Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin -101 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir İnstitutun direktoru a.e.d., dosent Vüqar Səlimovun çıxışı ilə başlayıb. O qeyd edib ki, Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyasi lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Daha sonra məruzəçi “Azərbaycanda üzümçülüyün inkişafının qızıl dövrü Ulu Öndər H.Əliyevin adı ilə bağlıdır” təqdimatı ilə nitqini davam etdirib. Məhz onun tapşırığı əsasında respublikamızda 1970-ci ildə üzümçülük və şərabçılıq üzrə Dövlət Komitəsi yaradıldı. Respublikada üzüm, şərab istehsalı və tədarükü bu Komitəyə həvalə edildi. Sözügedən sahənin elmi əsaslarla inkişaf etdirilməsi üçün ulu öndər Heydər Əliyevin şəxsi göstərişi ilə 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradıldı. Respublikada görüləsi işlərin miqyası isə çox böyük idi. Bu dövrdə üzümün məhsuldarlığı çox aşağı olub, bir hektardan cəmi 43,5 sentner təşkil edirdi. Azərbaycan KP MK və Respublika hökuməti üzümçülüyün inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər müəyyən etdi. Təkcə onu demək kifayətdir ki, 1970-ci ildə (yəni bir ilin ərzində) məhsuldarlıq hər hektar üzümlük sahəsindən 46,8 sentner, 1973-cü ildə 48,8 sentner, 1975-ci ildə isə 65,1 sentnerə çatdırıldı. Çoxsaylı təşkilat-təsərrüfat tədbirləri işlənib hazırlandı. Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu mövcud Üzümçülük-Şərabçılıq Dövlət Komitəsi tərkibində Bakının Mehdiabad qəsəbəsində yaradıldı. Bu, faktiki olaraq üzümçülük elminə və üzümçülüklə məşğul olan alimlərə tarixi bir hədiyyə idi.
Belə ki, dövlət idarəçiliyi sahəsində fenomen şəxsiyyət olan Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb.
Həmçinin Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi müasir prinsiplərin, qabaqcıl təcrübələrin beynəlxalq aləmdə nümunə olduğu vurğulanıb.
Tədbirin sonunda "Üzümün aqrotexnikası" şöbəsinin müdiri a.e.ü.f.d., dosent Azər Şükürov da Heydər Əliyevin həyat və fəaliyyəti haqqında öz fikir və təəsüratlarını bildirib.