Azərbaycanın süfrə üzüm sortlarındandır. Sort şərq süfrə sortları yarımqrupuna (convar orientalis subconvar antasiatica Negr.) mənsubdur.
Yarpaqları iri (uzunluğu 18-22 sm, eni 14-19 sm), beşdilimli, nisbətən uzunsov (yumurtavari) formada olub, alt səthi tüklüdür. Kəsikləri dərin olub, yumurtaşəkilli yaxud üçbucaqşəkillidir. Saplaq oyuğu açıq, yaxud bağlı olub, ellipsvari yaxud liraşəkillidir. Dilimlərin ucundakı dişciklərin əsası enli, ucu iti üçbucaqşəkillidir. Kənar dişciklər iti uclu, əsası enli üçbucaqşəkilli-mişarvaridir.
Salxımları orta ölçüdə və iri (uzunluğu 16-24 sm, eni 12-18 sm), enli konusvari, şaxəli formada olub, seyrəkdir. Gilələri orta ölçüdə və iri (uzunluğu 18-22 mm, eni 13-16 mm), uzunsov-yumurtaşəkilli olub, ağ, tam yetişdikdə isə tünd-çəhrayı rəngdə olur. Qabığı orta qalınlıqda və elastikdir. Ləti sıx, ətvari və xırtıldayandır. Dadı xoşagələn və harmonikdir.
Abşeron şəraitində vegetasiya müddəti 168-175 gün arasında davam edir. Gilələri oktyabr ayının əvvəllərində tam yetişir. Tənəklərin böyümə gücü yüksəkdir (225,6 sm). Zoğları yaxşı yetişir (86,6%). Çiçəkləri orta səviyyədə tökülür (52,5-60,6%). Salxımlarında noxudlaşmış gilələri azlıq təşkil edir.
Sort Abşeron şəraitində oidium xəstəliyinə qarşı davamsızlıq (4 bal), boz çürümə xəstəliyinə qarşı isə tolerantlıq (3-3,5 bal) nümayiş etdirir.
Orta, yaxud yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 50,0%; salxımların miqdarı 23 ədəd; bar əmsalı 0,64; məhsuldarlıq əmsalı 1,28; salxımın orta kütləsi 155,0 qr-dır. Kolun məhsuldarlığı 3,5 kq, hektardan məhsuldarlıq 77,8 s/ha-dır. Giləsində şəkərlilik 18,7 q/100 sm³, titrlənən turşuluq 4,0 q/dm³-dir.
Sortun yelpik və çardaq sistemində yetişdirilməsi, tənəyinə çoxqollu (3-5 qollu) yelpik formasının verilməsi və bar zoğlarının qısa, orta və uzun kəsməklə, 38-46 gözcük yükünün verilməsi məqsədəuyğundur.
Sort yüksək dad keyfiyyətinə malikdir. Salxım və gilələrinin əmtəəlik keyfiyyəti və orqanoleptik xüsusiyyətləri yüksəkdir. Təzə halda istifadəyə olduqca yararlıdır. Sortun şirə çıxımı yüksək olduğundan ondan şirə, şərbət və doşab da hazırlanır. Abşeron bölgəsində əkilib becərilməsi məqsədəuyğundur.