Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri patent alıblar

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri patent alıblar

4OhCZXP73i1ytLOmyBTDMUCYHxtXkNgDGocHYLRU.png

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri üzümlüklərin becərilməsində aqroekoloji və iqtisadi səmərəliliyin artırılması istiqamətində apardıqları tədqiqat işlərinin nəticələri və elmi təklifləri əsasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “Üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulu” üçün patent əldə ediblər.

Mütəxəssislər hesab edir ki, ixtira üzümçülük sahəsində xəstəlik və zərərvericilərə qarşı effektli mübarizə üsullarındandır. Üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulu ilə müəyyən insektisid və funqisidlərdən, həmçinin mikrogübrələrdən ibarət hazırlanmış qarışıqdan istifadə edilməsi yüksək iqtisadi səmərəliliyi təmin edir, optimal müddətdə preventiv tədbirlərin aparılmasına, məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəlməsinə, o cümlədən məhsulun tam yetişməsinə, saxlanma və daşınmağa davamlılığa, gilələrin partlamasının qarşısının alınmasına, əmtəə görünüşünün lazımi səviyyədə yüksəlməsinə imkan verir. Bu üsul müxtəlif torpaq-iqlim şəraitlərində yerləşən üzümlüklərdə sınaqdan keçirilib və fermer təsərrüfatlarında tətbiq edilib.

Üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulunun tətbiqi optimal müddətdə aqrotexniki tədbirlərin aparılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına səbəb olur, ətraf mühitin və biomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun əldə olunması, su ehtiyatlarına qənaət baxımından mühüm əhəmiyyət kəsb edir.