Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.
Sərgidə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun nəzdində hazırlanıb tədarük edilən məhsul və materialları da yer alib. Belə ki, yerli və introduksiya olunmuş müxtəlif üzüm sortlarından hazırlanan şərab çeşidləri, kişmiş sortları, üzüm sirkəsi, kampotu, mürəbbəsi, yarpağı, abqora və əkin üçün yararlı materiallar sərgilənib.
Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirib.
Bu il “Caspian Agro” sərgisi ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” mövzusunda konfrans keçirilib. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.