Ağ Dərbəndi sortu
Azərbaycanın ən qədim süfrə üzüm sortlarındandır. Sort şərq süfrə sortları yarımqrupuna (convar orientalis subconvar antasiatica Negr.) mənsubdur.
Yarpaqları iri və çox iri (uzunluğu 18-24 sm, eni 14-20 sm), oval, yumurtavari formada olub, müstəvisi dalğavaridir. Üst səthi hamar olub, tünd-yaşıl rəngdədir. Kəsikləri dərin olub, yuxarı kəsikləri açıq, yaxud bağlı, liraşəkilli və ya ellipsvari formadadır. Aşağı kəsikləri də açıq və ya bağlı olub, tərəfləri paralel liraşəkilli və ya ellipsvari formadadır. Saplaq oyuğu açıq və ya bağlı, bir və ya iki dişcikli olub, liraşəkilli, ellipsvari, yaxud tağşəkilli formadadır. Dilimlərin ucundakı dişciklər iti uclu, çox iri, uzun üçbucaqşəkillidir. Kənar dişciklər də iri, uzun, iti uclu, tərəfləri nisbətən qabarıq üçbucaqşəkillidir.
Çiçəkləri ikicinslidir, salxımları iri və çox iri ölçüdə (uzunluğu 18-27 sm, eni 12-16 sm), konusvari, enli-konusvari, tək–tək hallarda silindrik formada olub, seyrək, orta sıxlıqda və sıxdır. Gilələri iri və çox iri (uzunluğu 20-28 mm, eni 15-18 mm), uzunsov formada, simmetrik, ağ, tam yetişdikdə qızılı, yaxud açıq-çəhrayı rəngdə olur. Qabığı qalın və elastik olub, üzəri mum təbəqəsi ilə örtülmüşdür. Ləti sıx, xırtıldayan olub, kifayət qədər şirəlidir. Dadı xoşagələn və harmonikdir. Giləsində 2-4 toxum vardır.
Abşeron şəraitində vegetasiya müddəti 152-156 gün arasında dəyişir. Gilələri sentyabr ayının II ongünlüyündə tam yetişir. Tənəklərinin böyümə gücü yüksəkdir (218,6 sm). Zoğları yaxşı (78-88%) yetişir. Sort Abşeron şəraitində oidium və boz çürümə xəstəliyinə qarşı davamsızlıq (4 bal) nümayiş etdirir. Çiçəkləri orta səviyyədə və çox (46,5-78,2%) tökülür. Salxımlarında noxudlaşmış gilələr azlıq təşkil edir.
Çox yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 76,0%; salxımların sayı 28 ədəd; bar əmsalı 0,60; məhsuldarlıq əmsalı 0,8-dir. Sal-xımların orta kütləsi 180,6-362,0 qr, kolun məhsuldarlığı 5,0-10,0 kq, hektar¬dan məhsuldarlıq 111,0-222,2 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17,0-19,2 q/100 sm3, titrlənən turşuluq 3,62-5,12 q/dm3 arasında dəyişir.
Sort qüvvətli boyatandır. Zoğlarının ilk 3-5 gözcüyü az məhsuldar oldu-ğuna və barlı tumurcuqların əsasən 5-10 gözcüklər arasında yerləşdlyini nəzərə alaraq, budama zamanı bar zoğlarnın uzun kəsilməsi məqsədəmüvafiqdir. Sortun kordon, yelpik və çardaq sistemində yetişdirilməsi, tənəyinə əsasən çox-qollu (4-5 qollu) yelpik formasının verilməsi və bar zoğlarını uzun kəsməklə, 42-56 gözcük yükünün verilməsi məqsədəuyğundur. Azərbaycanda çardaq və talvar sistemi ilə ən çox yetişdirilən sortlardan biridir. Bu sistemdə yelpik və kordon formasındakı kimi budama aparmaq olar. Zoğdakı aşağıdakı gözcük-lərin az barlı olmasına baxmayaraq, uzun illər qısa budama (3-5 gözcük) aparıldıqda, uyğunlaşma nəticəsində aşağı gözcüklərin barlılıq xüsusiyyəti artır və qənaətbəxş məhsul verir.
Sortun salxım və gilələrinin xarici görünüşü gözəldi. Təzə halda istifadəyə yararlıdır. Sort Abşeron və Gəncə-Qazax bölgələri üçün perspektivlidir.