Nadir yerli üzüm sortlarının genetik əlamətləri müasir laborator üsullarla təyin edilir
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) Ampeloqrafik tədqiqatçılar qrupu tərəfindən Abşeron Təcrübə Təsərrüfatında əkilib becərilən üzüm sortlarının təyin edilməsi və sort təmizliyinin müəyyən edilməsi məqsədilə tədqiqat işləri davam etdirilir.
Nadir yerli üzüm sortlarının ampelodeskriptor, enokarpoloji və fenotipik əlamətləri müasir laborator üsullarla və OIV protokollarına uyğun öyrənilir. Yerli üzüm sortlarının ampeloqrafik və deskriptor əlamətləri təyin edilib rəqəmsal təsvir olunduqdan sonra onlar məlumat bazasına daxil ediləcək. Qeyd edək ki, ampeloqrafik protokollara görə sortun təyin edilməsində salxım və gilələrin uvaloji göstəriciləri mühüm rol oynayır.
Tədqiqat obyekti olaraq İnstitutunun “Fiziki-kimyəvi analizlər laboratoriyası”nda Azərbaycanın qədim və nadir texniki üzüm sortlarından biri olan “Ağ Xərci”sortu tədqiq olunub. Bu sortun digər adı “Pişikgöz”dür. Sort şərq texniki üzüm sortları (convar orientalis subconivar caspica Negr.) yarımqrupuna mənsubdur. Yarpaqları orta ölçüdə (uzunluğu 12-16 sm, eni 11-15 sm), dəyirmi formada olub, 5 dilimlidir. Ayanın üst səthi tünd-yaşıl rəngdə, parlaq, hamar, tək-tək hallarda isə zəif qabarıqlıdır. Yuxarı kəsikləri dərin, açıq olub, tərəfləri paralel olan formadan liraşəkilli formaya qədər təsadüf olunur. Çiçəyi ikicinslidir. Salxımları orta və ya iri ölçüdə (uzunluğu 14-20 sm, eni 9-18 sm), enli-konusşəkilli formada olub, bəzi salxımlarda isə bir yaxud iki pəncə (qanad) inkişaf edir. Orta sıxlıqda, sıx, yaxud çox sıxdır. Gilələri orta ölçüdə (uzunluğu 14-20 mm, eni 13-19 mm), dəyirmi formada, ağımtıl-sarı rəngli və simmetrikdir. Qabığı orta qalınlıqda olub, üzəri seyrək mum təbəqəsi ilə örtülmüşdür. Ləti şirəlidir. Giləsində 1-4 toxum vardır.Sort gecyetişəndir. Vegetasiya müddəti 150-160 gün arasında dəyişir. Çiçəkləri orta dərəcədə tökülür, giləsi aşağı miqdarda noxudlaşır. Sortun tənəkləri güclü boyatandır (285 sm). Zoğları yaxşı yetişir (83,5%). Çiçəkləri aşağı, yaxud orta miqdarda tökülür. Salxımlarında noxudlaşmış gilələr az inkişaf edir. Sort Abşeron şəraitində oidium və antraknoz xəstəliyinə tolerantlıq (3-3,5 bal), boz çürümə xəstəliyinə isə davamlılıq (2-2,5 bal) nümayiş etdirir. Yüksək, yaxud çox yüksək məhsuldar sortdur. Barlı zoğları miqdarı 66,5%; bar əmsalı 0,79; məhsuldarlıq əmsalı 1,22; salxımın sayı 38 ədəd; salxımların orta kütləsi 258 qr; tənəyin məhsuldarlığı 9,8 kq; hektardan məhsuldarlıq 217,8 s/ha təşkil edir.
Sort mexaniki xüsusiyyətlərinə görə tipik texniki istiqamətlidir. Salxımların 82,4%-ni şirə, 8,2%-ni qabıq və lətin qalığı, 5,6%-ni daraq, 3,8%-ni toxum təşkil edir. 100 gilənin kütləsi 206 qr, 100 toxumun kütləsi 4,0 qr-dır. Giləsində şəkərlilik 18,4 q/100 sm³, titrlənən turşuluq isə 5,62 q/dm³-dir. Sort süfrə və desert şərablarının alınması üçün qiymətli mənbədir.
Sorta suvarılan torpaqlarda ikiçiyinli kordon formasının verilməsi, habelə çoxqollu (3-5 qollu) yelpik, bar zoğlarının 8-12 gözə kəsilərək, 38-44 və daha çox gözcük yükünün verilməsi məqsədə müvafiqdir.