İri salxım sortu
Azərbaycanın ən qədim, qiymətli yerli üzüm sortlarındandır. Sort şərq süfrə sortları qrupuna (convar orientalis subconvar antasiatica Negr.) mənsubdur.
Yarpaqları orta ölçüdə (uzunluğu 16-18 sm, eni 15-17 sm), dəyirmi formada olub, 5 dilimlidir. Ayanın səthi hamar, parlaq-yaşıl rəngdə, alt səthi isə açıq-yaşıl rəngdədir. Yuxarı kəsikləri orta dərinlikdə, açıq olub, dairəvi dibli, liraşəkilli, yaxud girintili bucaq şəklində və qayışvari formadadır. Aşağı kəsikləri dayaz, açıq olub, girintili bucaq şəklində, yaxud qayışvari formadadır. Saplaq oyuğu bağlı və ya açıq olub, ellipsvari, yaxud tağşəkilli formadadır. Yarpağın alt səthi çılpaqdır.
Çiçəyi ikicinslidir. Salxımları iri və çox iri (uzunluğu 20-28 sm, eni 9-16 sm), konusvari formada olub, orta sıxlıqdadır. Gilələri iri (uzunluğu 24-27 mm, eni 17-21 mm), uzunsov formada olub, simmetrikdir, yaşılımtıl-sarı, tam yetişdikdə isə qızılı-sarı, yaxud kəhrəba rəngində olur. Qabığı qalın və elastikdir. Üzəri seyrək və zərif mum təbəqəsi ilə örtülmüşdür. Ləti ətlidir, zəif xırtıldayan olub, xüsusi ətri və dadı vardır. Giləsi 2, bəzi hallarda 1-3 toxumludur.
Sort gecyetişəndir. Vegetasiya müddəti 160 gün davam edir. Gilələrinin tam yetişməsi sentyabr ayının üçüncü ongünlüyünə təsadüf edir. Kollarının böyümə gücü yüksəkdir (260 sm). Zoğlarının yetişmə dərəcəsi 82,6% təşkil edir. Çiçəklərinin tökülməsi orta səviyyədə olub, salxımlarında noxudlaşmış gilələr demək olar ki, yoxdur.
Sort oidium, antraknoz xəstəlikləri və salxım yarpaqbükəni zərərvericiləri ilə orta səviyyədə sirayətlənir, boz çürümə xəstəliyinə isə davamlılıq nümayiş etdirir. Sortun tənəklərinə Abşeron şəraitində qısa ştamblı, çoxqollu yelpik formasının verilməsi və orta hesabla 52 gözlə yüklənməsi məqsədəuyğundur.
Orta məhsuldar sortdur. Tənəyin bar əmsalı 0.8; salxımlarının orta kütləsi 322 qr; məhsuldarlığı 3.1 kq; hektardan məhsuldarlıq 70 s/ha təşkil edir.
Giləsində şəkərlilik 20-22 q/100 sm3, titrlənən turşuluq 3,5-4,2 q/dm3 arasında dəyişir. Sortun salxımları yüksək əmtəəlik dəyəri ilə seçilir.
Sort yerli əhəmiyyətlidir. Təzə halda və uzun müddət saxlanmağa olduqca yararlıdır. Abşeron yarımadasında və Kür-Araz ovalığı rayonlarında geniş becərilməsi perspektivlidir.