Gilami sortu
Azərbaycanın qədim süfrə üzüm sortlarından biridir. Sort şərq qrupunun (convar orientalis subconvar antasiatica Negr.) yarımqrupuna aiddir.
Cavan zoğun tacı tünd-qırmızı, zoğun üzərindəki yarpaqlar isə parlaq-mis rəngindədir. Zoğun üzəri və yarpaqların alt səthi tüksüzdür. Yetişmiş birillik zoğlar yoğun və möhkəm olub, tünd-qəhvəyi rəngdədir.
Yarpaqları orta ölçüdə və iri (uzunluğu 17-22 sm, eni 16-19 sm), oval formada olub, 3-5 dilimlidir, beş künclüdür. Ayanın müstəvisi zəif dalğavari olub, üst səthi zəif qabarıqlı və tünd-yaşıl rəngdədir. Ayanın kəsikləri dayaz və ya orta dərinlikdədir. Yuxarı kəsikləri açıq, orta dərinlikdə, iti dibli liraşəkilli formada, yaxud oxvari və girintili bucaq şəklindədir. Aşağı kəsiklər açıq olub, iti dibli liraşəkilli və girintili bucaq şəklindədir. Saplaq oyuğu açıq, iti dibli tağşəkilli formadadır. Dilimlərin ucundakı dişciklər dəyirmi sonluqlu, tərəfləri zəif qabarıq üçbucaqşəkillidir, iridir. Ayanın kənarındakı dişciklər iri və mişarşəkillidir. Yarpağın alt səthi tüksüzdür. Saplağı uzundur.
Çiçəyi ikicinslidir. Salxımları iri olub (uzunluğu 19-28 sm, eni 12-16 sm) konusvari və şaxəli formada, orta sıxlıqda, yaxud seyrəkdir. Saplağı odunlaşmış, yoğun, möhkəm olub, açıq-yaşıl rəngdədir. Gilələri iri və ya çox iri, oval, ellipsvari, yaxud uzunsov olub, simmetrikdir. Tünd-bənövşəyi rəngdədir. Gilənin üzəri qalın mum təbəqəsi ilə örtülmüşdür.
Gilələri sentyabr ayının ikinci ongünlüyündə tam yetişir. Vegetasiya müddəti 152-158 gün davam edir. Tənəyi çox güclü inkişaf edir. Sort mildiu, oidium və boz çürümə xəstəliklərinə qarşı orta davamlıdır (tolerantdır). Salxımında noxudlaşmış gilələr azlıq təşkil edir.
Yüksək, yaxud çox yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 60-75%; bar əmsalı 0,95-1,17, salxımların orta kütləsi 250-560 qr, bir tənəyin orta məhsuldarlığı 8-14 kq arasında dəyişir.
Salxımlar mexaniki tərkibinə görə 72,01% şirədən, 7,0% daraqdan, 18,0% qabıq və lətin bərk qalıgından, 3,0% toxumdan ibarətdir. 100 gilənin kütləsi 400-440 qr, 100 toxumun kütləsi 3,8-4,2 qr, giləsində şəkərlilik 18-20 q/100 sm3, titrlənən turşuluq isə 5-7 q/dm3 arasında dəyişir. Salxım və gilələrinin xarici görünüşü gözəldir, gilələrinin dadı şirin, xoşagələndir.
Zoğların barlılıq əmsalı yüksəkdir. Bar zoğları hər üç növ (qısa, orta və uzun) kəsilməyə yararlıdır. Sorta suvarılan torpaqlarda çoxqollu (4-6 qollu) yelpik formasının verilməsi, bar zoğlarının 8-14 gözə kəsilərək, 50-58 gözcük yükünün verilməsi məsləhətdir. Çardaq sistemində budama zamanı bar zoğlarının 3-5 gözə kəsilməsi məqsədə müvafiqdir.