Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə İnstitutun direktoru Vüqar Səlimov çıxış edərək bildirib ki, Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Çünki həmin faciənin qurbanları xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetiriliblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərində amansız soyqırım həyata keçirərək dinc əhaliyə divan tutdular. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı münasibətilə qeyd etmişdir ki, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. Xocalı faciəsi haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün vətəndaşları zəruri addımlar atmalıdır.
Tədbirin sonunda faciə qurbanlarının ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.