ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ELMİ TƏDQİQAT İNSTİTUTUNDA FERMERLƏRƏ TÖVSİYƏ XARAKTERLİ TƏLİMLƏR DAVAM ETDİRİLİR

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 12.10.2021-ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda Şamaxı, İsmayıllı, Qəbələ, Salyan, Cəlilabad, Tovuz, Samux, Göygöl, Şabran, Abşeron, Qazax, Zaqatala, Balakən, Qax, Quba, Xaçmaz, Şəmkir, Lənkəran, Kürdəmir, Goranboy (20 DAİM) DAİM-lərinin iştirakı ilə ZOOM proqramı vasitəsilə online təlim keçirilib. Təlimçi institutun direktoru a.e.d., dosent Vüqar Səlimov “Üzümçülükdə payız-qış qayğıları, torpağın becərilmə texnologiyası və dəmyə şəraitdə nəmlikqoruyucu tədbirlər” mövzusunda olan təqdimatla çıxış edib. Öncəliklə mövsümlə əlaqədar olaraq noyabr qayğıları haqqında məlumat verilib. Daha sonra məruzəçi aprobasiya və kütləvi seleksiya yolu ilə seçilmiş tənəklərdən çubuqlar tədarük edilməsi, yeni üzümlüklərin salınması və idarə olunması prinsipləri, üzüm bağında dirək və tinglərin mexanikləşdirilmiş üsullarla basdırılması, torpağın becərilmə sistemi, üsulları və payız qış becərilməsi, xarici sortların biologiyası, yeni yetişdirilmə şəraiti və texnologiyası barədə ətraflı, rəngli fotoşəkillər təqdim etməklə məlumat verdi. Sonda üzüm bağlarında rast gəlinən tez oyanma problemlərinə qarşı məqsədəuyğun olan aqrotexniki tədbirlər bildirildi. Təlim iştirakçıların suallarının dinlənilib cavablandırılması ilə yekunlaşdırıldı.