Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 15.02.2022-ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda Şamaxı, İsmayıllı, Qəbələ, Salyan, Cəlilabad, Tovuz, Samux, Göygöl, Şabran, Abşeron, Qazax, Zaqatala, Balakən, Qax, Quba, Xaçmaz, Şəmkir, Lənkəran, Kürdəmir, Goranboy (20 DAİM) DAİM-lərinin iştirakı ilə ZOOM proqramı vasitəsilə online təlim keçirilib. Təlimçi institutun direktoru a.e.d., dosent Vüqar Səlimov “Modern və Dəqiq Üzümçülüyün (Precision Viticulture) İnkişaf Texnologiyaları” mövzusunda olan təqdimatla çıxış edib. Məruzəçi ilk öncə dəqiq üzümçülük haqqında və üzümçülüyün ixtisaslaşmasında, üzümlüklərin salınması, becərilməsində və s. müasir yanaşmaların nədən ibarət olduğu haqqında məlumat verib. Son dövrlərdə dünyada texnika və texnologiyaların sürətli inkişafı və istehsalata tətbiqi, üzümçülük və şərabçılıqda difersasiya, mikrozonallaşmanın və ixtisaslaşmanın inteqrasiyası fonunda, o cümlədən ekoloji təmiz üzüm və şərabçılıq məhsullarının istehsalının gücləndirilməsinə önəm verildiyi bir dövrdə sabit sahədən yüksək, keyfiyyətli və məqsədyönlü məhsul istehsalı mühüm əhəmiyyət kəsb edir. Üzümlüklərdə bitki sıxlığını müəyyən etmək üçün Avropa təcrübəsi mövcuddur ki, Almaniya, Rumıniya, Çexiya, Avstriya və s. ölkələrdə sənaye üzümlüklərində 1 ha-da tənəyin minimum sayının 3,8 min ədəd, optimal isə 4,55 min ədəd hesab edilir. Son olaraq məruzəçi bildirdi ki, yerli texniki üzüm sortlarını çoxaltmaq və təbiətin bizə bəxş etdiyi bu nadir inciləri qoruyub, gələcək nəsillərə ötürmək lazımdır. Təlim iştirakçıların suallarının dinlənilib cavablandırılması ilə yekunlaşdırıldı.