Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Üzümün emalı və şərabın texnologiyası, İnformasiya təminatı və elmi nəticələrin tətbiqi, Üzümün aqrotexnikası, Üzümçülük və tingçilik, Ampeloqrafiya, seleksiya və tinglik şöbələri, Üzümün saxlanılması, qurudulması və təkrar emalı, İnteqrir mübarizə texnologiyaları və Aqrokimya laboratoriyalarının əməkdaşları institutun təcrübə sahəsində üzüm tənəyi üçün vacib olan aqrotexniki işlər davam etdirilir. tənəklərdə vegetasiya dövründə əmələ gəlmiş haramı və bic zoğlar əksər hallarda qoparılaraq atılmalıdır. Əks halda onlar güclü inkişaf edərək əsas barlı zoğların qidasına şərik çıxır, çətirdə sıxlıq yaradır, nəticədə məhsul itkisinə səbəb olurlar. Ancaq bu zoğlar bəzi hallarda saxlanılmalıdır. Belə ki, haramı zoğlar, zədələnmiş, əyri inkişaf etmiş və ya qocalmış ştampları bərpa etmək üçün, bic zoğlar isə tənəyin əkildiyi birinci ili ona sürətli formavermə məqsədilə və yaşıl zoğlar güclü zədələndikdə onu bərpa etmək məqsədilə saxlanılır. Haramı və bic zoğların qoparılması, əsasən may ayında aparılır.
Tənəklərdə tətbiq olunan digər yaşıl budamadan biri də iyul ayının axırları, avqust ayının birinci yarısında aparılan budamadır. Bu budamada çox uzanmış bütün yaşıl zoğların ucları bağ qayçısı ilə kəsilərək atılır. Ucları kəsilmiş zoğlar tez odunlaşır (yetişir) və qış şaxtalarına davamlı olurlar.