Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Aqrokimya laboratoriyasının" əməkdaşları tərəfindən tematik mövzu planına uyğun olaraq tədqiqat işləri davam etdirilir. Üzüm sortlarının kəmiyyət və keyfiyyət göstəricilərinə müxtəlif növ gübrələrin təsirinin öyrənilməsi işləri davam etdirilir. Gübrələrin optimal miqdarını müəyyən etmək məqsədilə metodikaya uyğun olaraq onlar, təcrübə sahəsinin torpaqlarının fiziki-kimyəvi göstəriciləri nəzərə alınmaqla müxtəlif variantlarda tətbiq olunmuşdur. Gübrələr verilməmişdən qabaq təcrübə sahəsinin torpaq analizi aparılmış və saturasiya cədvəlinə uyğun olaraq tətbiq edilmişdir.
Qeyd edək ki, hər vegetasiya dövrü başa çatdıqda üzüm tənəyinin orqanları torpaqdan müvafiq qaydada özü ilə müxtəlif miqdarda qida maddələri çıxarır. Orqanların özü ilə çıxardığı qida maddələri tənəyin yaşıl hissəsinin miqdarından və məhsuldarlıqdan asılı olaraq dəyişilir. Üzümçülüyə dair tədqiqatlardan məlum olur ki, üzüm tənəyinin ayrı-ayrı orqanları vegetasiya müddətində torpaqdan xeyli miqdarda qida maddələri çıxarır. Belə ki, 1 ha torpaqdan üzüm salxımlarla 14,3 kq azot, 4,3 kq fosfor, 18,6 kq kalium, yaşıl budamada kənarlaşdırılan yaşıl zoğlarla 4,9 kq azot, 1,5 kq fosfor, 6,4 kq kalium, quru budama zamanı kəsilən birillik zoğlarla 9,3 kq azot, 4,5 kq fosfor, 13,3 kq kalium, payızda tökülən yarpaqlarla 47 kq azot, 16,5 fosfor, 38 kq kalium (cəmi 75,5 kq azot, 26,8 kq fosfor, 76,3 kq kalium) çıxarır. Tənəyin orqanlarının torpaqdan çıxardığı qida maddələrinin miqdarı ərazinin iqlim-torpaq şəraitindən, tədbiq olunan aqrotexnikadan və məhsuldarlıqdan asılı olaraq hər il dəyişilir. Yarpaqlar torpağa verilən və torpaqda olan maddələrin hər birindən ən çox mənimsəyən yarpaqlardır. Gübrələr torpağı üzüm bitkisinə lazım olan qida elementləri ilə zənginləşdirir. Üzüm bitkisinin qidalanma şəraitini nizamlamaqla nəinki onun məhsuldarlığını, həm də kolların böyümə gücünü artırmaq, alınan məhsulun keyfiyyətini yaxşılaşdırmaq mümkündür. Üzüm bitkisi nəinki az, hətta münbit torpaqlarda belə gübrə verilməsinə çox həssasdır. Gübrə əlverişli olmayan şəraitdə qış şaxtalarına, xəstəliklərə qarşı tənəyin davamlılığının artmasını və onun daha sağlam, uzunömürlü olmasını təmin edir. Mineral gübrələr üzümlüklərin becərilmə şəraitindən, gübrələrin xüsusiyyətlərindən asılı olaraq payızda yaxud yazın əvvəllərində verilir. Gübrələrin verilmə vaxtı və verilmə dozası birbaşa bol və keyfiyyətli məhsulun alınmasına təsir edir. Gübrələrin verilmə qaydası müxtəlifdir. Bunu fermerlərimiz bilməlidirlər. Gübrələrin verilmə qaydası üzüm bağının sahəsindən, torpaq-iqlim şəraitindən, becərmə texnologiyasından, gübrənin növündən, torpaq xüsusiyyətlərindən və s. əhəmiyyətli dərəcədə asılıdır. Gübrələr əsasən daban və ya dib gübrələməsi, suvarma suyuna qatılaraq verilən (damcıvari suya, arx üsulu və s.), cərgəarası və cərgəyə (şırım və ya tənəyin ətrafına) verməklə, yarpaq gübrələməsi (kökdənkənar), hidroponik şəraitdə gübrələrin tətbiqi yolları ilə verilir. Bu qaydaların hamısının özünəməxsus xüsusiyyətləri vardır. Üzümlüklərə veriləcək mineral gübrələrin normaları tənəyin yükündən, tənəyin asan mənimsəyə biləcəyi qida maddələrinin torpaqda olan miqdarından, tənəklərin vəziyyətindən və aqrotexnikanın səviyyəsindən asılıdır. Torpaqda bitkilər tərəfindən mənimsənilə bilən şəkildə qida elementləri nə qədər çox olarsa, ona o qədər az gübrə verilməli və əksinə torpaqda qida elementlərinin miqdarı az olduqca ona verilən gübrə norması artırılmalıdır.
Tədqiqatlarla müəyyən edilmişdir ki, üzvü və mineral gübrələrin üzümlüklərə çox güclü təsiri var. Gübrənin fəaliyyətdə olan tənək köklərindən əsas kütləsinin yayıldığı zonasına verilməsi daha səmərəlidir. Çünki bu zonada gübrə ilə köklər arasında təmas əmələ gəlir və vegetasiya dövrü ərzində kifayət qədər rütubət saxlanır. Gübrənin verilməsi yüksək və keyfiyyətli məhsulun alınmasını, tənəyin xəstəlik və zərərvericilərə davamlılığını yüksəlməsini təmin edir. Torpaqda zərərli maddələrin toplanmasının və gübrələrə əlavə xərcin çəkilməsininin qarşısını alır, səmərəli istifadəsini təmin edir (iqtisadi və ekoloji təsir); Bitkilərin ehtiyacından az gübrənin verilməsi inkişafı zəiflədir, məhsuldarlığı və keyfiyyəti aşağı salır; Həddən çox verilən gübrə torpaqda olan qida maddələri arasında balansı pozmaqla barabər, torpaqda artan bir elementin miqdarı digərinin mənimsənilməsinə mənfi təsir edir və qida çatışmazlığı xəstəliklərinə səbəb olur.