İnstitutun tingçilik laboratoriyasında calaq ting işləri aparılır, hazırlanmış calaqaltı və calaqüstü material təcrübəli elmi işçilər tərəfindən Türkiyədən alınmış calaq makinaları vasitəsilə yerinə yetirilir. Calaqaltı və calaqüstü materiallar makinada kəsilir və birləşdirilir sonra isə birləşdirilən hissə parafin vasitəsilə örtülür və əkinə verilir. Üzüm bağlarında sort qarışığını aradan qaldırmaq, sort tərkibini yeniləmək,bağların cavanlaşdırmaq, filokseraya və şaxtaya davamlı əkin materialının alınması və az yayılmış sortların çoxaldılması məqsədilə çoxillik bağlarda yarma üsulu ilə calaq etmədən istifadə edilir. Üzümçülükdə bir çox calaq üsulları vardır. Bunlardan ən geniş yayılanı Yarma üsulu ilə calaq etmə üsuludur. Bu üsul haqqında qısa məlumat vermək istərdim. Calaq üçün nəzərdə tutulmuş tənəyin ştambı 3 sm və ya 10 sm dərinliyinə qədər kəsilir. Kəsilmiş sahə təmizlənir və isgənə ilə diametr boyu yarılır. Eyni zamanda 2-3 gözcüyü olan çubuqlar calaqüstü üçün hazırlanır. 2-3 gözcüyü olan çubuqlar calaqaltında hazırlanmış yarığa taxılır.Calaq liflə sarınır üstünə gil və ya bağməlhəmi sürtulub ətrafı yumşaq torpaq tökülür və qulluq işləri aparılır. Sonda məruzəçi qeyd etdi ki, Hazırda ölkədə ting istehsalı ilə məşğul olan təsərrüfatların fəaliyyəti müasir tələblərə cavab vermir. Ölkədə üzüm tinglərinə olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məsələsi sahənin ikişafına uyğun olaraq tingçiliyin yenidən təşkil olunmasını zəruri edir. Üzümçülüyün inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulmuş dövlət proqramına əsasən 2026-cı ilədək 8320 hektar yeni üzüm bağının salınması nəzərdə tutulduğu üçün (2,5x1,5 m.əkin sxemi ilə 2667ədəd) 22,2 milyon ədəd tingə təlabat yaranacaqdır. Yeni uzumlüklərin ting tələbatının 50% idxal hesabına, 50% isə yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur. Buna uyğun olaraq hər il 5,55 mln.ədəd ting istehsalı tələb olunur. Bu məqsədlə institutun Şamaxı TS-da dövlət tərəfində yeni Calaq-ting kompleksi tikilir. Eyni zamanda kompleksin ərazisində anaclıq məqsədilə 10 hek.süfrə, 10 hek.texniki və 10 hek. sahədə isə filokseraya davamlı calaq altı bağ salınmışdır.