Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən ölkədə şərabçılığın inkişafı və “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda tanıdılması məqsədilə 30 may – 02 iyun 2019-cu il tarixlərində İtaliyada Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) elmi dəstəyi ilə keçirilən “La Selezione Del Sindaco 2019” XVIII Beynəlxalq şərab müsabiqəsində ölkəmizdə istehsal olunan yüksək keyfiyyətli şərabların iştirakı təmin edilmişdir. İnstitutun mütəxəssisləri tərəfindən seçilib göndərilən “Az-Granata” MMC-nin istehsalı olan “Kəhrəba” markalı ağ turş süfrə şərabı - 85,40 ball, “Rübai” qırmızı turş süfrə şərabı - 84 ball, “Agro-Azərinvest” MMC-nin istehsalı olan “Basarkeçər” qırmızı kəmşirin süfrə şərabı - 83,20 ball, “Qəbələ” qırmızı turş süfrə şərabı - 81,20 ball, “Cəlilabad Şərab-2” ASC-nin istehsalı olan “Hasıllı” qırmızı turş süfrə şərabı - 83,40 ball və institutun “Üzümün emalı və şərabın texnologiyası” şöbəsində hazırlanan “Mədrəsə” qırmızı turş süfrə şərabı - 81,20 balla qiymətləndirilmişdir ki, bu da gümüş medala uyğundur.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən yüksək ixtisaslı enoloqlar, peşəkar somelyelər, tanınmış dequstatorlar və məşhur jurnalistlərin iştirak etdiyi bu müsabiqədə Azərbaycan şərablarına böyük maraq göstərilmişdir.