Texniki üzüm sortlarının yığım vaxtının düzgün müəyyən edilməsi şərab istehsalının əsasıdır” mövzusunda seminar keçirilib
Tarla şəraitində keçirilən seminarda “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin əməkdaşları və doktorantları iştirak etmişdir. Seminarda çıxış edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Musayev T.M. və aprıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseynov M.Ə. tərəfindən təcrübə sahəsində texniki üzüm sortlarının texnoloji xarakteristikası məqsədilə yetişmənin əsasını təşkil edən gilələrdəki şəkərlilik və titrlənən turşuluq göstəricilərinin dinamikasının müşahidə edilməsi, orta nümunənin götürülməsi və digər məsələlərlə bağlı məlumatlar verilmiş, mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır. Gilələrin yetişməyə başlamasından tam yetişməsinə qədər vizual qaydada müşahidə edilməsi, eyni zamanda gilələrdəki şəkərliliyin və turşuluğun miqdarının təyin edilməsi və müşahidə dəftərlərinə yazılması qaydaları haqqında məlumatlar verilmişdir. Şəkərliliyin tarla refraktometri ilə təyini qaydası əyani şəkildə nümayiş etdirilmiş, turşuluğun və digər əhəmiyyətli göstəricilərin laboratoriya şəraitində təyin edilməsi qaydaları izah olunmuşdur. Daha sonra götürülmüş nümunələr laboratoriyada müasir cihazlar vasitəsilə analiz olunmuşdur.