Arna qırna (Hərnə qırna) sortu
Azərbaycanın Naxçıvan bölgəsinin qədim yerli üzüm sortlarından biridir. Sinonimləri Hərnə-qırna, Ala qora və s. Azərbaycanın, o cümlədən Naxçıvanın sənaye üzüm bağlarında geniş əkilib-becərilirdi. Vaxtilə Naxçıvan MR-nın Culfa rayonundakı üzüm bağlarının 40% Arna-qrna sortunun becərildiyi sahələr təşkil edirdi. Sort şərq süfrə üzüm sortları qrupuna (convar orientalis subconvar antasiatica Negr.) mənsubdur.
Yarpaqları orta ölçüdə (uzunluğu 17-20 sm, eni 15-19 sm), dəyirmi formada olub, ayanın kəsikləri zəifdir. Ayanın üst səthi tünd-yaşıl rəngdə olub, torşəkilli qırışıqlıdır (qabarıqlıdır). Aya qıfşəkilli-novşəkilli formadadır. Yuxarı kəsikləri iri görünən bucaqşəkilli, yaxud qayışşəkillidir. Aşağı kəsikləri də çox dayaz olub, girintili bucaqşəklindədir. Saplaq oyuğu açıq, iti dibli enli, yaxud dar tağşəkilli, bəzi hallarda isə iti dibli liraşəkilli formadadır. Dilimlərin ucundakı dişciklər iti uclu, tərəfləri zəif qabarıq, üçbucaqşəkilli olub, orta ölçüdədir. Kənar dişcikləri xırda, tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli və ucu itidir. Yarpağın alt səthi çılpaqdır.
Çiçəkləri funksional dişi çiçək tiplidir.
Salxımları iri (uzunluğu 18-24 sm, eni 11-13 sm), enli-konusvari, silindrik-konusvari, şaxəli yaxud qanadlı formada olub, seyrəkdir. Salxımların sıxlığı çiçəklərin mayalanmasından çox asılıdır. Gilələri orta və iri (uzunluğu 18-20 mm, eni 16-19 mm), simmetrik, dəyirmi formada olub, ağımtıl-yaşıl rəngdədir. Gilələr tam yetişdikdə, günəş düşən hissələr qızılı rəngə çevrilir. Qabığı qalın olub, üzəri qalın mum təbəqəsi liə örtülmüşdür. Ləti sərt olub, ətli-şirəli və zəif xırtıldayandır. Giləsi 1-2, yaxud 3 toxumludur.
Sort gecyetişəndir. Gilələrinin tam yetişməsi sentyabr ayının ortalarına və axırlarına təsadüf edir. Vegetasiya müddəti 164-174 gün davam edir. Tənəyi güclü boyatandır, zoğları yaxşı yetişir. Sort mildiu, oidium, boz çürümə xəstəliklərinə qarşı tolerantlıq (3,0-3,5 bal) və davamsızlıq (4-4,5 bal) nümayiş etdirir. Çiçəklərinin tökülməsi və gilələrin noxudlaşma miqdarı mayalanma prosesindən asılıdır. Təmiz Arna-qrna sortundan ibarət bağlarda tozlanma və mayalanma zəif getdiyindən çiçəklərin tökülməsi və noxudlaşma yüksək olur. Naxçıvan şəraitində Arna-qrna sortunun əy yaxşı tozlayıcıları Ağ Aldərə və Qara Aldərə sortlarıdır.
Ağ kürdəşi və Ağ Aldərə sortları ilə müqayisədə Arna-qrna quraqlığa nisbətən davamlıdır.
Yüksəkməhsuldar sortdur. Barlı zoğların miqdarı 43,5-68,6%; bar əmsalı 0,54-0,95; salxımların orta kütləsi 268,0-460,0 qr; tənəyin məhsuldarlığı 4,8-6,6 kq; hektardan məhsuldarlıq 100-130 s/ha arasında dəyişir.
Giləsində şəkərlilik 19,8-23,4 q/100 sm3, titrlənən turşuluq 5,1-6,0 q/dm3-dir. Salxımları 80,5% şirədən, 5,5% daraqdan, 12,1% qabıq və lətin qalığından, 1,3% toxumdan ibarətdir. 100 gilənin kütləsi 250-284 qr, 100 toxumun kütləsi 3,6 qr-dır.
Arna-qrna universal sortdur, yüksək keyfiyyətli, nəqliyyata və uzun müddət saxlanmaya davamlı üzüm sortudur. Sortun salxımlarının xarici görünüşü, əmtəəlik dəyəri və orqanoleptik xüsusiyyətləri yüksəkdir.
Arna-qrna sortuna çoxqollu (4-5 ədəd) yelpik formasının və 38-50 gözcük yükünün verilməsi məsləhətdir (Naxçıvan bölgəsi istisna olmaqla)
Arna-qrna sortu respublikamızın sort standartlarına daxil edilərək, Naxçıvan, Qarabağ-Mil, Şirvan, Gəncə-Qazax bölgələrində becərilməsi perspektivli sayılır.