Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında institutun yeni hibrid üzüm sortu, Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reysterinə daxil edilmiş “Gəncəvi” sortunun və yerli üzüm sortlarının dequstasiyası keçirilib. Dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü və digər keyfiyyət göstəricilərinə baxış keçirilib, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib. Tədbirdə həmçinin institutun laboratoriyalarında müxtəlif texnoloji, biokimyəvi qiymətləndirmələr, sort müxtəlifliyi, innovativ texnologiyalar nəzərə alınmaqla hazırlanmış elm tutumlu məhsullar (müxtəlif növ şərablar, üzüm kompotu, üzüm şirəsi, üzüm bəhməzi, sirkə, abqora, kişmiş, mövüc, mürəbbə, yarpaq və s.) nümayiş etdirilib.
Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır. İnstitutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatlar aparılır.
Tarixi məlumatlardan və ampeloqrafik tədqiqatlardan məlum olub ki, Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortları əkilib-becərilib. Bunun 400-ə qədərini yerli üzüm sortları təşkil edir. Dünyanın ən yüksək məhsuldar, keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Bunlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ Aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bu sortların içərisində elələri var ki, onlar dünyada da nadir sortlar sayılır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kiloqrama çatır ki, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir.
Son illər iri fermer və sahibkarlar süfrə üzüm bağlarının salınmasında xarici sortlara nisbətən üstünlük verirlər. Bunun bir neçə səbəbi var:
-Yerli süfrə üzüm sortlarımız yüksək dad keyfiyyətinə, irigiləli olsalar da, bir çox əlamətlərə xəstəlik və zərərvericilərə davamlılığına, tezyetişkənliyinə, saxlanma və daşınma göstəricilərinə görə xarici süfrə sortlarından geri qalırlar.
-Yerli kişmiş üzüm sortlarının isə dad keyfiyyətləri, əmtəəlik görünüşləri, məhsuldarlıqları yüksək olsa da, gilələrinin iriliyinə, xəstəlik və zərərvericilərə davamlılığına, saxlanmaya və daşınmaya, qurutmaya yararlılığına görə xarici kişmişi üzüm sortlarından geri qalırlar.
Hazırda institut əməkdaşları tərəfindən üzüm sortlarınının xarici sortlarla müqayisədə çatışmayan əlamətlərinin aşkarlanması, rəqabətə davamlılığını yüksəltməyə yönəlmiş seleksiya işləri aparılır. Sortlarda müasir tələbatlarla uzlaşmayan əlamətlərin yaxşılaşdırılmasına yönəlmiş seleksiya proqramlarının həyata keçirilməsi təmin olunmaqdadır. İnstitut Respublikada aparıcı elmi-tədqiqat müəssisələrindən biri olmaqla, fəaliyyəti dövründə üzümçülüyün və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsində böyük rol oynayır. Hazırda institutda üzüm genofondunun seleksiya və davamlı istifadə məqsədilə qiymətləndirilməsi, qorunub saxlanması, yüksək keyfiyyətli xəstəlik və zərərvericilərə qarşı davamlı yeni sortların yaradılması, sort və formaların yaxşılaşdırılma proqramlarına cəlb edilməsi və s. istiqamətində tədqiqat işləri aparılır.
İnstitutda yeni üzüm sortlarının yaradılması məqsədilə hibridləşdirmə üsulundan istifadə etməklə yeni yüksəkməhsuldar süfrə və texniki istiqamətli üzüm sortlarının və hibrid formalarının yaradılması işləri ilə əlaqadar aparılan tədqiqatlar nəticəsində 40-dan çox müxtəlif istiqamətli üzüm hibridləri yaradılıb. Onlardan 6 sort - Azəri, Göy-göl, Bəhrəli, Kəpəz, Şamaxı hədiyyəsi, Gəncəvi KTN-nin Aqrar Xidmətlər Agentliyinə tərəfindən dövlət reysterinə daxil edilib (rayonlaşdırılmış), 5 yeni sort- Ilhаmi, Şirəli, Qarabulağı, Nüvədi novrastı və Emin sortları da sınağa təqdim olunub. Bu il Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni yaradılan və “Gəncəvi” adlandırılan üzüm sortu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyestrində qeydə alınıb. “Gəncəvi” üzüm sortu Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb. Sort universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir. Sort valideynləri ilə müqayisədə universal istiqamətli olması, biotik və abiotik amillərə davamlılığı ilə seçilir. Çox yüksək məhsuldardır. Keyfiyyət göstəriciləri yüksəkdir. Xarici sortlarla rəqabətə girə biləcək əlamətlərə malikdir. Bu sort xəstəlik və zərərvericilərə davamlılığına, məhsuldarlığına, məhsulun keyfiyyətinə və istifadə istiqamətinin genişliyinə görə valideynlərindən fərqlənirlər. Bu sortlar respublikada üzüm və şərabçılıq məhsulları üzrə milli brendlərin istehsalının artırılmasına imkan yaradır.