Nazirlər Kabineti 29 yanvar 2015-ci il tarixdə 2005-ci il 15 noyabrda təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ni yeni redaksiyada təsdiq edib və qərarda yeni aksiz dərəcələrinin 30 gün sonra, yəni martın 1-də qüvvəyə minəcəyi qeyd olunub.
Dəyişiklik spirtli içkilər, tütün, zinət əşyaları və yanacağın müxtəlif növlərinə (benzin və s.) aksiz vergisi tətbiq edilməsi barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanı ilə bağlıdır. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyasına əsasən 1 litr ölçü vahidi götürülməklə səməni pivəsi üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu üçün 2 manat, şampan şərabı üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 0,1 manat, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları üçün 2 manat, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları üçün 2 manat, denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı üçün 2 manat, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 6 manat, viski üçün 6 manat, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınanlar üçün 6 manat, cin və ardıc tinkturası üçün 6 manat, araq üçün 6 manat, likörlər üçün 6 manat, digər spirtli içkilər üçün 6 manat, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti üçün 2 manat aksiz dərəcələri tətbiq olunacaq.