Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir.
Üzümçülükdə ekoloji təmiz məhsul istehsalı ilə əlaqədar bioloji mübarizə mühüm əhəmiyyət kəsb edir. Bioloji mübarizədə feromon tələlərin rolu böyükdür. Feromon tələlər zərərvericilərin məhv edilməsində və mübarizə vaxtının təyin edilməsində əvəzsizdir.
Feromon tələlərin tətbiqi salxım yarpaqbükəninə qarşı mübarizənin səmərəliliyini artırır.
Hazırda bitkiçilikdə, bağçılıqda, o cümlədən üzümçülükdə xəstəlik və zərərvericilərə qarşı müxtəlif mübarizə üsulları tətbiq edilir. Xəstəlik və zərərvericilərə qarşı mübarizənin səmərəli olması üçün zərərverici və patogenlərin inkişafa başlaması və zərərvermə mərhələsinə keçid barədə erkən xəbardarlıq sistemlərinin formalaşdırılması olduqca vacibdir. Zərərvericilərə qarşı istifadə edilən bioloji mübarizə üsullarından olan feromen tələlərdən həm də erkən xəbardarlıq əldə olunması vasitəsi kimi istifadə edilə bilir. Belə ki, üzümdə təhlükəli zərərvericilərdən olan salxım yarpaqbükəninin yetkin fərdlərinin (kəpənəklərin) uçuşunu təyin edilməsi, onların sürfələrinin ziyanvermə dövrünü aşkar etməyə və kimyəvi mübarizəni vaxtında tətbiq etməyə zəmin yaradır.
Belə ki, ÜŞETİ-nin Abşeron Yardımçı Təcrübə sahəsindəki üzüm bağında salxım yarpaqbükəninə qarşı 17 aprel 2024-cü il tarixdə qurulmuş tələlərə baxış zamanı bir gecədə bir neçə kəpənəyin düşdüyünü müşahidə elədik. Əgər bir tələyə bir gecə ərzində 2-5 ədəd kəpənək düşürsə, deməli salxım yarpaqbükəninə qarşı kimyəvi mübarizəyə hazırlaşmaq lazımdır. I nəsil kəpənəklərinin pupdan çıxıb yumurta qoyması üçün 12-14 gün, II və III nəsillər üçün isə 8-10 gün vaxt lazımdır. Temperaturdan asılı olaraq 1-2 gün kənaraçıxmalar da ola bilər.
Feromon tələlərə görə kimyəvi çiləmənin vaxtını daha dəqiq təyin etmək üçün tələdə kəpənəklər hər gün sayılır və kəpənəklərin sayının artıq artmadığı gün təyin edilir. Deməli, həmin vaxt kəpənəklərin kütləvi uçuşu artıq başa çatmışdır və yumurta qoyma mərhələsi başlamışdır. Yumurtalardan bir neçə gün sonra salxım yarpaqbükəninin sürfələri çıxıb zərər verməyə başlayacaqdır. Sürfələri yumurtadan çıxan vaxt məhv etmək lazımdır.
Üzümçü fermerlərə tövsiyə edirik ki, feromon tələlər tətbiq etməklə zərərvericiyə qarşı mübarizə vaxtını təyin etsinlər.
Bölgə və rayonlardan asılı olaraq zərərvericilərin inkişafa başlaması və zərərvermə vaxtı müxtəlif olur. Fermerlərimiz bunu nəzərə almalıdır. Quru və isti hava şəraiti bir çox zərərvericilərin, o cümlədən salxım yarpaqbükəni üçün əlverişlidir. Bu şəraitdə onun inkişafı intensivləşir, hətta 4-cü nəsli də meydana çıxır. Soyuq yağışlı havalar isə zərərvericilərin inkişafını ləngidir.